Hüquqi-siyasi legitimlik, meritokratiya və institusional inkişaf modeli - “Yüksəliş” müsabiqəsi

huquqi-siyasi-legitimlik-meritokratiya-ve-institusional-inkisaf-modeli
Oxunma sayı: 185

Dəyişkən və qeyri-sabit siyasi mühitdə dayanıqlı inkişafı yalnız maddi resurslarla deyil, eyni zamanda milli kadr ehtiyatı, güclü idarəetmə bacarıqları və perspektivli liderlərin formalaşdırılması ilə müəyyən olunur. Bu baxımdan Azərbaycanda “Yüksəliş” müsabiqəsinin yaradılması dövrün tələblərindən irəli gələn strateji zərurət kimi başa düşülməlidir.

“Qafqazinfo” xəbər verir ki, sürətlə dəyişən sosial, siyasi, iqtisadi və texnoloji reallıqlar fonunda dövlət və cəmiyyət üçün yeni düşüncəyə malik, çevik qərarvermə bacarığı olan, yüksək intellektə sahib dürüst kadrların seçilməsi və inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Məhz bu obyektiv zərurət “Yüksəliş” müsabiqəsini sadəcə rəqabət platforması deyil, milli kadr potensialının inkişafına xidmət edən mühüm institusional mexanizmə çevirmişdir.

“Yüksəliş” müsabiqəsinin ən mühüm cəhətlərindən biri onun hüquqi-siyasi legitimliyidir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis olunan və Azərbaycan Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən “Yüksəliş” müsabiqəsinin məqsəd və vəzifələrinin aydın şəkildə müəyyənləşdirilməsi, habelə milli kadr ehtiyatının formalaşdırılması məqsədi ilə əlaqələndirilməsi bu təşəbbüsə yüksək ictimai etimad qazandırır. Hüquqi-siyasi legitimlik hər hansı seçim mexanizminin davamlılığı üçün əsas şərtdir. “Yüksəliş” bu baxımdan situativ və ya müvəqqəti xarakterli layihə deyil, dövlətin insan kapitalı siyasətinə inteqrasiya olunmuş sistemli təşəbbüsdür. Bu xüsusiyyət onun həm ictimai nüfuzunu artırır, həm də iştirakçılar üçün müsabiqənin nəticələrinin real institusional dəyərə malik olduğunu göstərir.

Müsabiqənin ikinci əsas üstünlüyü meritokratiya və şəffaf seçim prinsiplərinə söykənməsidir. Müasir idarəetmədə uğurun əsas meyarı şəxsi əlaqələr və formal status deyil, bilik, bacarıq, analitik düşüncə, liderlik keyfiyyətləri və idarəetmə səriştəsidir. “Yüksəliş” məhz bu meyarlar üzərində qurulmaqla istedadlı və perspektivli şəxslərin seçilməsinə imkan yaradır. Çoxmərhələli seçim mexanizmi iştirakçıların müxtəlif bacarıqlarını qiymətləndirməyə, nəticələrin obyektivliyini təmin etməyə və ümumi prosesə etimadı gücləndirməyə xidmət edir. Şəffaflıq prinsipi isə müsabiqəni ictimai baxımdan qəbul olunan və nümunəvi modelə çevirir. Şəffaf seçim isə güclü idarəetmənin təməlidir.

Hüquqi və institusional baxımdan “Yüksəliş”in üstünlükləri daha geniş məna daşıyır. Bu müsabiqə idarəetmədə bərabər imkanların təşviqi, sağlam rəqabət mühitinin formalaşdırılması və peşəkar kadr seçiminin sistemləşdirilməsi baxımından mühüm rol oynayır. Eyni zamanda mentorluq mexanizmi, fərdi inkişaf proqramları və qaliblərin peşəkar şəbəkələrlə əlaqələndirilməsi bu platformanın təkcə seçim yox, həm də inkişaf institutu olduğunu göstərir. Beləliklə, “Yüksəliş” ölkədə müasir idarəetmə mədəniyyətinin güclənməsinə, dövlət və özəl sektorda yeni nəsil liderlərin formalaşmasına mühüm töhfə verir.

Nəticədə, “Yüksəliş” müsabiqəsi Azərbaycanda yalnız perspektivli şəxslərin seçilməsi mexanizmi deyil, eyni zamanda milli kadr siyasətinin institusional ifadəsi kimi Azərbaycanın gələcək idarəetmə simasını formalaşdıran strateji təşəbbüsdür. Bu təşəbbüs hüquqi-siyasi legitimlik, meritokratik yanaşma, şəffaf seçim və davamlı inkişaf prinsiplərini özündə birləşdirərək müasir idarəetmə modelinin formalaşmasına real töhfə verir. “Yüksəliş”in əsas fərqləndirici cəhəti yalnız ən layiqli şəxsləri müəyyən etməsində deyil, həmin şəxslərin idarəetmə mədəniyyətinə, dövlətçilik düşüncəsinə və peşəkar kadr mühitinə real töhfə verə biləcək şəkildə formalaşdırılmasındadır. Məhz bu baxımdan müsabiqə dövlətin kadr ehtiyatının gücləndirilməsi, idarəetmədə keyfiyyətli insan resurslarının önə çəkilməsi və institusional etimadın möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır. Gələcəkdə “Yüksəliş”in təsir dairəsinin daha da genişlənməsi onun təkcə müsabiqə kimi deyil, Azərbaycan Respublikasının idarəetmə gələcəyini formalaşdıran strateji milli model kimi mövqeyini daha da gücləndirəcəkdir.