“Heç birisi bilmir niyə ağlayır...”- - Ramiz Rövşən

hec-birisi-bilmir-niye-aglayir-
Oxunma sayı: 3959


Bu güzgüyə bir vaxt qoşa baxardıq,-

bu güzgüdə yerin indi boş qalıb.

Bəlkə səndən bu güzgünün canında

dodaq qalıb, kirpik qalıb, qaş qalıb?


Göz yaşların canındadı, bəlkə də

damla-damla əriyəcək bu güzgü.

Bir gün sənin ayağınla dünyada

ayaq açıb yeriyəcək bu güzgü. 


Bəlkə, səni axtaracaq, gəzəcək

milyon-milyon adamların içində.

Görən kimi tanıyacaq üzünü

ən qaranlıq axşamların içində.


Qaçacaqsan bu güzgünün əlindən,

Dönəcəksən o döngəyə, bu tinə.

Adamları, maşınları, evləri

Atacaqsan bu güzgünün cənginə.


Yenə, yenə doymayacaq bu güzgü,

bir şəhəri udub, udub gələcək.

Səni gözdən qoymayacaq bu güzgü,

yeri-göyü tutub, tutub gələcək.


Sən qaçdıqca yellənəcək saçların,

Bu güzgüyə pay düşəcək saçından.

İpək donun yelləndikcə güzgüyə,

Pay düşəcək ətəyinin ucundan.


Qaçıb-qaçıb özünü yoracaqsan,

Qəfil birdən görəcəksən o daşı.

Bu güzgünü daş atıb qıracaqsan,

Bu güzgüdən dağılacaq göz yaşın.


Hər tikəsi qayıq təki üzəcək,-

dörd tərəfi göz yaşınla dolunca.

Bu güzgünün bəlkə hər tikəsindən

dodaqların çığıracaq dalınca.


 ...Bu da belə bir nağıldı yalandan,

Sən ki, yoxsan, getdiyin o gedəndi.

Bu güzgü də yerindədi, yerində,

Bu güzgü də yenə sağdı, bütövdü.


Sınan güzgü axı bir də calanmaz,-

bəlkə Tanrı özü görüb bu işi?!

Bu güzgünün hər tikəsi bəlkə də,

damla-damla göz yaşınla bitişib.


Bəlkə səndən bu güzgünün canında

  dodaq qalıb, kirpik qalıb, qaş qalıb.

Göz yaşların canındadı hələ də,

    göz yaşların qurumayıb, yaş qalıb.


Bu güzgüdən gəlib keçir xanımlar,

Özlərinə baxıb-baxıb keçirlər.

Dodağından dodaqları rəng alır,

Kirpiyindən kirpik taxıb keçirlər.


Göz yaşınla dolur, dolur gözləri,

Baxır yerə, baxır göyə ağlayır.

Bu nə dərddi-heç bilmirlər özləri,

Heç birisi bilmir niyə ağlayır...