İmzaların ardınca daha bir özbək qolu - Səfər davam edir

imzalarin-ardinca-daha-bir-ozbek-qolu
Oxunma sayı: 1111

Bəlkə də, əlitelefonlu çağdaş insanın ən gözəl istirahətidir axşam udan komandasının qollarını sosial şəbəkələrdən təkrar-təkrar izləmək – gecə tam sevinə bilmədiyi qolların dadını bir-bir hiss etmək...

“Sabah” futbol klubunun “Hapoel”i (Beer Şeva) 5-2 hesabı ilə udması, pley-off qədər amansız bir sınaqda 5 top vurması komandanın keyfiyyətindən xəbər verir, oyunun dramatikası, qolları vuranların kimliyi isə gecəni bənzərsiz bir novellaya çevirir: bu qaranlıq gecənin sabahı da, “bayquş”u da “Sabah” idi.

Prezident İlham Əliyevin tarixi Özbəkistan səfərindən bir gün sonra özbəkistanlı futbolçu Umarali Rahmonaliyev komandamızda qol vurur və Azərbaycan Qərbə səfərə başlayır... “Sabah”ın qələbəsindən sonra Azərbaycan adı, bayrağı azından bir mövsüm Qərbin ən yüksək idman tribunalarında olacaq.

Bu möhtəşəm gecədən bir gün əvvəl Prezident İlham Əliyev bizə Nizami Gəncəvinin, Əlişir Nəvainin miras qoyduğu mənəvi xəzinəni yenidən gün üzünə çıxarmışdı, səfər boyu zəngin, miqyaslı, müstəsna layihələrə imza atılmışdı. İki dövlət və iki xalq arasındakı qardaşlıq bağlarını yenidən möhkəmlədən bu fundamental səfərin bütün sahələrdə davamlı olacağını isbatlayan rəmzi hadisələrdən biri də, məhz özbək futbolçunun Azərbaycan komandasında ölkəmizi növbəti səfərə çıxaracaq qollardan birinə imza atmağıdır.

Bu qələbənin sadə bir futbol hadisəsi yox, qlobal çəkili təntənə olduğunu Prezidentin “Sabah” futbol klubunu təbrik etməsindən də aydın görürük...

Komanda Azərbaycanındırsa, futbolçuların legioner olması milli reallığı dəyişmir, çünki dünyanın ən güclü klublarında da vəziyyət eynidir – legioner bütün klublarda milli oyunçulardan çoxdur. Bununla paralel könül yaşıl meydanlarda üzərində “Azər”, “Əhməd”, “Aslan” yazılmış kürəklər də axtarır.

Azərbaycan futbolu üçün qol vuran “Mark”lar, “Cek”lər, “Corc”lar çox görmüşük... Dünən gecəki bir kürək isə içimizdəki daha bir əskiyi tamamladı. Tellur yazılmış bu kürək ürəyi futbolun həmin titrək məqamında əsən bir çox insanımızın gözlərini qürurla yaşartdı, bu yaş daha bir boş kasamızı doldurdu. 

“Oyunda Azərbaycanlı soyadı eşitmirik” deyənlər üçün “Tellur Mütəllimov!” fenomenini bağırdı şərhçi! Özü də oyunun 90+4-cü dəqiqəsində... Oyunu bitirməyən, səfərimizi daha bərəkətli torpaqlara daşıyan bir qol...

Dünən gecə Tofiq Bəhramov stadionu ən rəngarəng bayramlarından birini yaşayırdı.

Hündür pəncərəsindən baxdığı stadionda bir neçə saat sonra Qurban Qurbanovun “köhlənlər”ini də çətin bir sınaq gözləyir. Məşhur “Twente” ilə sınağa bir gün qalmış yorğun məşqçi ölkə çempionatındakı ən ciddi rəqibini rinqdə – Tofiq Bəhramov stadionunda alqışlayırdı. 

“Sabah”ın möhtəşəm qələbəsindən sonra “Qarabağ”ın uğurlarının Azərbaycan futboluna aidiyyəti yoxdur, bu, bir klubun tək inkişafının göstəricisidir” fikri olan-qalan mənasını da itirdi. Bir ölkə çempionatından ardıcıl iki il ərzində ayrı-ayrı komandalar dünyanın ən ali futbol turnirlərindən olan Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandı.

Azərbaycan üzü Şərqə, üzü Qərbə səfərdədir. Gecə-gündüz... Futbolumuz təkcə tövşüyə-tövşüyə “at kimi” çapmır, həm də səbirlə “bayquş kimi” düşünür. Azərbaycan “Qarabağ” qədər qədim və “Sabah” qədər gəncdir. Azərbaycan daim səfərdədir... Növbəti səfərimiz mübarək!

Sərdar Amin

Xüsusi olaraq “Qafqazinfo” üçün