“Bütün bu şanlı tarixi Azərbaycan xalqı öz qanı ilə, öz gücü ilə yazmışdır. Biz həm Vətən müharibəsi dövründə, həm ondan sonrakı dövr ərzində, antiterror əməliyyatı zamanı və ondan sonra düşməni məcbur etdik ki, Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal etdiyi 4 kəndini bizə qaytarsın, bu, öz xoşu ilə olmayıb”.
“Qafqazinfo”nun məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciətində deyib.
Dövlət başçısı qeyd edib ki, bunun üçün heç bir güc tətbiq edilməyib: “Ancaq ona ehtiyac da qalmadı. İkinci Qarabağ müharibəsinin, antiterror əməliyyatının nəticələri hesab edirəm ki, Ermənistanın bu günə qədər düzgün addımlar atması üçün kifayətdir. Ancaq bir məsələ var, onu da biz unutmamalıyıq ki, bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər və mən dəfələrlə həm rəsmi çıxışlarımda, həm təmaslar əsnasında Ermənistan tərəfinə izah etməyə çalışırdım ki, bundan uzaq dursunlar, o fitnəyə getməsinlər”.
“Öz maraqlarını təmin etmək üçün, onların dostları sayılan bəzi Qərb dövlətləri onları qurban verməyə hazırdırlar ki, yenə də Cənubi Qafqazda ara qarışsın, yenə də qan tökülsün, yenə də onlar bulanıq suda balıq tuta bilsinlər. Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır, mən dəfələrlə bunu demişəm və onlar bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır. Hələ ki, gec deyil, bundan əl çəksinlər, onlar heç vaxt bizimlə rəqabət aparmaq gücündə olmayacaqlar. Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq, ərazi bütövlüyümüzü təmin etdik, dövlət suverenliyimizi təmin etdik. Bütün sərhədlərdə ərazi bütövlüyü təmin edilir və keçmiş məcburi köçkünlər, qaçqınlar öz dədə-baba torpaqlarına qayıdırlar”, - Prezident əlavə edib.