FHN “Quba Palace”da təlim keçirdi - Video

fhn-quba-palaceda-telim-kecirdi
Oxunma sayı: 274

Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Quba rayonunda yerləşən “Quba Palace” hotelində təlim keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, “Mehmanxanaların yanğın təhlükəsizliyi” mövzusunda keçirilən və FHN-in Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti və Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Şimal Regional Mərkəzinin müvafiq canlı qüvvə və texnikalarının cəlb edildiyi təlimin keçirilməsində məqsəd hotelin işçi heyətinə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması olub.

Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən hotel kollektivinə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər, hotellərdə baş verə bilən yanğınlar zamanı davranış qaydaları və təxliyə barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş etdirilib.

Sonra təlimin praktiki hissəsinə start verilib.

Belə ki, şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğın-xilasetmə qüvvələri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Həmçinin, şərti yanğın baş vermiş mehmanxanada təxliyə planına uyğun olaraq, “zərərçəkmişlərin” təhlükəsiz yerə təxliyəsi həyata keçirilib və “yanğın” qısa müddətdə söndürülüb.

Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Qeyd edək ki, bu kimi tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq təşkil edilir.