İlham Əliyev Suriyanın keçid dövrü Prezidenti ilə görüşdü - Fotolar

ilham-eliyev-suriyanin-kecid-dovru-prezidenti-ile-gorusdu
Oxunma sayı: 4107

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl-Şaraa ilə görüşü olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Prezident İlham Əliyev Suriyada baş vermiş dəyişikliklərlə əlaqədar məmnunluğunu bildirərək, bununla bağlı Əhməd Əl Şaraanı təbrik edib.

Dövlət başçısı deyib ki, dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddət ərzində bu ölkəyə göndərilib və Əsəd rejiminin siyasəti səbəbindən uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib.

Prezident İlham Əliyev Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bu ölkənin bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu qeyd edib.

Əhməd Əl Şaara Azərbaycan tərəfinin dəstəyinə görə dövlət başçısına minnətdarlığını bildirib.

O, gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmini qeyd edib.

Suriyada sabitliyin bərpası üçün əlindən gələni etdiyini deyən Əhməd Əl Şaara bununla belə xarici faktorların bu məsələyə təsirindən narahatlığını vurğulayıb.

Söhbət zamanı, eyni zamanda, Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatının inkişafı məsələsinə toxunulub.

Görüşdə ölkələrimiz arasında yüksəksəviyyəli rəsmi nümayəndə heyətlərinin və biznes dairələrinin təmsilçilərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Dövlət başçısı Əhməd Əl Şaraanı ölkəmizə səfərə dəvət edib.

Dəvət minnətdarlıqla qəbul olunub.

***

Azərbaycan Prezidenti İlham Əliyev Antalyada Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan ilə də görüşüb.

Sudanın Suveren Keçid Şurasının Sədri ölkələrimiz arasında tarixi əlaqələrin olduğunu qeyd edib. O, Azərbaycanın həm öz regionunda, həm də dünyada böyük nüfuza malik vacib ölkə olduğunu vurğulayıb.

Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan Sudanın Azərbaycanla müxtəlif sahələrdə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini dedi və ölkələrimiz arasında mədən sənayesi, neft, energetika, infrastruktur, investisiyalar və digər istiqamətlərdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd edib.

Söhbət zamanı təhsil və təlim sahələrində də əməkdaşlıq məsələləri müzakirə edilib.

Prezident İlham Əliyev 2019-cu ildə Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhanın Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşündə iştirakını və səfər əsnasında aparılmış müzakirələri məmnunluqla xatırlayıb. Bundan sonra Azərbaycanla Sudan arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb.

Görüşdə iki ölkə arasında münasibətlərin genişləndirilməsi üçün iqtisadi təyinatlı nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil edilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq qeyd olunub.