“Real Madrid” Karvaxalın yerinə onlardan birini istəyir - 3 namizəd var

real-madrid-karvaxalin-yerine-onlardan-birini-isteyir
Oxunma sayı: 721

“Real Madrid” Dani Karvaxalın gedişindən sonra yaranan boşluğu doldurmaq üçün yay transfer pəncərəsində axtarışlara başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, Madrid təmsilçisinin transfer hədəfləri arasında İtaliyanın “İnter” klubunun niderlandlı müdafiəçisi Denzel Dumfris və Londonun “Tottenhem” klubunda çıxış edən İspaniya millisinin üzvü Pedro Porro ilk sıralarda yer alır. Portuqaliya “Sportinq”inin müdafiəçisi İvan Fresneda isə klub skautlarının yaxından izlədiyi ehtiyat variant kimi nəzərdən keçirilir.

Qeyd olunur ki, siyahıda transfer dəyəri ən yüksək olan oyunçu Pedro Porrodur. İngiltərə Premyer Liqasında keçirdiyi 34 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan 26 yaşlı ispaniyalının bazar qiyməti 40 milyon avro qiymətləndirilir. “İnter”in heyətində A Seriyasında 20 oyuna çıxaraq 3 qol və 1 assistlə fərqlənən 30 yaşlı təcrübəli müdafiəçi Denzel Dumfrisin müqaviləsində isə 25 milyon avroluq sərbəstqalma bəndi var və bu, onu “Real” üçün iqtisadi baxımdan ən cəlbedici variant edir. Gələcək vəd edən 21 yaşlı gənc müdafiəçi İvan Fresnedanın da transfer qiyməti hazırda 15 milyon avro civarındadır.

Xatırladaq ki, 2013-cü ildən bəri “Real”ın əsas heyətində çıxış edən və may ayında rəsmən klubla vidalaşan Dani Karvaxal Madrid təmsilçisinin heyətində bütövlükdə 451 matçda meydana çıxıb, 14 qol və 66 məhsuldar ötürmə müəllifi olub. O, ötən mövsüm bütün turnirlər daxil olmaqla 22 oyunda iştirak etmişdi.