1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qaradağ rayonunda möhtəşəm bayram tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Qaradağ Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Bakı şəhəri 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən keçirilən “Uşaqların Rəngarəng Dünyası” adlı geniş konsert proqramı və sərgi rayonun bütün uşaqlarına əsl bayram hədiyyəsi olub.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, YAP Qaradağ Rayon təşkilatının sədr müavini Faiq Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, rayonun ictimaiyyət nümayəndələri, valideynlər, müəllimlər və çoxsaylı uşaqlar iştirak ediblər.
Bayram tədbiri qonaqların mərkəzin müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən dərnəklərinin hazırladığı sərgi və təqdimatlarla tanışlığı ilə başlayıb.
Rəsm, dekorativ-tətbiqi sənət, bədii tikmə, kitab klubu, gənc kimyaçılar, gənc jurnalistlər, məntiq və digər dərnəklərin üzvləri il ərzində əldə etdikləri nailiyyətləri nümayiş etdiriblər. Hər bir guşə uşaqların yaradıcılığını, bilik və bacarıqlarını əks etdirən maraqlı layihələr, əl işləri və təqdimatlarla diqqət çəkib.
Xüsusilə “Gənc jurnalistlər” dərnəyinin fəaliyyəti qonaqlar tərəfindən maraqla qarşılanıb. Dərnəyin üzvləri tədbir iştirakçıları və fəxri qonaqlarla müsahibələr apararaq jurnalist bacarıqlarını nümayiş etdiriblər. Bu isə uşaqların yalnız nəzəri deyil, praktiki biliklərə də yiyələndiklərini göstərib.
Tədbirin ən önəmli xüsusiyyətlərindən biri onun tamamilə uşaqlar tərəfindən hazırlanması və təqdim olunması olub. Bayramın aparıcıları uşaqlar olub, səhnədə çıxış edənlər uşaqlar olub, sərgilərin müəllifləri uşaqlar olub. Bir sözlə, bu günün əsas qəhrəmanları məhz uşaqlar idi.
Konsert proqramında milli və müasir rəqslər, musiqi nömrələri, şeirlər, instrumental ifalar, xarici dillərdə mahnılar və teatrlaşdırılmış təqdimatlar nümayiş etdirilib. Uşaqlar il ərzində öyrəndikləri bilikləri, qazandıqları bacarıqları və inkişaf etdirdikləri istedadları tamaşaçılar qarşısında təqdim edərək öz yaradıcılıq hesabatlarını veriblər. Hər çıxış alqışlarla qarşılanıb və gənc nəslin potensialını bir daha nümayiş etdirib.
Tədbir çərçivəsində ölkəmizdə elan olunmuş “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş xüsusi təqdimatlar da təşkil olunub. Uşaqlar Azərbaycanın memarlıq incilərini, tarixi abidələrini və milli-mədəni irsini yaradıcılıq nümunələri vasitəsilə təqdim edərək vətənpərvərlik ruhunu və milli dəyərlərə bağlılıqlarını nümayiş etdiriblər.
Qeyd olunub ki, Bakı şəhəri 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Qaradağ rayonunun müxtəlif məktəblərində fəaliyyət göstərən çoxsaylı dərnəklər vasitəsilə minlərlə uşağın inkişafına töhfə verir. Bu fəaliyyət Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət uşaq siyasətinin mühüm tərkib hissəsidir. Məhz dövlətin diqqət və qayğısı nəticəsində uşaqlar məktəbdənkənar təhsil müəssisələrində tamamilə ödənişsiz şəkildə müxtəlif istiqamətlər üzrə məşğələlərdə iştirak edir, yeni bilik və bacarıqlar əldə edir, asudə vaxtlarını səmərəli təşkil edir və gələcək uğurları üçün möhkəm təməl formalaşdırırlar.
Tədbirin sonunda çıxış edən qonaqlar uşaqları bayram münasibətilə təbrik edib, onların gələcək uğurlarına inandıqlarını bildiriblər. Vurğulanıb ki, sağlam, savadlı, yaradıcı və vətənpərvər gənc nəslin yetişdirilməsi dövlətin prioritet istiqamətlərindən biridir və bu sahədə məktəbdənkənar təhsil müəssisələrinin rolu əvəzsizdir.
Tədbirin sonunda Bakı şəhəri 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinə gördükləri əvəzsiz işlərə görə xatirə plaketi, dərnəklərə təşəkkürnamə və bütün uşaqlara iştirakçı sertifikatları təqdim olunub.
“Uşaqların Rəngarəng Dünyası” tədbiri bir daha göstərdi ki, uşaqlara yaradılan şərait, göstərilən diqqət və qayğı onların potensialının üzə çıxmasına, cəmiyyət üçün faydalı vətəndaş kimi formalaşmasına xidmət edir. Bayram sevinc, dostluq, yaradıcılıq və gələcəyə inam atmosferində başa çatıb.











