“İkitərəfli əlaqələr yüksələn xətlə inkişaf edir”

ikiterefli-elaqeler-yukselen-xetle-inkisaf-edir
Oxunma sayı: 1346

“Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli əlaqələri yüksələn xətlə inkişaf edir. Türk dünyasının birliyi, Avropa ölkələri ilə əməkdaşlıq, yeni istiqamətlərin müəyyənləşdirilməsi prioritet məsələlər sırasındadır. Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Qırğızıstan ilə münasibətlərə böyük önəm verir. İkitərəfli əməkdaşlığın inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, türk dünyasının birliyi hazırda işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində də  özünün aydın ifadəsini tapır: “Bu ilin martında qardaş qazax xalqının Azərbaycan xalqına hədiyyəsinin təqdimatı oldu. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak etdilər. Cənab İlham Əliyev açılış mərasimində belə bir əminliyi ifadə etdi ki, bu, təkcə Uşaq Yaradıcılıq Mərkəzi deyil, həm də Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq mərkəzi olacaq.

Ötən ilin avqust ayında isə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etdilər. Bu addımların davamı olaraq Qırğızıstan Prezidenti Sadır Japarov ölkəmizə dövlət səfəri çərçivəsində cənab İlham Əliyev ilə birgə Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak etdilər. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövləti adından Ağdamın Xıdırlı kəndində tam orta məktəb binasının inşası iki ölkə arasında sarsılmaz qardaşlıq münasibətlərinin göstəricisidir.

Bütün bu addımlar dostluğun, qardaşlığın nümunəsi olmaqla, dünyaya türk birliyinin, həmrəyliyinin təqdimatıdır. Qardaş Türkiyənin də işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərinə töhfələri davamlıdır. Dünya 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı andan bu günədək qardaş Türkiyənin Azərbaycana dəstəyinin, Azərbaycan-Türkiyə birliyinin şahidinə çevrilir”.

Millət vəkili dövlət başçısı İlham Əliyevin Almaniyaya işgüzar səfərindən də bəhs edib.

O bildirib ki, Prezident İlham Əliyevin aprelin 26-da Almaniyaya işgüzar səfəri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Deputat vurğulayıb ki, təkcə iki səfərin timsalında Azərbaycanın ikitərəfli əməkdaşlığa böyük önəm verdiyini görürük: “Tərəflər münasibətlərin uğurlu inkişafı üçün bütün zəruri addımların atılmasında maraqlıdırlar. Bu, ilk növbədə Azərbaycana inamın, etimadın göstəricisidir”.