Gürcüstan Azərbaycana uçuşları dayandırmayıb

gurcustan-azerbaycana-ucuslari-dayandirmayib
Oxunma sayı: 1313

“Bu mərhələdə Gürcüstan digər ölkələrlə uçuşları ləğv etmək niyyətində deyil, yalnız İran və Çinlə uçuşlar dayandırılır”.

“Qafqazinfo”nun “Sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Gürcüstan İqtisadiyyat Nazirliyinin Mülki Aviasiya Agentliyinin nümayəndəsi Levan Karsanadze söyləyib.

“Bu mərhələdə başqa bir ölkəyə münasibətdə uçuşların dayandırılması ilə bağlı hər hansı bir qərar yoxdur. Nəticə hansısa bir ölkədə epidemioloji vəziyyətin necə inkişaf etməsindən asılı olacaq. Qərar Gürcüstan hökumətləri tərəfindən idarələrarası koordinasiya şurasının tövsiyələri əsasında qəbul edilir. Hələ ki, başqa ölkələrdən söhbət getmir”, -deyə Karsanadze bildirib.

Onun sözlərinə görə, bütün sərnişinlər hava limanında yoxlanılır və şübhəli simptomlar varsa, xəstəxanaya yerləşdirilirlər.

Xatırladaq ki, ötən gün Gürcüstanda koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, adı açıqlanmayan 50 yaşlı şəxs bir gün əvvəl İrandan Azərbaycan vasitəsilə Tbilisiyə gedən Gürcüstan vətəndaşıdır.

Koronavirusun yayılmasının qarşısını almaq üçün Gürcüstan hökuməti iki həftə ərzində Gürcüstan və İran arasında quru yolla hərəkəti qadağan etmək qərarına gəlib.