İlqar Abbasov mart ayında səyyar görüşlər keçirib - Fotolar

ilqar-abbasov-mart-ayinda-seyyar-gorusler-kecirib
Oxunma sayı: 1943

Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş qrafikə əsasən, 2024-cü ilin mart ayında şəhərin müxtəlif ərazilərində sakinlərlə 4 səyyar görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, səyyar görüşlərdə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli işlərin görüldüyünü, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən “Yeni Şirvan” yaşayış kompleksinin tikintisi, su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, nümunəvi məhəllələrin, yaşıllıqların salınması işlərinin davam etdirildiyini qeyd edib. Həmçinin həyata keçirilən infrastruktur layihələri, Şirvan şəhərinin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş tədbirlər barədə məlumat verib.

Səyyar görüşlərdə sakinlərin müraciətləri dinlənilib və onları narahat edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.