Aprelin 24-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Mərkəzinin konfrans zalında, aprelin 25-də Bakı Boulevard Marriott Hoteldə “VII Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə və Metabolik Xəstəliklər konqresi, III Xəzər Dənizi Ətrafı Dövlətlərin Bariatrik Cərrahiyyə konfransı, V Türk Dilli Xalqların Bariatrik Cərrahiyyə konfransı” baş tutub.
“Qafqazinfo” xəbər verir ki, iki gün davam edən beynəlxalq konqres Səhiyyə Nazirliyinin, Azərbaycan Tibb Universitetinin, TƏBİB və Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə səhiyyə üzrə qlobal dünyada öz fəaliyyəti ilə geniş kütlələrə xitab edən İFSO, EASO, TCD, MBCDD və s. kimi qurumlar tərəfindən də konqres təsdiqlənib və dəstəklənib.
Dünyanın 15-ə yaxın ölkəsindən (Türkiyə, Xəzəryanı dövlətlər, Amerika, Böyük Britaniya, Çin, Almaniya, Misir, Hindistan, Mərkəzi Asiya ölkələri və s.), 9 xarici dərnəkdən, 21 müxtəlif beynəlxalq universitet klinikalarında çalışan 30-a yaxın professorun iştirakı ilə keçirilən tədbirdə piylənmə cərrahiyyəsi, metabolik (II tip diabet) cərrahiyyə, metabolik xəstəliklər zamanı endokrinoloji müalicə və dietoloji üsullar, piylənmənin səbəb olduğu kardioloji xəstəliklər, piylənməsi olan pasiyentlərdə əməliyyata almamışdan öncə Anestezioloji və Reanimasiya dəyərləndirməsinə aid mövzular müzakirə olunub.
Konqresin açılışı zamanı Səhiyyə Nazirinin müavini və TƏBİB-in səlahiyyətli şəxsləri, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, ATU-nun prorektoru, millət vəkilləri və digər fəxri qonaqlar çıxış edərək, son illər Azərbaycanın müxtəlif sahələrdəki tərəqqisindən, o cümlədən, ölkədə səhiyyənin inkişafından, inkişafı üçün görülmüş və görülən yeniliklərdən, edilən islahatlardan bəhs edib, bu inkişafın əhalinin sağlamlığının qorunması sahəsindəki problemlərin həllinə şərait yaratdığını bildiriblər.
Tədbirin təşkilat komitəsinin sədri, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri, laparoskopik-bariatrik cərrah Taryel Ömərov konfrans barəsində jurnalistlərə məlumat verərək deyib:
“İlk öncə səhiyyəmizin inkişafına, bizlərə yaradılan geniş şəraitə görə, Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevaya öz minnətdarlığımı bildirmək istərdim. Tərəfimizdən təşkilatçılığı edilmiş Beynəlxalq Bariatrik-Metabolik Konqresin paytaxtımızda keçirilməsi çox möhtəşəm haldır. Tədbir təbabətin ən müasir nailiyyətlərindən biri olan metabolik cərrahiyyəyə həsr olunub. Tədbiri keçirməkdə əsas məqsədimiz dünyada aparılan əməliyyatların və tibb yeniliklərinin Azərbaycanda da tətbiq edilməsinə dair ən müasir üsullarla həkim və tələbələrimizi tanış etməkdir. Belə ki, bu konqresdə dünyanın müxtəlif dövlətlərindən gəlmiş professorlar bizimlə öz təcrübələrini bölüşürlər, fikir mübadiləsi edirlər. Hazırda cəmiyyətdə ən aktual problemlərdən biri də piylənmədir. Bu problemin ölkəmizdə yayılmasının qarşısını almaq, o cümlədən sağlam qidalanma, piylənməyə yol açan amillərlə mübarizədə əhalinin maarifləndirilməsi baxımından bu cür tədbirlərin keçirilməsi çox vacibdir”.
“Bariatrik cərrahi əməliyyatı sadəcə estetik əməliyyat deyil. Piylənmədən əziyyət çəkən insanlarda kardioloji problemlər, II tip şəkərli diabet, yağlı qaraciyər sindromu kimi çox ağır xəstəliklər baş verir ki, piylənmə düzəlmədən bu xəstəliklər aradan qalxmır. İdman və pəhrizdən effekt ala bilməyən və bədən kütlə indeksinə(BKİ) uyğun olaraq normal ölçünü keçən insanlara bu əməliyyat göstərişdir. Azərbaycanda son 12 ildə on iki minə yaxın bariatrik cərrahiyyə əməliyyatı həyata keçirilib. Bu rəqəm özü özlüyündə bu sahənin sağlamlığa verdiyi tövhənin əyani sübutudur. Bir daha konqresimizin təşkilatçılığında əməyi keçən hərkəsə və bütün qurumlara öz təşəkkürümüzü bildirir və sağlamlıq naminə, Azərbaycan səhiyyəsinin inkişafı üçün atılacaq hər addımda bərabər olduğumuz müddətcə daha sürətlə və inamla inkişaf edib, beynəlxalq səhiyyə sektoruna Azərbaycan səhiyyəsinin adını qızıl hərflərlə yazdıracağımıza adım kimi əminəm”, - deyə o əlavə edib.











