“Heydər Əliyev” ordeni Yanukoviçdən geri alınacaq?

heyder-eliyev-ordeni-yanukovicden-geri-alinacaq-
Oxunma sayı: 3248


Ukraynanın 4-cü prezidentinə “Heydər Əliyev” ordeni ötən il noyabrın 17-də Ukrayna ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə verilib.

“Heydər Əliyev” ordenini əcnəbi siyasətçilərdən Jak Jirak, Viktor Yuşşenko, Şeyx Sabah əl-Əhməd-Cabir əs-Sabah, Lex Kaçinski, Valdiz Zatlers, Trayan Besesku, Georgi Pırvanov, İmaməli Rəhman, Abdulla Gül də alıb.

Viktor Yanukoviç 2010-cu ilin fevral ayında prezident seçilib. 2014-cü il fevralın 22-də o, Ukraynada baş verən qanlı toqquşmalar fonunda (martın 6-na olan məlumata görə, 100 nəfər həlak olub) parlamentin qərarı ilə hakimiyyətdən uzaqlaşdırılıb və ölkəni tərk edərək Rusiyaya sığınıb. Ukraynada onun haqqında cinayət işi başlanıb. Bu amil Viktor Yanukoviçə verilmiş “Heydər Əliyev” ordeninin geri alınmasına gətirə bilərmi?

“Qafqazinfo” nun məlumatına görə, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov “Media forum” saytına deyib ki, Azərbaycan Respublikası adından təltif etmə və təltiflərin geri alınması konstitusiya müddəaları ilə tənzimlənir: “Konstitusiyada göstərilib ki, Azərbaycanın dövlət adları və ordenləri prezident tərəfindən verilir. Təltif olunma və onun geri alınması prezidentinin səlahiyyətində olan məsələdir”. 

“Ukrayna prezidentliyindən uzaqlaşdırılmış Viktor Yanukoviç də “Heydər Əliyev” ordeni alıb. Hazırda ölkəsində Viktor Yanukoviçə cinayət işi açılıb. Azərbaycan dövləti “Heydər Əliyev” ordenini ondan geri ala bilərmi” sualına isə Siyavuş Novruzov belə cavab verib: “Bununla bağlı heç nə deyə bilmərəm”.