İlham Əliyevə təbriklər gəlməkdə davam edir - Yenilənib

ilham-eliyeve-tebrikler-gelmekde-davam-edir
Oxunma sayı: 7968

Fevralın 7-də Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Viktor Orban İlham Əliyevə prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Viktor Orbana minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanaraq, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

***

İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

İraq Prezidenti İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ölkəmizin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Telefon söhbəti zamanı Azərbaycan ilə İraq arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunaraq əməkdaşlığın genişlənəcəyinə əminlik bildirib.

***

Serbiya Prezidenti Aleksandar Vuçiç:

“Zati-aliləri, möhtərəm cənab Prezident.

Sizi Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik etməkdən məmnunam. Bu qələbə Azərbaycan vətəndaşlarının Sizin liderliyinizə olan hədsiz etimadının təzahürüdür. Bununla yanaşı, bu nəticə dahi Heydər Əliyev tərəfindən qoyulmuş təməl üzərində son 20 ildə Sizin daxili, regional və beynəlxalq müstəvidə əldə etdiyiniz misilsiz nailiyyətlərə verilmiş qiymətdir.

Sizin strateji siyasətiniz və sadiqliyiniz sayəsində Azərbaycan sosial və iqtisadi inkişaf istiqamətində ciddi irəliləyişə nail olmuş, hər bir vətəndaşın təhlükəsizliyi və firavanlığı təmin edilmiş, ölkəniz regional liderə çevrilərək beynəlxalq arenada həsədaparılası nüfuza sahib olmuşdur.

Serbiya Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir və heç vaxt unutmur ki, ölkəniz həqiqi dost və həyati əhəmiyyətli maraqlarımızın müdafiəçisi olduğunu dəfələrlə sübut edib. Fürsətdən istifadə edərək, beynəlxalq hüququn prinsipləri və BMT nizamnaməsinə sadiqliyinə, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dəstəklə bağlı Azərbaycanın dəyişməz mövqeyinə görə səmimi minnətdarlığımı bildirirəm.

Məmnuniyyətlə qeyd edirəm ki, bizim siyasi, iqtisadi və humanitar sahələrdə strateji əməkdaşlığımız və əlaqələrimiz bir çox aspektlər üzrə genişlənmişdir. Mən tam əminəm ki, Sizin davamlı müdrik rəhbərliyiniz və liderliyiniz sayəsində Serbiya və Azərbaycan arasında uzunmüddətli və sıx tərəfdaşlıq qarşılıqlı maraqlar naminə güclənəcək və inkişaf edəcəkdir.
Öz növbəmizdə Sizi əmin etmək istəyirəm ki, biz bütün sahələrdə dostluq, qarşılıqlı hörmət, etimad və dəstək prinsiplərindən çıxış edərək daha da səmərəli və inkişaf edən əməldaşlığın təmin olunmasına, birgə layihə və ideyaların həyata keçirilməsinə güclü şəkildə sadiqik.

Zati-aliləri, əziz dostum, Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və əmin-amanlıq arzu edirəm.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Prezident İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

Şimali Kipr Prezidenti bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib:

 “Azərbaycan Prezidenti vəzifəsinə seçkilərdə ilkin nəticələrə görə tarixi zəfərlə yenidən prezident seçilən cənab İlham Əliyevi ürəkdən təbrik edir, seçkilərin nəticələrinin bütün qardaş Azərbaycana xeyirli olmasını diləyirəm”.

***

Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.

Bu barədə o, “X” sosial şəbəkə hesabında yazıb.

“İlham Əliyevi Azərbaycanda keçirilən prezident seçkilərində əldə etdiyi qəti qələbə münasibətilə təbrik edirəm”, - deyə Pakistan Prezidenti vurğulayıb.

Təbrikində iki ölkə arasındakı davamlı dostluğu və əməkdaşlığı daha da gücləndirməyi səbirsizliklə gözlədiyini yazan A.Alvi bildirib:

“Sizin liderliyiniz tərəqqi və sabitliyə ilham verməkdə davam edir. Pakistan davamlı dostluğumuzu və əməkdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyir. Uğurlarınızın davamlı olmasını arzulayırıq!”.

***

İran Prezidenti İbrahim Rəisi:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasında prezident seçkilərinin uğurla keçirilməsi və Zati-alinizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə səmimi təbriklərimi çatdırıram.

Azərbaycan Respublikasının suverenliyinin bərpasından sonra ölkənizin bütün ərazilərində ilk dəfə bu seçkilərin keçirilməsi daha böyük əhəmiyyət kəsb edir.

İki qonşu və müsəlman ölkəsi olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası xalqları arasındakı qədim tarixi, dini və ortaq mədəni cəhətlər, dərin mənəvi bağlar, iki ölkənin müxtəlif sahələr üzrə birgə maraqları ölkələrimiz arasındakı əlaqələrin genişləndirilməsi üçün möhkəm dayaqlar yaratmışdır. Əmin olduğumu bildirirəm ki, Zati-alinizin yenidən prezidentliyi dövründə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq, qardaşlıq münasibətlərinin və əlaqələrin yüksələn xətlə inkişaf etməsinə şahid olacağıq.

Allah-Taaladan Sizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, qardaş Azərbaycan Respublikasının xalqına isə səadət və xoş günlər arzulayıram”.

***

Çin Sədri Si Cinpin:

“Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Çin hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırıram. Əminəm ki, Azərbaycan Sizin rəhbərliyinizlə bütün dövlət quruculuğu təşəbbüslərində yeni nailiyyətlər əldə edəcək.

Son illər Çin-Azərbaycan münasibətləri öz inkişafının nümunəvi və sabit olması ilə fərqlənir. Yüksək səviyyəli siyasi etimad mühiti yaranır, “Bir kəmər, bir yol” təşəbbüsünün birlikdə həyata keçirilməsində irəliləyiş, beynəlxalq münasibətlərdə sıx qarşılıqlı fəaliyyət müşahidə olunur.

Mən Çin-Azərbaycan münasibətlərinə böyük əhəmiyyət verirəm, bizim işgüzar münasibətlərimizi və şəxsi dostluğumuzu yüksək qiymətləndirirəm. Sizinlə birlikdə ikitərəfli münasibətlərin inkişafı və bütün sahələrdə əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsində birgə səylər göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzu edirəm.

Dost Azərbaycana tərəqqi, xalqınıza isə xoşbəxtlik və əmin-amanlıq diləyirəm”.