“İllərdir kanalizasiya iyindən əziyyət çəkirik” - Video

illerdir-kanalizasiya-iyinden-eziyyet-cekirik
Oxunma sayı: 2943

“Kanalizasiya suları evlərimizin qarşısındakı kanala axıdılır və ətrafa iyi yayılır. Biz illərdir bundan əziyyət çəkirik”. 

Bu sözləri “Qafqazinfo”ya Sabunçu rayonu, Ramana qəsəbəsinin sakini Cavid İbrahimov deyib.

Şikayətçi bildirib ki, Mənsur Şərifov 168 küçəsindəki evlərin qarşısında kanalizasiyanın iyindən yaşamaq mümkün deyil: “Zabrat Hava Limanının qarşısındakı Dövlət Neft Şirkətinin torpaqlarında tikilən evlərin kanalizasiyası nasosxana vasitəsilə Abşeron su kanalına vurulur. Bu da ciddi problemlər yaradır. Aidiyyəti qurumlara bununla bağlı müraciət etsəm də, nəticə yoxdur. Bura quraşdırılan boru isə yalnız ərazidəki çirkli suyu aşağı basdırır”.

Vətəndaş eyni zamanda iddia edir ki, sözügedən ərazidə köhnə anbara gedən xətlər işlək deyil.

Məsələ ilə bağlı “Azərsu ASC”yə sorğu göndərdik. Qurumdan saytımıza cavab olaraq bildirildi ki, adıçəkilən ərazidə kanalizasiya infrastrukturu mövcud deyil: “Həmin ərazidə kanalizasiya yoxdur və 2024-cü ildə yaradılması nəzərdə tutulmur”.

Problemlə bağlı Azərbaycan “Meliorasiya və Su Təsərrüfatı” ASC-dən də saytımıza açıqlama verilib. Bildirilib ki, kanal hər il təmizlənsə də, sakinlər oranı çirkləndirir: “Bu kanal bizim balansdadır. Həmin kanalı hər il təmizləsək də, ətrafda yaşayan insanlar oranı zibilləyirlər. Əslində, bu problem nəinki Ramana qəsəbəsində, digər yaşayış məntəqələrindən keçən kanallarda da yaşanır. Məsələnin həlli ilə bağlı yaxın zamanda yeni layihə işlənəcək və həmin kanal qapalı boru xətti ilə əvəz olunacaq”.

Fidan Etibar