Fransada seçki qalmaqalı - Rusiya ilə bağlı təhqiqata başladılar

fransada-secki-qalmaqali
Oxunma sayı: 373

Paris prokurorluğu Fransada 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizədlərə qarşı yönəlmiş Rusiya mənşəli dezinformasiya kampaniyası iddiaları üzrə təhqiqata başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə prokurorluğun rəsmi bəyanatında bildirilib.

Məlumata görə, təhqiqat prezidentlik yarışına qoşulan keçmiş baş nazirlər Eduar Filipp və Qabriel Attala qarşı sosial şəbəkələrdə Fransa mediası adından yayılan saxta videomateriallar və məqalələrlə bağlıdır.

Analoji kampaniya ilə əlaqədar mərkəz-solçu siyasətçi Rafael Qlüksmala bağlı da ayrıca təhqiqat aparılır. Qlüksman hələ ki namizədliyini rəsmən elan etməsə də, növbəti seçkilərdə prezidentliyə potensial namizədlərdən biri hesab olunur.

Fransa mediasının məlumatına görə, “X” sosial şəbəkəsində yayılan materiallarda Q. Attalın Parkinson xəstəliyindən əziyyət çəkdiyi, E. Filippin isə ağır xəstə olduğu iddia edilib. R. Qlüksmala qarşı isə onun həyat yoldaşı, teleaparıcı Lea Salame haqqında yalan məlumatlar tirajlanıb.

Fransanın xarici rəqəmsal müdaxilələrə qarşı mübarizə xidməti “Viginum” Attala qarşı aparılan bu dezinformasiya hücumunu yüksək ehtimalla Rusiyameylli “Matryoshka” şəbəkəsi ilə əlaqələndirib.