Bir gün gedəcəm demişdim, Bakı,
Salam, mən gedirəm...
Belə acıqlı baxma,
Səndə neçə sevdiklərimi qoyub,
Onlara da mənim kimi bax, Bakı,
Onlar da gəlsin ardımca- deyirəm.
Görürsən, Bakı, sənə bənzəmişəm,
İlahi, nə qədər eqoistəm.
Onlar mənsiz də təki yaxşı olsunlar yox,
Onlar da gəlsin ki, mən yaxşı olum-deyirəm.
Əslində bütün qəzəbli sözlər,
Bütün yağdırdığım nifrətlər,
Bütün qoca qarı kimi deyinməklərim,
Sənə deyildi, sahiblərinə idi.
Bilirsən, Bakı.
Amma günah səndə idi,
Gəlininə gün verib-işıq verməyən anasının
Haqsızlığına susan ər kimisən.
Səni özlərinə sərf edən kimi tərbiyə etmişdilər.
Sənə də yazığım gəlir,
Mən səndən gedirəm,
Bəs sən onlardan hara gedəsən?
Amma sən elə onlara layiqsən.
Çünki, çünki qorxaqsan, Bakı!
Cəsarətsizsən!
Doğrudur mən elə qaçmağı bilirəm,
Mən də gücsüzəm.
Səni sahiblənə bilmədim,
Ya da sahibləndikcə sən onu sevən qadının
Heç vaxt tərk etməyəcəyini sanan kişilər kimi arxayın,
Nə qədər çox əzab versəm o qədər sevəcək deyə düşündün.
Halbuki o qədər demişdim sənə,
Demişdim ki, mən özümü tanıyıram,
Bir yerdən sonra çönüb gedərəm.
Düzdür günah məndədir ki, mən səni yiyələnmədim.
Amma heç sən də qucaqlamadın ki, məni,
Hər gün dəyişdin,
Hər gün bir az itirdin səmimiyyətini.
Mən də hər gün bir az daha çox uzaqlaşdım səndən,
Amma kişi kimi desəm, kədərliyəm biləsən...
Bu sənə təsəlli deyil,
Onsuz nə vecinə, mən
Və ya hər gedən?
Sən, səni incidənləri sevirsən!
İnsanlarının xislətinə çəkmisən.
Elə bilirsən asandır?
Elə bilirsən, hər əziyyətin, hər sevincin,
hər durğunluğuna çönüb demək asandır ki,
Gəlmişəm deyim ki,
Salam, mən gedirəm?
Yox, Bakı, mən səni sevirəm... !
Elə qəzəbli süzdürmə boz-mavi gözlərini...
Həmişə belə idin,
Bəlkə də sən də sevirdin,
Amma mənə heç gülümsəmədin ki, səndə qalam.
Ordan baxanda vəfasız, xəyanətkar kimi görünürəm, bilirəm.
Amma biz heç münasibət qura bilmədik ki, səninlə,
Səni də tərk etməyəm.
Mən ağ deyəndə, qara deyirdin,
Bacardıqca məndən uzağa, deyirdin.
Kim-kimə yaraşmırdı görəsən?
Yox-yox, Xəzərinə söylədiyim köhnə dərdləri indi ləpələtmirəm.
Hamısı keçmişdə qaldı.
Başqa dənizlərdə yeni şəmslər doğacaq,
Parıltılı ləpələrə gözəl sözlər yazacağam.
Qağayılar dimdiyinə alıb,
Tanrıya xoşbəxtliyimdən pay aparacaq,
Təşəkkürüm kimi.
Unutdum bütün naqislikləri,
Mən də nankorluq etmək istəmirəm,
Gəl barışaq.
Həmişə uzanılı qalan,
Heç vaxt tutmadığın əlimi sıx.
Qorxma,
Daha demirəm məni sev, Bakı,
Qucaqla, ayrılmayaq.
Yox.
Gəlmişəm deyəm ki,
Salam, mən gedirəm...
Son xəbərlər
Son Xəbərlər