Gəncədə “Kəpəz”in futbolçusu Veysəl Rzayevi bıçaqlayan şəxs tutulub.
Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, ötən gün saat 05 radələrində 2002-ci il təvəllüdlü Veysəl Mehman oğlu Rzayevi Gəncə şəhəri, M. Bağırov küçəsində kəsici alətlə bir dəfə zərbə vuraraq ona döş qəfəsinin arxa divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarətini yetirmiş şəxsin kimliyi müəyyənləşib.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsi İnzibati Təcrübə İdarəetməsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaqı aparılır.
Qeyd edək ki, Akademik Z.Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan V.Rzayevin vəziyyəti orta-ağır qiymətləndirilir.
Son xəbərlər
Son Xəbərlər