Həmin telekanallar qarşılarında Nuşirəvan Məhərrəmlini görəcəklər – Müsahibə

hemin-telekanallar-qarsilarinda-nusirevan-meherremlini-gorecekler-musahibe-
Oxunma sayı: 696

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin müsahibəsi:

- Nuşirəvan müəllim, bildiyimiz kimi dövlət başçısı bir müddət öncə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam imzalayıb. Bu Sərəncam cəmiyyətimizdə geniş müzakirə olunur. Dövlət Proqramı ilə əlaqədar Milli Televiziya və Radio Şurasının üzərinə düşən vəzifələr nədən ibarətdir?

- Şübhəsiz ki, bu Sərəncam böyük əhəmiyyət kəsb edir və bu gün Azərbaycanda dilçiliyin inkişafının zəruriliyinə diqqəti yönəldir. Bilirisiniz ki, bu gün Azərbaycan ədəbi dilinin işlənməsi ilə bağlı problemlər mövcuddur. Milli Televiziya və Radio Şurası olaraq biz bu istiqamətdə bir sıra qərarlar vermişik və bu qərarlar müəyyən qədər öz nəticələrini verir. Buna baxmayaraq Azərbaycan ədəbi dili ilə bağlı həm radio, həm də televiziyalarda problemlər qalmaqdadır. Bu problemin aradan qaldırılması üçün ictimaiyyət, xüsusilə ziyalı təbəqəsi öz üzərlərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirmir. Hətta elə hallar var ki, özlərini daha çox mütəxəssis hesab edənlər və savadı başqa dillərlə bağlayanlar zəhmət çəkib öz ana dillərini hələ də öyrənmirlər. Bu məni çox narahat edir. Telekanallara hansısa mövzuda gedən verilişlərə mütəxəssilər dəvət edilir və onların bir çoxu yarı rus, yarı Azərbaycan dilində danışırlar. Eləcə də, müxtəlif qurumlarda rus dilindən həddindən artıq geniş istifadə olunur. Rus dilində danışmaq hər hansı yüksək bilik sahibi olmaq və mədəni səviyyənin olması demək deyil. Əksinə, həmin insanların öz ana dilinə laqeyd münasibətidir. Necə olur ki, başqa ölkələrdən bura gəlib üç il səfirlikdə işləyən insanlar Azərbaycan ədəbi dilini öyrənirlər, amma özümüzünkülər Azərbaycanda yaşaya-yaşaya öz dilimizə biganə münasibət bəsləyirlər? Yəni özünü azərbaycanlı adlandıran insanın Azərbaycan dilini bilməməsi gülüş doğurur.
Hesab edirəm ki, belə hallar tədricən aradan qaldırılmalıdır. Mən bütün dillərin öyrənilməsinin tərəfdarıyam. Amma Azərbaycanda yaşayan hər bir insan, vətəndaş bu dili bilməlidir və hörmət bəsləməlidir. Ona görə də, MTRŞ daim çalışır ki, heç olmasa öz sahəsində bu məsələyə müəyyən qədər köməklik etsin. Bu məqsədlə televiziya və radio kanallarına daim ciddi tövsiyələr veririk. Hətta hər il monitorinqlər keçiririk və bu il də bu işə başlamışıq. Amma MTRŞ idarəetmə orqanıdır və dil üzrə mütəxəssislərdən ibarət deyil. Ona görə də, dil sahəsi ilə bağlı problemləri ortaya çıxara bilmirik. Əgər problemlə əlaqədar mütəxəssislər lazımi arayışlar versəydi, biz daha təsirli tədbirlər görə bilərik. Biz artıq bu istiqamətdə AMEA-nın Dilçilik İnstitutu ilə əməkdaşlığa başlamışıq və onlarla birgə monitorinqlər aparırıq. Hesab edirəm ki, bu çox gözəl nəticələr verəcək. Ümumiyyətlə, Prezident İlham Əliyevin bu məsələyə xüsusi diqqət yetirməsi dilçilik sahəsində ciddi nəticələrin əldə ediləcəyinə inamı daha da gücləndirir. Artıq bu sahədə işlər göz qabağındadır. Bilirsiniz ki, dövlət başçısının imzaladığı Sərəncamla əlaqədar AMEA-da müvafiq işlər aparılır, işçi qrupu iclaslarını keçirir. MTRŞ-ın nümayəndəsi də bu işçi qrupda təmsil olunur. Hesab edirəm ki, Azərbaycan ədəbi dili ilə bağlı məsələ hər kəsin vətəndaşlıq borcu olmalıdır.

- MTRŞ televiziya və radio yayımı sahəsində dövlət siyasətini həyata keçirir. Vaxtaşırı olaraq bu sahədə müəyyən nöqsanların olması, efir məkanındakı problemlər barədə fikirlər səslənir. Nöqsanların aradan qaldırılması üçün bu qurum hansı addımları atır?

- MTRŞ Azərbaycanda efir məkanı ilə bağlı dövlət siyasətini həyata keçirən orqandır, biz efir siyasətinə nəzarət edirik. Buna baxmayaraq, təəssüf ki, efirdə yaradıcılıq işlərinə, proqram siyasətinə qarışa bilmirik. Bir tərəfdən, televiziya və radio siyasətinə ümumi cavabdeh qurum kimi fəaliyyət göstəririk, digər tərəfdən isə efirdə gedən yaradıcılıq proseslərinə hər hansı müdaxilədən söhbət gedə bilməz. Təbii ki, biz istərdik ki, bəzi məsələlər, xüsusilə milli-mənəvi dəyərlərlə bağlı verilişlərlə əlaqədar MTRŞ-ın səlahiyyətləri artırılsın. İstərdik ki, başqa ölkələrdə olduğu kimi bizdə də milli-mənəvi dəyərlərə uyğun olmayan verilişlərin bir müddətə dayarlandırılması səlahiyyətləri verilsin. Biz bundan cəza mexanizmi kimi yox, çəkindirici vasitə kimi istifadə etmək istəyirik. Məsələn, elə proqramlar var ki, xalqımız üçün xarakterik deyil. «Toy olsun», «Onun yarısı» və s. əyləncə xarakterli verilişlər Azərbaycan xalqının mənəviyyatına uyğun deyil. Təbii ki, içimizdə elə insanlar var ki, bu cür verilişlərə baxırlar. Amma əksəriyyət bu proqramların əleyhinədir. İstəməzdim ki, bu tip verilişlər Azərbaycanın efirini doldursun. Bu baxımdan, MTRŞ-nın həmin verilişləri dayandırmaq səlahiyyətləri olsaydı, bu verilişlər də efirdə az olardı.

Bizi narahat edən digər məsələ şou xarakterli verilişlərin daha çox üstünlük təşkil etməsidir. Buna qarşı yalnız maarifləndirmə yolu ilə mübarizə apara bilərik. Biz telekanallara göstəriş verə bilmərik ki, bu tipli verilişlər verməsinlər. Amma bu verilişlər çox bayağı, şit, insanların zövqünü korlayan verilişlər olmamalıdır. Verilişlərin keyfiyyəti qaldırılmalıdır. Amma təəssüf ki, bizim bu cür verilişlər intellektual səviyyəsi yüksək olmayan insanlar üçün nəzərdə tutulur. Ona görə də, biz də belə verilişlərin sayının azalmasına çalışmalıyıq. İntellektual xarakterli verilişlərin sayının artmasına diqqəti yönəltməliyik. Bununla belə, qeyd etmək istəyirəm ki, bu problem təkcə Azərbaycan üçün yox, bütün dünya üçün xarakterikdir. Daha çox özəl telekanallar üçün olan bu tendensiya indi dayanıb, tövsiyələr yolu ilə telekanalları daha çox intellektual verilişlər təqdim etməyə çağırırıq. Amma yenə də, deyirəm ki, nöqsanlarımız yetərincədir və onları aradan qaldırmaq lazımdır.

- Bu məsələdə ictimai dəstək hansı səviyyədədir?

- Çox ciddi məsələyə toxundunuz. Hesab edirəm ki, efir məsələsində inzibatçılıq yolu yox, daha çox insanları maarifləndirmək yolu önəmlidir. Eyni zamanda, ictimai qınaq bu məsələdə böyük əhəmiyyət kəsb edir. Şərq ölkələrində ictimai qınaq Avropa ölkələrindən daha təsirlidir. Yəni Azərbaycan kimi ölkədə əksəriyyətimiz özünün gur səsi ilə yox deyərsə, bunun effekti böyük olar. İstənilən bu cür məsələlərdə ictimaiyyəti fəal olmağa çağırıram. Bəzən tanınmış insanlar, ziyalılar çəkinirlər ki, nöqsanları tənqid etsələr, həmin telekanal onlara qarşı çevriləcək. Mən MTRŞ-nın sədri kimi bəyan edirəm ki, əgər efirdə həmin şəxslərə qarşı tənqidi fikirlərinə görə verilişlər hazırlanarsa, çirkin kampaniya aparılarsa, həmin televiziya kanalları qarşılarında MTRŞ-nı görəcəklər.
Yəni bizim vətəndaşlar, millət vəkilləri, ictimai xadimlərimiz, ziyalılarımız, sadə insanlar bu prosesdə fəal olmalıdırlar. Çünki ictimai qınaq ən təsirli vasitələrdən biri kimi özünü göstərəcək, efirimiz daha baxımlı, keyfiyyətli verilişlərdən ibarət olacaq.

- Efir məkanında neqativ halların qarşısının alınması məqsədilə müvafiq qanunvericiliyə dəyişikliklərin edilməsi nə dərəcədə məqsədəuyğundur?

- Biz bu haqda düşünürük və bir neçə dəfə milli-mənəvi dəyərlərimizə uyğun olmayan verilişlərin qısa müddətə dayandırılması ilə bağlı lazımi təşkilatlara müraciət etmişik. Amma təəssüf ki, bu məsələ hələ öz həllini tapmayıb. Hesab edirəm ki, gələcəkdə bu məsələyə baxmaq lazımdır. Bir daha qeyd edirəm ki, biz səlahiyyətlərin artırılmasını telekanallar üçün çəkindirici vasitə kimi istifadə etmək istəyirik ki, bu cür verilişləri artırmasınlar. Yaxşı olardı ki, televiziya kanalları Azərbaycan tarixi, mədəniyyəti və s. bağlı verilişlər hazırlasınlar. Biz dünyaya açıq ölkəyik, dünya kanallarına baxmaq imkanlarımız var. Lakin biz öz televiziya kanallarımızdan milli yayım üçün xarakterik olan funksiyaların yerinə yetirilməsini istəyirik. Milli yayımçıların üzərinə də xalqın qarşısında böyük məsuliyyət düşür. Onlar ictimai ehtiyacları ödəyən, zəruri olan verilişlər təqdim etməlidirlər.

- Cəmiyyətdə digər əsas müzakirə olunan mövzulardan biri seriallarla bağlıdır. Xarici serialların yayımının dayandırılmasına münasibət birmənalı olmadı. Necə hesab edirsiniz, bu gün televiziyalarda yayımlanan milli seriallarımız bu sahədə ictimai tələbatı ödəyə bilirlərmi?

- Bəli, milli seriallar məsələsi son zamanlar ən çox müzakirə olunan məsələlərdən biridir. Hesab edirəm ki, MTRŞ-nın bu barədə verdiyi qərar ən düzgün qərarlardan biridir. Azərbaycan artıq dünyada inkişaf etmiş, nüfuzlu ölkədir. Biz iqtisadi, siyasi cəhətdən hər hansı ölkədən asılı deyilik. Hesab edirəm ki, ideoloji asılılığı da aradan qaldırmalıyıq. İndiyə qədər bizim efirimiz xaricdən asılı vəziyyətdə qalmışdı.
Seriallar əvvəlcə Latın Amerikası ölkələrindən gəlirdi, sonra da Rusiyadan, Hindistandan, Türkiyədən. Belə olan halda biz düşünməyə başladıq və qərara gəldik ki, bu vəziyyəti düzəltmək olar. Azərbaycanda bu sahəni inkişaf etdirmək üçün müəyyən bazar yaratmaq lazım idi. Ona görə də, yerli istehsalı inkişaf etdirmək üçün dövlət dəstəyinə ehtiyac yarandı. Hesab edirik ki, bu addımlarla bu sahəni müəyyən qədər canlandıra biləcəyik. Burada böyük aktyorlar dəstəsini, ssenari müəlliflərini, prodüsserləri və digər insanları işlə təmin edə biləcəyik. Bundan başqa, biz Azərbaycanın özünün yaratdığı əsərləri ekranlaşdıracağıq. Əgər xarici seriallara baxacağıqsa, bizim ədiblərimizin əsərlərini kim ekranlaşdıırıb gələcək nəsillərə çatdıracaq? Bundan başqa, ən əsası yetişməkdə olan gənc nəslimiz hansı ruhda tərbiyə alacaq? Əgər gənclərimiz xarici ölkələrdən gələn seriallarla tərbiyə olunacaqsa, o xalqların xarakterinə uyğun tərbiyələnəcəklər. Bəs onda azərbaycançılığı nə ilə göstərə biləcəyik? Ona görə də, xarici seriallardan imtina və milli serialların yayımı vacib məsələdir.

Bəzən hazırda çəkilən serialların keyfiyyətinin aşağı olması fikri ilə tez-tez rastlaşırıq. Mən də razıyam ki, seriallarımız bədii səviyyə baxımından aşağı səviyyədədir, müəyyən qədər bayağılıq var. Bəzən ssenaristlər lazım olan ssenarini düzgün qura bilmirlər. Amma buna baxmayaraq hesab edirəm ki, biz bu yolun başlanğıcındayıq. Biz qoxmamalıyıq, bu yola çıxmışıqsa davam etməliyik. Bu yolda müəyyən problemlərimiz olacaq, amma onları həll etmək üçün yetərincə potensialımız var. Bu yöndə dövlət dəstəyi də ortadadır. Bildiyiniz kimi cənab Prezident bu məqsədlə 5 milyon manat vəsait ayırıb və özəl telekanalların hər birinə 800 min manat verildi. Bu, böyük bir məbləğdir və hesab edirəm ki, biz qısa müddətdə bunun nəticələrini görəcəyik. Çünki efirdə rəqabət mühiti yaranacaq. Hansı telekanalda ki, daha yüksək reytinqli seriallar gedəcəksə, digərləri ondan yaxşı serial çəkməyə çalışacaq. Beləliklə, bu sahədə yarışma baş verəcək və keyfiyyətli seriallar yaranacaq. Baxın, Türkiyədə, Rusiyada 10 il bundan əvvəlki seriallarla indikilərdə nə qədər böyük fərq var. Biz də çalışacağıq ki, bu sahədə Azərbaycanın əhalisinə, ərazisinə uyğun bir potensialı ortaya qoyaq. Hesab edirəm ki, bizim seriallarla bağlı qərarımız doğrudur və əhalinin böyük əksəriyyəti dəstəkləyir. Bu sahədə ildən-ilə uğurlarımız daha da çox olacaq.

- Bəzi şəxslər dövlətin bu sahəyə vəsait ayırmasını düzgün hesab etmir və bildirirlər ki, bu, rəqabət mühiti yaratmayacaq. Bu fikirlərə münasibətiniz necədir?

- Bəzi insanlar sadəcə, tənqid etməyi çox xoşlayırlar. İstənilən məsələni, doğru və ya səhv olmasından asılı olmayaraq tənqid edirlər. Seriallar üçün dövlət vəsait ayırmayana qədər bu bazar var idi, bəs nə üçün inkişaf getmirdi, niyə rəqabət yox idi? Biz çox gözlədik, vəsait ayrılmayana qədər niyə bu sahədə canlanma olmadı? Ona görə də, tənqid edənlərin arqumentləri əsassızdır. Mən başa düşürəm, başqa ölkələrdə dövlət bu sahəyə vəsait ayırmır, bazar özü müəyyənləşdirir. Əgər bizdə də hər şey yerində olsaydı, dövlət bu addımı atmazdı. Amma dövlətimiz serialların çəkilməsi üçün hər zaman vəsait ayırmayacaq, bu prosesə təkan vermək üçün belə qərar verilib. Tədricən telekanallar, serial çəkən strukturlar öz bazalarını gücləndirəcəklər.

- Azərbaycanda yeni sahəvi kanalların açılması nəzərdə tutulurmu?

- Sahə kanalların yaranması gözəl bir işdir. Bu, hər bir ölkə üçün xarakterik deyil. Bu, yalnız ərazisi və əhalisi böyük, iqtisadiyyatı güclü olan ölkələr üçün xarakterikdir. Qonşu ölkələrin əksəriyyətində sahə kanalları yoxdur. Çünki kanal özünü doğrultmalıdır, efiri doldurmaq üçün verilişləri olmalıdır, reklam bazarı olmalıdır. Azərbaycanın iqtisadiyyatının güclənməsi, regionun lider dövlətinə çevrilməsi bizi belə kanalları yaratmağa gətirib çıxardı. Azərbaycan dövləti idmana böyük diqqət göstərir, bu sahədə uğurlarımız artır və Azərbaycan artıq dünyada idman ölkəsinə çevrilib. Bütün bu amillər «İdman-Azərbaycan» kanalının yaradılmasının əsas səbəbidir.
Digər əsas məsələ mədəniyyət sahəsinin təbliğidir. Özəl telekanallarda şou verilişlərinin geniş yarandığı vaxtda Azərbaycan xalqının mədəniyyəti ilə bağlı xüsusi verilişlər təqdim edən «Mədəniyyət» kanalının yaradılması zərurətə çevrildi. Hesab edirəm ki, bu iki sahə kanalı üzərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirir. Təbii ki, onlar ildən ilə daha təkmilləşəcək və daha güclü televiziya kanallarına çevriləcəklər. Bu kanallarla bağlı ancaq xoş sözlər eşidirik ki, bu da bizi sevindirir.
Yeni sahə kanallarına gəlincə isə, çox istərdik ki, uşaqlarla bağlı telekanal olsun və ya mövcud televiziylar uşaq mövzusuna daha çox yer ayırsınlar. Əgər daha çox yer ayırarlarsa, yeni kanala ehtiyac qalmayacaq. Bu olmayacaqsa, dövlətin dəstəyi ilə uşaq televiziyasının yaradılması çox yaxşı olardı.

- Digər bir məsələ internet televiziyaları ilə əlaqədardır. İnternet televiziyalarının fəaliyyətinin tənzimlənməsi nə dərəcədə zəruridir?

- Bu məsələ bütün dünyada müzakirə olunan məsələlərdən biridir. Avropa ölkələrində də bu məsələ uzun müddətdir ki, müzakirə olunur, amma çox təəssüf ki, hələ konkret mexanizmlər yoxdur. Azərbaycanda da internet televiziyalarının sayı son zamanlar xeyli artıb. İnternet radio və televiziyaların sayı 30-a yaxınlaşıb. Bunu tənzimləmək mexanizmi demək olar ki, yoxdur. Amma istənilən halda internet və efir televiziyası getdikcə artır, hər ikisinin imkanları bir-birilə çuğlaşaraq birləşir. İnternetin təsiri cəmiyyətdə getdikcə artır və artdıqca da təbii ki, onun tənzimlənməsi ehtiyacı yaranır. Efir televiziyası tənzimlənirsə, nə üçün internet televiziyası tənzimlənməməlidir? Avropa ölkələrində də, bu məsələ ilə bağlı ciddi müzakirələr gedir. Sonda yəqin ki, vahid tənzimlənmə yolu tapılacaq və biz o zaman məsələyə baxacağıq.

- Bəs rəqəmsal yayıma nə zaman tam keçmək mümkün olacaq?

- Azərbaycan MDB dövlətləri arasında ilk rəqəmsal yayıma keçən ölkələrdən biridir. Biz istəyirik ki, rəqəmsal yayım 2013-cü ilə qədər tam həyata keçsin. Bununla bağlı aztəminatlı əhaliyə yardım göstərilməsi ilə bağlı dövlət başçısına müraciət etmişik və hazırda hökumətdə bu məsələyə baxılır. Əgər qərar qəbul olunarsa, təxminən 130 min insana yardım olunacaq. Bu olarsa, biz rəqəmsal yayıma daha tez keçə bilərik, analoq yayımı dayandırarıq. Bununla bağlı 5-6 milyon manat vəsait Müdafiə Sənayesi Nazirliyinin müvafiq zavoduna investisiya şəklində verilərsə, onda dekoderlərin qiyməti aşağı düşərdi. Həmin dekoderlər aztəminatlı ailələrin özlərinə birbaşa əşya kimi təqdim olunardı. Bunun çox gözəl mexanizm var. Əgər dekoderlər hazır olarsa, onları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi siyahıya uyğun olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müvafiq şöbələri qısa müddətdə əhaliyə çatdıra bilər. Hökumət tərəfindən bu dəstək olarsa, rəqəmsal yayıma daha tez keçə bilərik.

- Nuşirəvan müəllim, iyulun 22-də milli mətbuatımızın yaranmasının 137-ci ili tamam olur. Azərbaycan milli mətbuatı haqqında da fikirlərinizi bilmək maraqlı olardı...

- Azərbaycan Şərq ölkələri içərisində mətbuatın yaranması və inkişafı ilə bağlı öyünüləsi ölkədir. Çünki mətbuatımızın tarixi çox zəngindir, həm qədimdir, həm də maraqlıdır. Mətbuatın bugünkü durumu da qənaətbəxşdir. Media 21-ci əsrdə elə bir fəaliyyət sahəsinə çevrilib ki, o, cəmiyyətin bütün sahələrə təsir etmək gücünə malikdir. Elə bir sahə yoxdur ki, orada mətbuat xidməti olmasın. 20-30 il əvvəl dövlət qurumlarının hamısında mətbuat xidmətləri yox idi. Amma bu gün bütün qurumlarda, hətta özəl şirkətlərdə də mətbuat xidməti fəaliyyət göstərir. Bu o deməkdir ki, müasir dövrümüzdə mətbuatsız fəaliyyət mümkün deyil. Yəni mətbuatın cəmiyyətə o qədər yüksək təsiri var ki, aparıcı sahələrdən birinə çevrilib.
Eyni zamanda, mətbuatın da cəmiyyət qarşısında məsuliyyəti artmalıdır. Bu baxımdan, Azərbaycan mətbuatında son zamanlar həm kəmiyyət, həm də keyfiyyət baxımından irəliləyişlər hiss olunur. Təbii ki, biz istərdik ki, başqa qabaqcıl ölkələrdə olduğu kimi bizim qəzetlərin də maddi-texniki bazaları, kadr potensialı güclü olsun. Bu gün həm mətbuatın iqtisadi asılılıq məsələləri ortadadır, həm də peşəkarlıq baxımdan yetərincə problemlər mövcuddur. Hələ ki, problemlər var, amma buna baxmayaraq, bu sahədə inkişaf gedir. Bildiyiniz kimi Azərbaycan dövləti mətbuatın inkişafına kifayət qədər dəstək verir və bu da öz müsbət təsirini göstərməkdədir. Bütövlükdə, Azərbaycanda kütləvi informasiya vasitələri, o cümlədən mətbuat inkişaf dövrünü yaşayır.

- Bəzi dairələr ölkəmizdə mətbuatın azad olmadığını iddia edirlər. Bu iddialara münasibətiniz necədir?

- Azərbaycanda mətbuatın azad olmaması barədə iddiaları tamamilə əsassız hesab edirəm. Doğrudur, bütün ölkələrdə mətbuatın bu və digər problemləri var. Amma bu, mətbuatın azad olmaması anlamına gələ bilməz. Azərbaycanda sürətlə inkişaf edən internet tamamilə tənzimlənməyən sahədir. İstənilən qəzet, jurnal, agentlik internet vasitəsilə yayımlanır. İnsanlar istənilən informasiyanı əldə edə bilərlər. Belə olan halda, mətbuatın azad olmadığı deyilməsi absurd fikirdir. Bu gün yazılı mətbuat inkişaf edir, kifayət qədər müstəqil və müxalifət qəzetləri fəaliyyət göstərir. Onlar istədiklərini yaza bilirlər. Eyni zamanda, internetin azad olduğu bir ölkədə mətbuatın azad olmadığını iddia etməyin heç bir əsası yoxdur. /yap.org.az/