Azərbaycan Texniki Universitetində (AzTU) tələbə təcrübələrinin təşkili sahəsində yeni və innovativ idarəetmə modeli tətbiq olunur.
“Qafqazinfo” xəbər verir ki, mövcud qanunvericiliyin tələbləri əsasında hazırlanmış AzTU təcrübə qaydaları və bu qaydaların icrasını təmin edən süni intellekt əsaslı təcrübə portalı artıq ikinci ildir uğurla istifadə edilir.
Bu model Azərbaycanda ali təhsil müəssisələri arasında tələbə təcrübələrinin rəqəmsal, şəffaf və nəticəyönümlü idarə olunması baxımından ilk kompleks yanaşmalardan biridir.
Yeni sistemin əsas konsepsiyası tələbə, universitet və sənaye müəssisəsi arasında əlaqəni vahid platformada birləşdirməkdir. Hər bir ixtisas üzrə tələbə sayından daha çox təcrübə yeri formalaşdırılır, müəssisələr üzrə kvotalar və təcrübə rəhbərləri əvvəlcədən müəyyən edilir. Tələbələr akademik performans göstəricilərinə əsasən portal üzərindən təcrübə yerini və rəhbərini seçirlər. Bu yanaşma seçim imkanlarını genişləndirir, şəffaflığı artırır və təcrübə prosesində sağlam rəqabət mühiti yaradır.
Portalın mühüm üstünlüyü təcrübə prosesinin gündəlik rəqəmsal izlənməsidir. Tələbə hər gün gördüyü işlər barədə hesabat daxil edir, müəssisə üzrə təcrübə rəhbəri isə tələbənin fəaliyyəti və peşəkar davranışı barədə mütəmadi qeydlər aparır.
Əvvəlki tarixə qeyd daxil edilməsinə icazə verilməməsi sistemin etibarlılığını və obyektivliyini gücləndirir. Təcrübə başa çatdıqda bütün qeydlər əsasında yekun hesabat avtomatik hazırlanır və süni intellekt vasitəsilə qiymətləndirilir.
Bu model AzTU üçün yalnız texnoloji yenilik deyil, həm də universitet-sənaye əməkdaşlığının yeni mərhələsidir.
Portal təcrübəni formal prosedurdan real fəaliyyətə, gündəlik hesabatlılığa və ölçülə bilən nəticəyə çevirir. Universitet bütün metodiki materialları vahid platforma üzərindən təqdim edir. Universitet tərəfindən təyin olunan metodoloji rəhbər isə prosesin akademik və təşkilati keyfiyyətinə nəzarət edir.
Beynəlxalq təcrübə baxımından AzTU təcrübə portalı iş əsaslı öyrənmə, nəticəyönümlü qiymətləndirmə, rəqəmsal izləmə və sənaye ilə birgə tədris prinsiplərinə uyğundur.
Dünyanın aparıcı universitetlərində tətbiq olunan “internship management”, “work-based learning” və “digital assessment” yanaşmaları AzTU modelində yerli qanunvericilik və milli ali təhsil mühiti nəzərə alınmaqla vahid süni intellekt platformasında birləşdirilib.
Gələcək mərhələdə təcrübə portalının tələbələrin karyera inkişafı, məzun izləmə sistemi, müəssisələrin qiymətləndirilməsi, əmək bazarı tələblərinin analizi və universitet–sənaye tərəfdaşlığının genişləndirilməsi istiqamətində daha da inkişaf etdirilməsi nəzərdə tutulur.
Bu, AzTU-nun rəqəmsal transformasiya, praktikyönümlü təhsil və innovativ universitet modelinə keçidində mühüm addım kimi qiymətləndirilir.
AzTU təcrübə portalı tələbələr üçün daha ədalətli seçim, sənaye üçün daha səmərəli əməkdaşlıq, universitet üçün isə daha şəffaf, ölçülə bilən və süni intellektlə dəstəklənən keyfiyyət idarəetməsi imkanı yaradır.
Son xəbərlər
Son Xəbərlər