İnsan ən çox neçə il yaşaya bilər?

İnsan ən çox neçə il yaşaya bilər?
Oxunma sayı: 7130

Dünyanın ən uzunömürlü insanı 118 yaşlı fransız rahibəsi Lucile Randon bu il yanvarın 18-də vəfat etdi. Onun ölümündən sonra 115 yaşlı ispan Maria Branyas Morera dünyanın ən yaşlı insanı kimi Ginnesin rekordlar kitabına düşdü.

“Qafqazinfo” insanın ən çox neçə il ömür sürə bilməsi ilə bağlı alimlərin qənaəti əsasında hazırlanan araşdırma-yazını təqdim edir.

Alimlər uzun illərdir insanın ən çox neçə yaşına qədər yaşaya biləcəyi ilə bağlı araşdırma aparır, müxtəlif rəqəmlər səsləndirirlər. Məsələn, 18-ci əsrdə fransız təbiətşünası Georges-Luis Leclerc qəza və ya xəstəlik keçirməyən bir insanın 100 il yaşaya biləcəyi nəzəriyyəsini irəli sürmüşdü. O vaxtdan bəri həyat şəraitinin yaxşılaşması və tibbin inkişafı insan ömrünün uzanmasına yol açıb. 

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, on il əvvəl 100 və daha yuxarı yaşda olan insanların sayı 353 min nəfər idisə, 2021-ci ildə bu rəqəm 593 mini keçib.

Bəzi alimlərin fikrincə, insan ömrü ciddi bioloji göstəricilərdən asılıdır. Genetiklərin bəziləri 1990-cı illərin sonundan bəri insan ömründə heç bir yaxşılaşma olmadığını irəli sürürlər. Beynəlxalq demoqrafik məlumatları təhlil edən tədqiqatçılar dünyada daha çox yaşlı insanların olmasına baxmayaraq, fransız Jeanne Kalmentin (red: 122 yaş - 1997) ölümündən sonra insan ömrünün maksimum azaldığını bildirirlər. Bu fikirləri dəyərləndirən fransız demoqraf Jean-Marie Robinin sözlərinə görə, ümumi rəy ondan ibarətdir ki, insan ömrünün təbii bir həddi var və araşdırmaçılar uzunömürlülüyün təxminən 115 il ilə məhdudlaşdığı qənaətinə gəliblər.

2018-ci ildə aparılan bir araşdırma isə göstərmişdi ki, ölüm nisbəti 85 yaşa qədər artsa da, ondan sonra yavaşlayır. Bu nəzəriyyəyə görə, 110 yaşında 12 nəfər varsa, altısının 111 yaşa, üçünün isə 112 yaşa qədər ömür sürməsi gözlənilir və s. Belə olan halda, əsrlər keçdikcə, uzunömürlülərin də sayının artması mümkündür.

Digər tərəfdən, ekspertlərin bir qismi qeyd edir ki, gələcək tibbi nailiyyətlər ölüm haqqında biliklərimizi artıra bilər. Bu fikri dəstəkləyənlərdən biri də yaşlılar üzrə mütəxəssis Erik Bulanerdir. Onun fikrincə, “genetik manipulyasiya” bəzi insanların 140, hətta 150 il yaşamasına imkan verə bilər.

Qeyd edək ki, ölkəmizdə 90 yaşına çatmış insan uzunömürlü hesab edilir. Azərbaycanın ən uzunömürlü sakini Şirəli Müslümov Lerikin Barzavu kəndində 168 il yaşayıb. Bundan başqa, Lerikin Pirasora kəndində yaşamış Mahmud Eyvazov 150 il, Tikəband kənd sakini Məcid Ağayev 147, Cəngəmiran kənd sakini Qızıl Quliyeva 134 il yaşamışlar. Vaxtilə 100 yaşdan yuxarı ömür sürən insanların çox olması Lerik rayonunun uzunömürlülər diyarı kimi şöhrət tapmasına səbəb olub.

Bu baxımdan dünyada yeganə “Uzunömürlülər” muzeyinin məhz Lerik rayonunda yerləşməsi də təsadüfi deyil.