Həmin gün ən çox bu mahnını dinlədilər - Video

hemin-gun-en-cox-bu-mahnini-dinlediler
Oxunma sayı: 403

Bu həftə baş verən Günəş tutulması zamanı milyonlarla insan göyə baxarkən eyni mahnıya qulaq asıb.

“Qafqazinfo” xəbər verir ki, uelsli müğənni Bonni Taylerin məşhur “Total Eclipse of the Heart” (“Ürəyin tam tutulması”) mahnısının dinlənmə sayı tutulma günü dünya üzrə əhəmiyyətli dərəcədə artıb.

Yeni “Spotify” məlumatlarına görə, mahnının dinlənmələri 12 avqustda 1-11 avqust tarixlərindəki gündəlik orta göstərici ilə müqayisədə dünya üzrə 14 faiz artıb. Böyük Britaniyada isə mahnının dinlənmə sayı 94 faiz yüksəlib.

Günəş tutulması zamanı digər kosmos və tutulma mövzulu mahnılara da maraq artıb. Evolfonun “Moon Eclipsed the Sun” mahnısının dinlənmə sayı 1251 faiz, Kris Steyplsin “Dark Side of the Moon” mahnısının dinlənməsi 405 faiz, Pink Floydun “Eclipse” mahnısı 144 faiz, Delta Qudremin “Eclipse” mahnısı 40 faiz, Bill Uizersin “Ain't No Sunshine” mahnısı isə 3 faiz artıb.

“Spotify”ın baş redaktoru Şennon Karrager bildirib ki, Günəş tutulması kimi böyük hadisələr insanları bir araya gətirir və onlar belə anları müşayiət etmək üçün uyğun musiqilər axtarırlar.

Bonni Taylerin “Total Eclipse of the Heart” mahnısı 11 fevral 1983-cü ildə yayımlanıb və sənətçinin “Faster Than the Speed of Night” albomunda yer alıb. Mahnı Böyük Britaniya hit-paradında birinci pilləyə yüksəlib və həmin ilin ən çox satılan sinqllarından biri olub.

Mahnı dünya üzrə 13 milyondan çox nüsxə satıb. Onun klipi “YouTube”da 1,3 milyarddan çox izlənib, “Spotify”da isə 1 milyarddan çox dəfə dinlənilib.