“İnternet informasiya ehtiyatında və informasiya-telekommunikasiya şəbəkəsində ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, əxlaq normalarına və milli-mənəvi dəyərlərə uyğun olmayan davranışların qarşısının alınmasına yönəlmiş hüquqi mexanizmlərin gücləndirilməsinin nəzərdə tutulması xüsusilə gənclərin və yeniyetmələrin zərərli informasiyalardan qorunması baxımından aktual və zəruridir”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, müasir sosial şəbəkə mühitində qeyri-etik məzmunun sürətlə yayılması nəzərə alınmaqla, inzibati məsuliyyət tədbirlərinin dəqiqləşdirilməsi ictimai davranış normalarının möhkəmləndirilməsinə və sağlam mənəvi mühitin qorunmasına xidmət edir: “Bununla yanaşı, qanun layihəsinin gələcəkdə düzgün, ədalətli və vahid şəkildə tətbiq olunmasını təmin etmək məqsədilə bəzi texniki və məzmun xarakterli məqamların dəqiqləşdirilməsi zəruridir.
Belə ki, layihədə internet mühitində ictimai mənəviyyatın qorunmasına dair müddəaların tətbiqi zamanı hüquqi müəyyənliyin təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Layihədə istifadə edilən “ictimai mənəviyyatı təhqir edən”, “cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər”, “əxlaqsız ifadələr”, “milli-mənəvi dəyərlərə zidd” kimi anlayışlar geniş və şərhə açıq olduğundan, onların normativ izahlarda və ya əlavə qaydalarda daha aydın və konkret şəkildə açıqlanması məqsədəuyğun olardı.
Bu yanaşma bir tərəfdən qanunun subyektiv tətbiqinin qarşısını alar, digər tərəfdən isə vətəndaşların, media subyektlərinin və sosial şəbəkə istifadəçilərinin hansı hallarda məsuliyyət yarandığını əvvəlcədən bilməsinə imkan verər. Bu fərqləndirmənin normativ izahlarda açıq şəkildə göstərilməsi qanunun ifadə azadlığı ilə balanslı şəkildə tətbiqinə xidmət edər.
Digər tərəfdən, inzibati məsuliyyətin mahiyyətinin yalnız cəzalandırma deyil, həm də qabaqlayıcı və tərbiyəvi xarakter daşıdığını nəzərə alaraq, hesab edirəm ki, ictimai mənəviyyata zidd məzmunla bağlı pozuntular üzrə ilk dəfə törədilən hallarda inzibati tənbeh kimi xəbərdarlıq tədbirinin tətbiq edilməsi, yalnız eyni xarakterli pozuntunun təkrar törədilməsi halında cərimə və digər inzibati sanksiyaların tətbiq olunması daha ədalətli və proporsional yanaşma olardı”.
Deputat qeyd edib ki, bu mexanizm xüsusilə hüquqi tələbləri tam dərk etmədən yol verilmiş hallara görə vətəndaşların dərhal sərt maliyyə sanksiyaları ilə üzləşməsinin qarşısını almaqla yanaşı, qanunun preventiv və tərbiyəvi məqsədlərinə də tam cavab verər: “Eyni zamanda, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun layihəsi ilə bağlı texniki və uyğunlaşdırma xarakterli bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm.
Bu məsələ daha çox ikinci oxunuşun tələblərinə uyğun olsa da, biz bu gün burada 12-ci məsələ kimi ikinci oxunuşda müzakirə edəcəyimiz məsələ ilə birbaşa bağlıdır və elə buna görə də bu düzəliş təklifimi indi etməyi uyğun bilirəm.
Qeyd edim ki, ikinci oxunuşda müzakirə edəcəyimiz 12-ci məsələdə 26 qanun layihəsində indiyədək fərqli kateqoriyalar kimi müəyyən edilən "valideynlərini itirmiş" və "valideyn himayəsindən məhrum olmuş" uşaq anlayışlarının vahid kateqoriyada "valideyn himayəsindən məhrum olmuş" uşaq anlayışı ilə əvəz edilməsi təklif edilir.
Burada isə, müzakirə etdiyimiz Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun layihəsinin 1.6-cı bəndi ilə 63.3-cü maddəyə yeni əlavə edilən ikinci cümlədə “valideynlərini itirmiş” və “valideyn himayəsindən məhrum olmuş” uşaqlar anlayışları fərqli kateqoriyalar kimi verilir.
Bu uyğunsuzluğu aradan qaldırmaq üçün İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun layihəsində də “valideynlərini itirmiş" və "valideyn himayəsindən məhrum olmuş" uşaq anlayışlarının vahid kateqoriyada "valideyn himayəsindən məhrum olmuş" uşaq anlayışı ilə əvəz edilməsini təklif edirəm və bu düzəlişin edilməsini xahiş edirəm.
Yekun olaraq qeyd etmək istəyirəm ki, təqdim edilən Qanun layihəsi bütövlükdə cəmiyyətin hüquqi və mənəvi dəyərlərinin qorunması baxımından təqdirəlayiq olmaqla yanaşı, qeyd olunan terminoloji uyğunlaşdırma, anlayışların dəqiqləşdirilməsi və inzibati məsuliyyətin mərhələli tətbiqi ilə bağlı təkliflərin nəzərə alınması qanunun daha ədalətli, daha effektiv və praktik olmasını təmin edəcək”.
Nuranə Daxilqızı