“Hicablı gəlinlər toyda ortadan çıxmırlar…” - Mənzurə Musayeva

hicabli-gelinler-toyda-ortadan-cixmirlar
Oxunma sayı: 13894

Müğənni Mənzurə Musayevanın “Qafqazinfo”ya müsahibəsi

- 2016-cı ili başa vurduq. Bu il sizə düşərli oldu?

- Bu il mənim üçün çox gözəl keçdi. Bütün insanlara arzu edirəm ki, belə bir il keçirsin. Həyatımda hər şey oldu. Arzularim çox idi, hamısı reallaşdı. Əsas odur ki, 3 il qabaq səhhətimdə problem yaranmışdı, əməliyyat olunmuşdum. Hamısı aradan qalxdı, can ağrısı yoxdu.

- Niyə əməliyyat olundunuz? Səbəb nə idi?

- Çox əməliyyat olundum. Ağır xəstəlik deyildi, amma vacib olan bir şey idi. Məcbur olub əməliyyat keçirdim.

“Onların ciblərindən çox pul çıxmır”

- Mənzurə xanım, niyə “Dünya sevənlərim”dən başqa bir hitiniz olmayıb?

- Var, 4 yeni mahnım var. “Yarım gözləyir”, “Davulçu”, “Ölərəm” kimi mahnılar möhürünü vurub. Özüm muğam sinfini bitirmişəm, “Tello” folklor ansamblının solisti olmuşam. Bu işi bilmək başqa aləmdir. Muğam, xalq mahnılarını bilirəm. Xalq mahnıları oxuyanların ciblərindən çox pul çıxmır. Ancaq bizim ifa etdiyimiz yeni mahnılar, aranjimanlar maliyyəyə dayanır.

Bizim dövrümüz keçdi, indiki dövrdə hər kəsi öz mahnılarına görə tanıyırlar. Azərbaycan müğənniləri indi nə işlə məşğul olur? Başqa ölkələrin ifaçıları albom, konsertlərdən pul qazanır. Azərbaycan yeganə dövlətdir ki, müğənni xalqın sevgisi ilə yaşayır, toylara gedir. Bizi sevirlərsə, toya çağıracaqlar. İndi ürəkləri kimi istəyirlərsə, onu da toya çağırırlar. Mən heç kimin toyunda yalvararaq gedib oxuya bilmərəm. Gərək məni sevələr. Bizim qazancımız toylardandır.

Bəy və gəlin “Ölə bilərəm” mahnısı üçün məni çağırırlar. Deyirlər ki, gəlin, sadəcə o mahnını oxuyun. Bəzi müğənnilər kimi bir-iki mahnılarla tanınmamışıq. Mən Soltan Hacıbəyov adına Musiqi Kollecində müəllimə işləyirəm. Məktəbi bitirəndən orada müəllimə kimi çalışıram. Əsas dərs deyil, müşayiətdi. Əsas müəllimlər Arif Babayev, Canəli Əkbərov və başqalarıdır. Mən isə vaxtımın azlığından müşayiət dərsləri keçirəm.

- Şövkət Ələkbərova sizin ifanızı çox bəyənmişdi…

- Şövkət xanım demişdi ki, “səsinə fikir ver, səsini pambığın içində saxla”. Mən də söz vermişdim ki, səsimə diqqət edəcəm. Allah ona rəhmət eləsin. Muğam başqa bir şeydir, bizim kökümüzdür. İndi sənətə gəlib məktəbini oxuyurlar. Biz sırf heç nəyi düşünmədik, müğənni olmaq qərarına gəldik.

“Muğam oxuyanda gəlinlə bəy “krest” işarəsi göstərirdi”

- Deyəsən, Şövkət xanıma verdiyiniz sözü tuta bilmədiz.

- Səbəbini sizə açıqlayım. O vaxtlar toylar çox idi. İndiki toylarda oxumağa nə var ki? İki saat oxuyub dincəlirsən. Gündüz 2-dən gecə 12-yə kimi 18 yaşlı qız toyu idarə edirdi. Həmin enerjiyə bu səs dözər? Səsimi saxlayıb muğamlar ifa edə bilərdim. Toya da getsəm, gərək muğam oxuyardım. İndi sırf muğam oxumaq üçün toya çağıranlar var. Amma əvvəl həmin janrda mahnı oxuyurdum, əliylə “krest” işarəsini göstərirdilər. Onlar deyirdilər ki, muğamın yeridi? Oynaq mahnılar səsləndirin.

“Hicablı gəlinlər toyda ortadan çıxmırlar…”

- Görürəm ki, keçmişlə indiki dövrü çox müqayisə edirsiz. Bəylə gəlinlərimiz də çox dəyişib…

- Samballı gəlin-bəylərimiz var. İndi toylarda gəlinlə bəy çox oynayır. Belə şeylərdən xoşum gəlmir. Onları qınamıram, toya 5-6 müğənni çağırırlar. Onlar da ifa edəndə gəlinlə bəyi meydana dəvət edirlər. Onlarda hörmət edib gəlirlər. Bir dəfə toya getmişdim, gəlin və bəyi məclisə dəvət etmək istədim. Mənə söylədilər ki, “xahiş edirəm, bizi rəqsə dəvət etməyin. Sizi sevirik, amma cəmi sonda bir dəfə oynayacağıq”.

Onların bu addımlarına çox sevindim. Hərdən görürəm ki, hicablı xanımlar toyun ortasından çıxmır. Başını bağlamaq və toyda çox oynamaq nədir? Dəqiq bilməsəm də, bu barədə məlumatım var. Görmüşəm ki, hicablı xanımlar bir qədər ağır olur və toyda az oynayırlar.

- Ölkədə qiymət artımları ilə rastlaşırıq. Bu artım sizin toy qiymətlərinizə təsir edəcək?

- Çox pis oldu. Mən toylara baha getməmişəm. Nə yuxarı, nə də aşağı təbəqənin toylarında iştirak etmişəm. Orta təbəqənin məclislərində oluram. Hər zaman güzəştə getmişəm. Yalandan onlara nə deyim? Mən ABŞ-dan gəlməmişəm, dünya ulduzu da deyiləm. Özümüzə görə tanınırıq. Əsas xalqın sevgisidir. Özümü zorla sevdirməmişəm. Elə insanlar var ki, bütün günü televiziyada verilişlərə qonaq olurlar. Özlərini zorla sevdirməyə çalışırlar. Ancaq elə sənətçilər var ki, TV-yə çıxmırlar, amma xalq onları sevir. Hər kəs bir yolla gedir. Özlərini zorla sevdirənlərin Allah canını sağ eləsin.

“Dedim ki, bu lap axırıncı variantlardır. Bunlar nə oyun çıxarır?”

- Siz toyda hörmətsizliklə qarşılaşmısız? Adətən sənətçilər toyda mikrafon davasına çıxır, ev sahibləri sənətçinin ifasına çox qarışır.

- Adlı-sanlı müğənnilər belə bir addım atmırlar. Küsülü olsalar belə təqdimatı yaxşı edirlər. Bir dəfə Maştağada xanım məclisinə getmişəm. Pulsuz ifa edəcəkdim. Toya getdim, məkana daxil oldum. Məni heç təqdim etmədilər, gördüm ki, stolda mikrafon var. Başımı bu tərəfə çevirdim, geri baxdım ki, mikrafon yoxdur. Dedim ki, bu lap axırıncı variantlardır. Bunlar nə oyun çıxarır? Tutaq ki, mən pulsuz gəlmişəm, ev sahiblərinə hörmət etmişəm. Mahnı oxumayıb gedə bilərəm. 

Soruşdum, heç mikrafonu da vermədilər. Mənə pis təsir etdi, köməkçimə işarə etdim, söylədim ki, gedək. Maşına oturanda ev sahibi yanıma gəldi, dedi ki, getməyin. Cavab verdim ki, onların yanında oxumasam yaxşıdır. Ev sahibləri də hörmətsizlik etmir. Əgər müğənni toya istəklə gəlirsə, məclisin sahibi ona heç nə etmir. Sənətçi özünü yaxşı aparsa, heç kəs heç nə deməz.

“Mənə 18 yaşımda 11 elçi gəlmişdi…”

- Xalqın sevgisindən danışırsız. Bəs siz kimisə sevirsiz? Söhbət əks cinsin nümayəndələrindən gedir…

- Hər yaşda insan sevmək və sevilmək istəyir. Ancaq mən heç bir kişini sevmirəm. Məni sevənlər çoxdu, mən isə bu işə nöqtə qoymuşam. Özümə söz vermişəm ki, heç kəsi sevməyəcəm. Sevginin müqabilində çox vəfasızlıqlar görürsən. Dövr dəyişib, sevgini ucuzlaşdırıblar. Düşünürəm ki, əvvəlki sevgilər indi niyə yoxdu? Biz əsl sevgini gənc olanda görmüşük. Bəlkə də, mənə gələn elçi heç kəsə gəlməyib. 18 yaşımda 11 elçi gəlmişdi. Taleyim gətirmədi, övladım olmadı. Bunlar başqa mövzulardır. Ancaq müğənni idim, məni çox sevirdilər. Pul xətrinə müğənni olmaq istəmirdik. İstedad bizdə var idi, sənəti sevmişik. İndi biznesi tutub müğənni olurlar. Ata-qardaş bacının əlində tutub deyir ki, müğənni ol.

- Sizə ata və qardaşınız müğənni olmağa icazə vermişdi?

- Xeyr, qardaşım müğənni olmağımı istəmirdi. Sumqayıtda şəhər tədbiri idi. Zeynəb Xanlarovanın “Cavanlığım” mahnısını ifa etmişdim. Evə gəldim, qardaşım dedi ki, sənə müğənni olmağa icazə verirəm. Söylədi ki, elə mahnı oxudun ki, tüklərim biz-biz oldu. Həqiqətəndə səhnəni ələ almışdım. Sənət başqa bir şeydir.

“Ailəmin sözünü eşitsəydim xoşbəxt olardım”

- Sizə gələn 11 elçidən birini seçə bildiz?

- Ailəmin sözünü eşitsəydim xoşbəxt olardım. Özüm birini seçdim. Ailə qurduq, övladım olmadı, söz-söhbətlər artmağa başladı. Daha sonra ayrıldıq, sevgi bitti. Daha sevgi yoxdur.

“Analıq hissini dadmaq istəyirdim, olmadı...”

- Niyə sevgi övlada görə qurban verilir və yox olur?

- Cavan olanda bunu başa düşmürsən. Ancaq müəyyən yaşa çatanda düşünürsən ki, öz övladın olsun. Qardaşım övladını 9 aylığında götürüb saxlamışam. Mənim üçün fərqi yoxdur, elə bil öz övladımdır. Qızımı çox sevirəm, onsuz nəfəs ala bilmirəm. Elə bilirəm ki, o olmasa havam çatmaz. İndi axı analıq hissini yaşamamışam, bilmirəm ki, özümün övladım olanda necə bir hiss yaşayaram.

Mən analıq hissini dadmaq istəyirdim, baxın, həmin hissi yaşamaq istəyirəm. İndi qızımı hamıya, öz ata-anasına belə qısqanıram. Deyirəm ki, çox ana-atanın yanına getmə (gülür). Allah məndən nələrisə alıb, vecimə deyil. Amma bir şey var ki, Allah məni heç kəsə möhtac olmağa qoymayıb. O, mənə ruzi versin.

“Mənim işimi həmişə “burublar”…”

- Deyəsən sizə şou-biznesdə əngəl olanlar çoxdur….

- Özüm şou-biznesdən uzağam, söz atanlar da olub. Ancaq heç kəsə cavab verməmişəm, səbrli davranmışam. Sevilməyənlər, toya çağrılmayanlar belə bir addım atır. Onlar can atırlar ki, restoranlarda çıxış etsinlər. Hamımıza pul lazımdır, ancaq onu deyirəm ki, mənim işimi həmişə “burublar”. Təşkilatçılar deyir ki, “Onu neynirsən? Mənim dostum var, toyu o idarə etsin”. Məndə isə fərqlidir. Kimsə soruşanda deyirəm ki, gəlib oxusun, problem yoxdur. Məni heç kəsin vasitəsiylə toya getməmişəm. Toy sahibi birbaşa əlaqə saxlayıb, məclisə dəvət edib. Heç kim köməklik etməyib, özüm tək ayaqüstdə durmuşam, çətinliklər görmüşəm.

Amma xalq həmişə məni sevir. Ola bilər ki, efirlərə az çıxıram. Bir dəfə efirə çıxan kimi hamının yadına düşürəm. Taleyim gətirməyib, problemlərim çox olub. Şansımı Allah verib (kövrəlir). Təsəvvür edin ki, sənin üçün şərait yaratmırlar ,işləyə bilmirsən. Bunlara sinə gəlib ayaqüstdə durmaq lazımdır. Heç vaxt özümü “sındır”mamışam. Hamımızın kasıb vaxtları olub, toy olmur, pul qazanmamışam...

“Yeganə müğənniyəm ki, qaşımı dartdırmamışam…”

- Deyirlər ki, siz də estetik əməliyyat etdirən məşhurlar karvanına qoşulmusuz.

- Yeganə müğənniyəm ki, qaşım dartılmayıb, üzümü doldurmamışam. Üzümə heç nə etməmişəm. Alnımın qırışına baxın. Düzdü, istəyirdim, ancaq alınmadı. Sonra dedilər ki, sən də hamıya oxşayacaqsan, bu səbəbdən etmədim.

Elvin Elxan

Fotolar: Nuran Məmmədov