“Günəş tutuldu” dedilər, nəzər saldım camalına… - Fotolar - Video

gunes-tutuldu-dediler-nezer-saldim-camalina
Oxunma sayı: 217

Avropanın bəzi bölgələrində nadir astronomik hadisə müşahidə olunub. Tam Günəş tutulması milyonlarla insanı İslandiya və İspaniyada küçələrə, müşahidə məntəqələrinə və sahillərə çıxarıb.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə Ayın Günəşlə Yer arasına keçərək Günəşin diskini tamamilə örtməsi ilə baş verib.

Təbiət hadisəsi Bakı vaxtı ilə saat 19:34-dən 23:57-dək davam edib. Tutulma hadisəsi təxminən 4 saat 24 dəqiqə davam edib. Tutulmanın maksimumu saat 21:46-ya təsadüf edib. Mərkəzi tutulma saat 20:57-də başlayıb və saat 22:30-da başa çatıb. Tam tutulma maksimum 2 dəqiqə 18 saniyə davam edib.

Tam tutulmanın müşahidə olunduğu ərazilərdə gündüz vaxtı səma qaranlığa bürünüb və Ayın kölgəsi ətrafı əhatə edib.

Tutulma xüsusilə İspaniyada böyük maraqla qarşılanıb. Ölkənin materik hissəsində bu, 1905-ci ildən bəri ilk tam Günəş tutulması olub.

İspaniyanın müxtəlif şəhərlərində insanlar xüsusi qoruyucu eynəklərlə səmanı izləyib. Bəzi müşahidə məntəqələrində tutulmanın tam mərhələsinə çatması alqışlarla qarşılanıb.

İslandiyada da minlərlə insan nadir səma hadisəsini izləmək üçün müxtəlif bölgələrə toplaşıb.

Tam tutulma zolağından kənarda qalan ərazilərdə isə Günəş tutulması qismən müşahidə olunub.

Məlumata görə, Berlində Günəşin təxminən 85 faizi, Parisdə isə 92 faizi Ay tərəfindən örtülüb. Londonda və Avropanın digər şəhərlərində də insanlar xüsusi eynəklərdən istifadə edərək hadisəni izləyiblər.

ABŞ-nin bəzi bölgələrində də qismən tutulma müşahidə olunub. Nyu-Yorkda Günəşin təxminən 9 faizi, Filadelfiyada isə 7 faizi örtülüb.

Astronomiya həvəskarları növbəti möhtəşəm hadisə üçün uzun müddət gözləməli olmayacaq. 2 avqust 2027-ci ildə tam Günəş tutulması Cənubi İspaniya, Şimali Afrika, Səudiyyə Ərəbistanı və Yəmən ərazilərindən müşahidə ediləcək.

Bu tutulmanın ən diqqətçəkən xüsusiyyətlərindən biri tamlıq mərhələsinin 6 dəqiqədən çox davam etməsi olacaq.

ABŞ-də isə tam Günəş tutulmasını görmək üçün daha uzun gözləmək lazım gələcək. Ölkədə növbəti tam tutulma 22 avqust 2044-cü ildə baş verəcək və tamlıq, əsasən, Şimali Dakota və Montana ştatlarında müşahidə olunacaq.