“Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) Idarə heyətinin növbəti iclası baş tutub”.
“Qafqazinfo” Belediyye.info-ya istinadən xəbər verir ki, bu barədə məlumatı TDBB-nin İdarə heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.
İstanbulda Bahçelievler Bələdiyyəsinin ev sahibliyi ilə TDBB-nin İdarə heyətinin növbəti toplantısında Albaniya, Azərbaycan, Bosniya və Herseqovina, Şimali Kipr, Kosovo, Qırğızıstan, Şimali Makedoniya, Livan və Türkiyədən olan idarə heyətinin üzvləri iştirak ediblər.
Tədbirdə TDBB-nin Prezidenti, Konya Böyükşəhər bələdiyyəsinin sədri Uğur İbrahim Altayın proqram xaraketerli məruzəsi dinlənilib. TDBB-nin yeni seçilən baş katibi Taha Zahid Özdemir isə çıxışında qurumun ötən dövrdəki fəaliyyətinə, həyata keçirdikləri layihələri barəsində hesabat xarakterli çıxışı olub.
Müzakirələrdə bir sıra ölkə təmsilçiləri ilə bərabər Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev də iştirak edib. Sədr çıxışında qeyd edib ki, iki qardaş ölkə arasında tarixi dostluq, qarşılıqlı etimad, bu dövlətlərin yerli özünüidarəetmə orqanlarının müsbət dinamikada inkişaf edən münasibətinə də daim öz təsirini göstərməkdədir.
Təmraz Tağıyev həmçinin bundan sonra da Azərbaycan bələdiyyələrinin TDBB-nin işində yaxından iştirak etməklə bu qurumun fəaliyyətinə öz töhfəsini verməyə hazır olduğunu qeyd edib.
İdarə heyətinin iclasında növbəti aylarda görüləcək işlər müzakirə edilərək fəaliyyət üçün qəbul edilib.
Əlavə edək ki, tədbirdən bir gün əvvəl İdarə heyətinin üzvü Təmraz Tağıyev Türk Dünyası Bələdiyyələr Birliyinin inzibati binasını ziyarət edərək TDBB-nin baş katibi Taha Zahid Özdemirlə görüşü olub.
Görüşdə ikitərəfli əlaqələrin bundan sonrakı dövrdə əməkdaşlıq əlaqələrinin inkişafı üçün irəli sürülən təkliflər müzakirə olunub. Görüşdə ABMA-nın beynəlxalq əlaqələr üzrə məsul əməkdaşı Rövşən Məmmədov da iştirak edib.



Son xəbərlər
Son Xəbərlər