“Qafqazinfo” AYB.az saytına istinadən xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin katibliyinin toplantısında yeni və önəmli qərar qəbul edilib. “Ulduz” jurnalının baş redaktor müavini İlqar Fəhmi Yazıçılar Birliyinin katibi təyin edilib. Xatırladaq ki, buna qədər bu vəzifəni Arif Əmrahoğlu icra edirdi. Arif Əmrahoğlu 19 iyun tarixində dünyasını dəyişib.
Qeyd edək ki, İlqar Fəhmi bu vəzfiəni sentyabr ayının 1-dən icra etməyə başlayacaq.
İlqar Fəhmi 1975-ci ildə Bakı şəhərində anadan olub. Bakının Zirə kəndindəndir. 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. 8 kitabı dərc edilib, 2002-ci ildə "Axırıncı qatar" ("İtlər") pyesi Cənnət Səlimova tərəfindən səhnələşdirilib, "Ölüm növbəsi" (2009, rejissor Fikrət Əliyev), "Aktrisa" (2010, rejissor Rövşən İsax), "Dərvişin qeydləri" (2011-2012, rejissor Eldar Quliyev) və başqa ssenariləri dövlət sifarişiylə ekranlaşdırılıb. 2003-cü ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin "İlin ən yaxşı gənc şairi" mükafatına, 2007-ci ildə "Rəsul Rza" ədəbi mükafatına, 2008-ci ildə Rusiyada MDB ölkələri gənc şairləri arasında keçirilən Poeziya yarışının diplomuna, 2011-ci ildə isə "Bakı tarixindən kollaj" əsərinə görə "Humay" mükafatına layiq görülüb.
Onun romanı əsasında çəkilən "Aktrisa" filmi 2011-ci ildə Kann kimofestivalında ilk dəfə Azərbaycan pavilyonunun açılışında nümayiş etdirilib.
Əsərləri bir çox xarici ölkələrdə nəşr edilib.
Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü və "Ulduz" jurnalının baş redaktor müavini vəzifəsində çalışıb.
Azərbaycan Dövlət Televiziyasında yayimlanan "Məclisi-Üns" ədəbi verilişinin aparıcısıdır.
“Qafqazinfo” bu məqamda İlqar Fəhminin iki qəzəlini oxuculara təqdim edir:
Gecələr
Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr,
Qəmli ruhun haralar gəzdi, biləydim gecələr.
Hər səhər sübh nəsimiylə doğulmaqçün kaş,
Baş qoyub sinənə sakitcə öləydim gecələr.
Bölünüb min yerə, hər zərrəmi bir ulduz edib,
Başın üstündə səmaya düzüləydim gecələr.
Ağlayıb gündüzü biçarə bulud tək sənsiz,
Baxaraq göz yaşıma sənlə, güləydim gecələr.
Sən qaranlıqda ayı seyr elədikcə, mən də,
Ruhuna ay işığıyla süzüləydim gecələr.
Baş daşım üstə dodaq izlərini öpmək üçün,
Allahımdan da xəbərsiz diriləydim gecələr.
Fəhminin qəlbidə son arzu qalmış yalnız,
Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr.
Qəzəl
Mən ağlamaq bacarmıram
Qəmli bulud, ağla mənə
Sevincini göylərə ver,
Kədərini saxla mənə
Mən dünyaya əl uzatdım
Dünya mənə baxdı-keçdi
Səadətim şimşək kimi
Bir anlığa çaxdı keçdi.
Allah mənə dil veribdi,
Öz-özümlə danışmağa
Bir ömürlük vaxtım qalıb,
Öz oduma alışmağa .
Qan yerinə sükut axır
Ürəyimin yarasından,
Yə’qin bəxtim qaralıbdır,
Saçlarının qarasından.
Sinəmə bir dağ çəkdilər
Kaş ki, dəniz çəkəydilər,
Gərək mən öldüyüm yerdə,
Ulduzları əkəydilər.
Son xəbərlər
Son Xəbərlər