İqbal Ağazadənin sensasion məxfi müraciəti – I hissə

iqbal-agazadenin-sensasion-mexfi-muracieti-i-hisse-
Oxunma sayı: 864





“Qafqazinfo” Azərbaycan Ümid Partiyasının sədri, Milli Məclisin üzvü İqbal Ağazadənin 2010-cu ilin parlament seçkilərindən sonra öz partiyadaşlarına ünvanladığı şok müraciətini əldə edib. “Niyə məğlub oluruq?!” başlığı ilə edilən müraciət bütün ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılancaq məqamlarla zəngindir. Müraciətdə ilk dəfə olaraq, ölkədə real siyasi vəziyyət, iqtidar-müxalifət münasibətləri, dini durum və digər həssas məqamlar tam çılpaqlığı ilə təsvir edilir. Əlavə şərh vermədən bu gündən başlayaraq yazını hissə-hissə oxuculara təqdim edəcəyik.

Hər seçkidən sonra həm vətəndaşları , həm də siyasi təşkilatları bir sual çox ciddi düşündürür: Növbəti seçkidə qələbə qazanmaq üçün nədən başlamalı, necə təşkilatlanmalıyıq?!!
Müxtəlif yanaşmalar sərgilənsə də yekunda ciddi bir nəticəyə gəlinmir. Seçki sonrası məğlubiyyət nəticəsində gərginləşən, ümidsizliyə qapılan siyasi təşkilatlar qısa zaman kəsiyindən sonra yenə də köhnə ab- hava ilə öz fəaliyyətlərini davam etdirirlər. Yenə də növbəti seçki, növbəti məğlubiyyət yaşanana qədər...

Yenə də seçkidən məğlub çıxmışıq. Partiyamız daxilində həm rəsmi, həm də qeyri- rəsmi səviyyədə gərgin mübahisə və müzakirələr gedir. Hər kəs prosesi bir cür dəyərləndirir, nəticələri öz baxış bucağından təhlil edir, gələcəyə fərqli təşkilatlanma metodu ilə getmək planını irəli sürür. Bəzən emosiyalarımız gərginləşir, bəzən mübahisələr genişlənir. Mən xeyli vaxtdır hörmətli partiyadaşlarımı dinləyir, bəzən yerli və ya yersiz oppanentlik edirəm ki, hamının fikrini öyrənərək yekun bir rəyə gəlim. Sizləri yetərincə dinləyib öyrəndim. Möhtərəm partiyadaşlar, indi geniş bir məqalə ilə məğlub olma səbəblərimizi və nə etməli olduğumuzu yazmaq niyyətindəyəm. Təbii ki, yazdıqlarım ehkam deyil. Müzakirə, mübahisə və dəyişmək üçün açıqdır. Hər birinizin oxuyub qənaətinizi yazılı şəkildə bildirməyinizi istərdim. Çox arzu edirəm ki, bu bizim partiyanın 2011-2013- cü illərdə həyata keçirəcəyi proqram, hakimiyyətə gəlmək üçün strateji və taktiki addımlarını müəyyən edəcək sənəd halına gəlsin. Çoxlarımız Azərbaycanımızda baş verənlərdən və qeyri-demokratik seçkilərdən məyusuq. Lakin dayanmaq vaxtı deyil. Gələcəyə baxmaq, ölkəmizin taleyinə sahib çıxmaq zamanıdır. Siyasət darılmaq deyil, dayanmaq meydanıdır.

Biz niyə məğlub oluruq?!

1993-cü ildən bu yana Azərbaycanda mövcud iqtidarın anti-demokratikliyini və avtoritar mahiyyətini həm xarici, həm də daxili auditoriyaya sübut etmək üçün siyasi təşkilatlar yetərincə çaba göstərsələr də, hər dönəmdə iqtidar qazanmış kimi görünür - həm seçkinin nəticələri onların xeyirinə olur, həm siyasi təşkilatlar zəifləyir, həm də beynəlxalq dəstək daha çox iqtidara verilmiş kimi görünür. Səbəb?

Səbəblər çoxdur. İlk növbədə iqtidarın repressiv siyasəti, avtoritar mahiyyəti, həm də seçki saxtakarlığı ölkənin bu günə düşməsini şərtləndirir. Mövcud iqtidar barədə çox şeyi demək, onun siyasəti haqda geniş danışmaq olar. Amma hamımız bunu bilirik. İqtidarın mahiyyəti bəllidir. Biz onun mahiyyəti barədə danışıb, zamanımızı ona sərf etməkdənsə üzərimizə düşən yükün nədən ibarət olduğunu aydınlaşdırmalıyıq. Bu yükü daşıya bilən siyasi təşkilatın ortaya çıxmasını təşkil etməyi bacarmalıyıq. İqtidar pisdir, repressiv, avtoritar, yerlibaz, korrupsionerdir deyib də sadəcə, təşkilatlanmadan gözləyəkmi?! Yoxsa yuxarıda saydığım keyfiyyətləri olan bir iqtidarın nə vaxt hakimiyyətdən əl çəkəcəyini, ya da demokratik seçki keçirəcəyini xəyal edib, bir yol aramağı düşünmədən mövcud xırda strukturlarımızı qorumaqla, o xoşbəxt anın nə vaxt gələcəyinə ümid edəkmi?! Biz o qədərmi sadəlövh olmuşuq ki, bu iqtidardan demokratik və ya azacıq demokratik seçki gözləyək?! Məncə, heç birimiz sadəlövh deyilik. Bəlkə ümid edirik ki, beynəlxalq təşkilatlar və ya üzv olduğumuz qurumlar bizi bu iqtidarın əlindən alacaq?! Məncə buna da ümid etməyə dəyməz.
Bunları bilə-bilə nəyi və kimi gözləyirik! Məğlub olmağmızın başlıca səbəbi ictimai-siyasi- psixoloji vəziyyətdir. Bunu iqtidar yaradıb. Biz isə dəyişməyi bacarmalıyıq. Amma ağır ictimai-siyasi –psixoloji durumu dəyişmək üçün siyasi təşkilatlar olaraq doğru mövqe sərgiləyirikmi?! Bu vəziyyətdə bizlər- müxalif siyasi təşkilatlar nə edə bilərdi?!!

Klassik model müxalifətin birliyi idi. Yalnız müxalifətin birliyi ölgün olan ictimai-siyasi vəziyyəti seçki üzərinə fokuslaşdıra bilərdi. Bu birlik olmadı və olmayacaq. Siyasi baxışlardakı fərqlilik və maraqlar mövcud siyasi təşkilatlara bir araya gəlməyə imkan veməyib və verməyəcək. Siyasi partiyalar hakimiyyəti dəyişmək arzusunda olsalar da, güclərinin buna yetməyəcəyini çox aydın bilirlər və hakimiyyətin səxavət kisəsindən pay umurlar-içi biz qarışıq.
Bu gün Azərbaycanda siyasi təşkilata oxşayan 4 partiya mövcuddur- Müsavat, AXCP, Ümid, ADP. Digər partiyalar ya çox az resursa, ya da təkcə ada malikdirlər. Söhbət təbii ki, müxalif təşkilatlardan gedir. Seçki prosesinə xeyli vaxt qalmış hər kəs öz əlinə oynamağa başladı. Müsavat partiyası müxalif brendə sahiblənməklə Ana müxalifət partiyası adını qorumaq və parlamentdə daha çox yer qazanmaq-təbii ki, iqtidarın verə biləcəyi qədər, AXCP Müsavatla yaxınlaşaraq dağılmaqda olan bir partiyanı qorumaq və sonrakı mərhələdə mümkün olarsa Müsavatla birləşərək özünü xilas etmək, ADP müxalifət daxilində yerini saxlamaq, mümkün olarsa parlament partiyasına çevrilmək, ÜMİD isə ümummüxalifət koalisiyasında hakimyyətin ümumi yanaşmasından istifadə edib parlamentin ikinci, müxalifətin isə birinci və prespektivli partiyası adını qazanmaq. Çox açıq və bəsit olan bu istəklər partiyalara bir arada olmağa imkan vermədi. Müsavat gözəl anlayırdı ki, birlik çərçivəsində qazana bilən partiya ÜMİD və ADP olacaq. AXCP anlayırdı ki, MÜSAVAT-ın bu istəyinə (yəni müxalifətin birliyini dağıtmaq istəyinə - söhbət 2009-cu ildə yaranan Qarabağ və Respublika uğrunda hərəkatdan gedir) qarşı çıxmaq onu dağılmağa daha çox yaxınlaşdırmaqla, həm də Müsavatla gələcək münasibətləri soyuqluğa gətirib çıxaracaq. Müsavatın dağıtmağa başladığı birliyi Ümid və ADP-nin birlik istəkləri belə xilas edə bilmədi. Eyni anda hərəkata daxil olan ALP və VİP hakimiyyətlə oyunlara başlayıb təkbaşına nələrəsə-cüzi də olsa nail olmağa çalışdı. Beləliklə də parlament seçkiləri öncəsi ictimai-siyasi- psixoloji durumu dəyişə biləcək klassik müxalifət birliyi modeli alınmadı. Əvəzində xırda birliklər (bloklar) meydana çıxdı. Bu blokların heç biri ictimai-siyasi yükü çəkə biləcək durumda deyildilər. Baxmayaraq ki, hər blokun az qala yüzə yaxın namizədi seçkiyə qoşulmuşdur, nəticədə, hakimiyyət hər blokdan orta hesabla otuz beş nəfərin marafona qoşulmasına qərar verdi. Bu da sonda seçki aktivliyini aşağı salmaqla yanaşı, həm də partiyalar daxilində ciddi siyasi proseslərin cərəyan edəcəyinə dair bədbin nəticəyə gəlməyə əvvəlcədən şərait yaratdı. Hətta bu vəziyyətdə belə bloklar kordinə edilmiş, demokratik seçkiyə hesablanmış, nəticələri demokratiyanın, cəmiyyətin və siyasi təşkilatların xeyrinə ola biləcək addım və mövqe sərgiləyə bilmədilər. Nə seçkinin nəticələrinə birgə münasibət sərgilənəcəyi haqda cəmiyyətə, beynəlxalq təşkilatlara, o cümlədən iqtidarın özünə mesaj verdilər, nə müşahidəni birgə həyata keçirəcəklərinə dair arzu və istək sərgilədilər, nə də DSK və MSK –nın qeyri-qanuni qərarlarına qarşı birgə mövqe ifadə edə bilmədilər. Sadə bir misal çəkim: 17 saylı Yasamal 3- cü seçki dairəsində Azərbaycanın demokratikləşməsini arzu edən kifayət qədər namizəd var idi: Qənimət Zahid, Nüşabə Sadıxlı, Həsrət Rüstəmov və Bəxtiyar Hacıyev. Ən azı bir dairədə bu dörd namizəd prosesi birgə aparmağa və ciddi ictimai-siyasi-psixoloji rəy formalaşdırmağa qadir və borclu idilər. Çox demirəm, hər biri məntəqəyə bir müşahidəçi və bir məşvərətçi səs hüquqlu komissiya üzvü verib koordinasiya edilmiş iş aparsaydılar, nəticələrə təsir edə bilən ciddi fəaliyyət sərgiləmiş olardılar. Etmədilər. Niyə? (Səbəblər barədə yazacam)

Birləşə bilməyən müxalifət ikinci bir imkanı- müxalifətyönlü namizədlərin koordinasiya edilmiş fəaliyyət imkanlarını da qaçırdılar. Siyasi partiyaların iddiaları və hakimiyyətdən pay ummaq həvəsi bu plana da mane oldu. Hərçənd ki, Ümid Partiyası olaraq hələ bir il əvvəl, müxalifətin birliyi dağıdılarkən də bunu təklif etmişdik. Klassik birlik modelini qaçıran və ya buna bilərəkdən getməyən müxalifət partiyaları nəyə ümid edirdilər? Təəssüf ki, hər bir partiyanın ümumi hesablaması var idi- bu da daha çox klassik hesablama idi. Ənənəvi olaraq hakimiyyət illər uzunu müxalifətə parlament seçkilərində ümumən 10% yer ayırıb. Bunun içərisində də fovarit olan bir partiya olub. Müxalifət yenə də hakimiyyətin köhnə metoddan istifadə edərək ənənəvi parlament formalaşdıracağını güman etdi. Partiyaların mərkəzi fiqurları da özlərini daha çox bu plan üzərində köklədilər. Müsavat, Ümid, ADP, ALP, VİP, AXCP, AMİP, KXCP adlı siyasi qurumların hamısı bu seçkidə hakimiyyətin məhz onların təşkilatını fovarit seçə biləcəyinə inanır və ya funksionerlərini inandırırdılar. Müsavat parlamenti Müsavatsız təsəvvür etmir, AXCP heç olmasa bir və ya bir neçə funksionerinin parlamentdə təmsilçiliyini güman edir, ADP parlament təmsilçiliyi qazanıb, partiya kimi statusuna dəyişiklik gətirəcəyinə güvənir, VİP, ALP bir mandat əldə edə biləcəklərinə şübhə etmir, Ümid müxalifətin əsas sayının ona veriləcəyini proqnozlaşdırırdı. Hakimiyyət seçkini o qədər saxtalaşdırıb ki, artıq sıravi vətəndaş deyil, partiya rəhbərliyində təmsil olunanlar da təbliğat- təşviqat, seçisi ilə işləmək, müşahidəni təşkil etmək və s. kimi seçki prosedurlarından daha çox hakimiyyətin siyasi qərarlarını gözləyir. Əksər funksionerlər də, “ niyə mən yox?” deyə özünə təsəlli verməyə və ya inanmağa çalışır. Əslində bir az da haqlı kimi görünürdülər. Çünki hakimiyyət hər zaman parlamentdə müxalifətin təmsilçiliyinə, seçici rəyi və ya seçki nəticəsi ilə deyil, siyasi yanaşma ilə qərar verib. Amma unutmaq lazım deyil ki, siyasi qərar verərkən hakimiyyət seçkini udmuş müxalifət nümayədələri haqqında qərar verir, istər haqqını tanımaq, istər tanımamaq barədə. Söhbət əlbəttə ki real müxalifət təmsilçilərinə münasibətdən gedir. Ona görə də əvvəlcə seçkini heç nəyə baxmadan udmaq üçün işləmək və fəaliyyət mexanizmi ortaya qoymaq lazım idi. Hakimiyyətin səxavət kisəsindən pay ummaq yox. Bu seçkilərdə çox az müxalifət və ya müstəqil namizəd öz işini və seçki təbliğatını bu istiqamətdə qurdu. Hamı daha çox siyasi qərarın necə olacağını həvəslə izləməyə və gözləməyə başladı. Nəticə göz qabağındadır. Müsavat Partiyasının 24 namizədi 40000-dən bir qədər artıq , AXCP-nin 16 namizədi 21000-ə yaxın, ADP-nin 12 namizədi 8500-ə yaxın, VİP-in 9 namzədi 10500, ALP-nin 4 namizədi 2200, Aydınların 4 namizədi 6000, Ümidin 17 namizədi 24000-ə yaxın səs topladı. 2009-cu ildə Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatında birləşən 6 partiya 86 namizədlə cəmi 114598 seçici səsi aldı- orta hesabla hər namziəd 1333 səs. Nəzərə alsaq ki, hakimiyyət nümayəndələri seçici faizini yüksək göstərtmək üçün bəzi dairələrdə rəqəmləri olduqca şişirdiblər, onda belə qənaət yaranır ki, 86 müxalifət namizədi bir az da aşağı səs qazanıb. Bu rəqəmlərin özü sübut edir ki, seçkiyə qatılan müxalifət funksionerləri seçici səsi qazanmaqdan daha çox hakimiyyətin yanaşmasına ümid edib. Mən seçicinin seçkilərə niyə belə yanaşdığının səbəblərini çox aydın dərk edirəm- uzun illər aparılan mübarizənin nəticəsizliyi, seçkilərin saxtalaşdırılması, siyasi təşkilatlara münasibət, repressiyalar, həbslər, işdən qovmalar və s. Bu əlbəttə ki hakimiyyətin əldə etmək istədiyi nəticə idi. O, öz üzərinə düşən “vəzifənin”, öhdəsindən məharətlə gəldi, maraqlarını təmin edə bildi. Bəs biz?! Bizim vəzifəmiz hakimiyyətin bu yanaşmasını durdurmaq, maraqlarının təmin olunmasına imkan verməmək deyilmi? Bəs biz niyə bu işin öhdəsindən gəlməyin yollarını aramırıq?? Heç kəs iddia etməsin ki, imkanlar bərabər deyil- bunu mən də bilirəm. Amma hakimiyyətdən fərqli olaraq bizim iqtidarın siyasətini qəbul etməyən seçici auditoriyamız var. Biz nəyin bahasına olursa olsun, o auditoriyanı qazanmaq üçün nə mümkünsə etməliyik, amma etmirik. Mən vətəndaşımızın nəyə səs verdiyinin də fərqindəyəm-asfalt, lift, ev üstü qırlamaq, şəxsi maraqlar və s. Lakin seçici ona görə bu problemi həll edən namizədə səs verir ki, bütövlükdə narazı olduğu iqtidarın qarşısına çıxarılan müxalif namizəd onunla işləmir, qapısını döymür, onun məhəlləsində, binasında müxalifəti təbliğ edən qonşusu yoxdur. Nəticədə, seçici bu seçkidən qazancsız çıxmaq istəmir- əlinə düşən fürsətdən xırda maraqları naminə yararlanmağa çalışır. Biz isə ya iqtidarı lənətləyir, ya da seçicini yamanlamaqla seçki taleyimizlə barışmalı oluruq. Seçicinin bizə inanmamaq haqqı, onu inandırmaq bizim vəzifəmizdir. Müxalifət nümayəndələri olaraq buraxdığımız səhvlərdən biri də budur.

Ən böyük yalnışlıqlarımızdan biri də seçki prosesinə hakimiyyətin və ya seçki məcəlləsinin verdiyi zaman müddətində hazırlaşmağımızdır, nəinki hazırlaşır hətta, dairə seçimimizi də həmin müddətdə edirik. Hətta, ciddi müxalifət funksionerlərinin də heç biri seçki prosesi başlayana qədər namizəd olacağı dairəni doğru-dürüst müəyyənləşdirə bilmir və ya hakimiyyətin elan edəcəyi siyahıya uyğun seçim etmək qərarı verir. Çox qəribə bir mənzərə alınıb. Müxalifət “seçici bu iqtidardan çox narazıdır, nədən mənə səs verməsin?” kimi çürük fəlsəfəyə söykənib ümumi seçki strategiyası sərgiləyir. Amma əsas vəzifəmizi- “ seçici niyə mənə səs verməlidir?” -sualına cavab tapıb insanları səfərbər eməyi unuduruq. Hər kəsin düşüncəsində köhnə hərəkat ab – havası qalıb. Partıyamızda da çox az namizəd var idi ki, marafona hansı dairədən qoşulacağını xeyli əvvəl müəyyən etmiş olsun- mən işləmiş demirəm, məhz dairəni seçmişdir kimi ifadə edirəm. Bu təkcə bizim partiyaya xas seçki yanaşması deyil, ümummüxalifətin seçdiyi xətdir . Azərbaycan müxalifəti nəhayət ki, seçki düşüncəsini, fəlsəfəsini dəyişməyə borcludur. Demokratiya hadisə deyil. Onu bir seçkiylə yaratmaq, gerçəkləşdirmək mümkünsüzdür. Demokratiya prosesdir, seçki prosedurudur. Bir prosedurun nəticələrini xeyrinə olmasını istəyirsənsə, prosesi aparmağı bacarmalısan – ardıcıl, stabil və davamlı olaraq.

Bu da Azərbaycan müxalifətinin hər seçkidə məğlubolma səbəblərindən biri, həm də başlıcasıdır. Iş o yerə çatır ki, keçən seçkilərdə bir dairədə qalib gəldiyini iddia edən, nəticələrlə bağlı Avropa Məhkəməsinə üz tutan namizədlərin əksəriyyəti bu seçkilərdə öz dairələrini dəyişdilər. Nəticə isə acınacaqlı oldu.
Əslində məğlubolmanın səbəbləri təkcə daxili faktorlarla bağlı deyil. Düzdür, mən yuxarıda ancaq əsas hesab etdiyim daxılı səbəblərə (o da tam deyil), toxundum. Amma məğlub olmanın həm də beynəlxalq siyasətdən və xarici əlaqələrdən doğan nədənləri də var.
Ilk növbədə onu qeyd etmək istərdim ki, Azərbaycan müxalifəti beynəlxalq təşkilatlara olduğundan artıq güvənir və onlardan hər zaman kəsiyində edə bilməyəcəkləri vəzifələri umurlar. Sanki beynəlxalq təşkilatlar və ya ayrı-ayrı dövlətlər Azərbaycan cəmiyyətini bizim əvəzimizdən demokratikləşdirəcək, ya da seçkilərin birində bu iqtidarı yola salaraq onun əvəzində bizim birmizi “taxta” çıxaracaq. Elə bu tip yanaşma da müxalifəti xəyal qırıqlığına uğradır, onu sonradan beynəlxalq təşkilatlarla yaxşı olmayan münasibətə gətirib çıxarır – aqressiv münasibətlər sərgiləyən Azərbaycan müxalifəti beynəlxalq təşkilatların gözündə mövcud iqtidardan, yumşaq ifadə etsəm, daha qeyri-peşəkar, davakar görünür. Unutmamalıyıq ki, beynəlxalq təşkilatların nümayəndə heyətlərinin tərkibi mütəmadi olaraq dəyişir, hər bir şəxs fərqli ölkələri təmsil edir, bizim onlara münasibətimiz, sonda çoxluğun Azərbaycan müxalifəti haqqında oturuşmuş mənfi rəyini yaradır. Bu da bizim haqlı və gerçək mübarizəmizin üzərinə kölgə salır.

Beynəlxalq təşkilatlar və ölkədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri Azərbaycan müxalifətinin bütün vəziyyətini təhlil edir, çünki, həm ölkələrin, həm də beynəlxalq təşkilatların Azərbaycandan fərqli gözləntiləri və maraqları var. Sabitlik - diplomatların və xarici ölkə rəhbərlərinin dilindən səslənən əsas faktorlardan biridir. Təsadüfi deyil ki, son seçkilərdə də beynəlxalq müşahidəçilərin və ölkələrin bəyanatlarında “seçki sabit və təhlükəsiz şəraitdə keçdi” fikri xüsusi vurğulanırdı. Bizlərin çoxu hətta bu fikri bir qədər də ironiya ilə qarşıladıq – guya biz Əfqanıstan və ya İraqıq ki, seçkinin qansız-qadasız ötüşdürüldüynə sevinək?
Bizim üçün təəccüblü də olsa, görünür, beynəlxalq arenada Azərbaycana münasibət bir qədər fərqlidir və biz bu fərqi görməyə borcluyuq. Demokratik dünya Azərbaycanda siyasi qüvvələrin və toplumun ümumi halını şərq düşüncəsindən və idarəetməsindən fərqli görmür. Bizim Avropaya inteqrasiyamızı bir qrup siyasinin istək və arzusu kimi qəbul edir. Bütün toplumun buna hazır olmadığı qənaətindədir və s. Qərbin öz qənaətində haqlı olub-olmadığı bir başqa mövzunun söhbətidir. Lakin biz böyük dövlətlərin Azərbaycanda hakimiyyət dəyişikliklərinə təsir imkanlarının olduğunu birmərrə biliriksə və bu istiqamətdə fikirlərimiz haçalanmırsa, demək, onların bu qənaətini diqqətə almaq və çıxış yollarını aramaq məcburiyyətindəyik. Ölkədə sabitlik hökm sürür – bu sabitliyin nəyin hesabına əldə olunması məsələnin bizim üçün önəmli tərəfidirsə, qərb dünyası üçün sabitliyin özü daha dəyərlidir.
Hər hansı hakimiyyət dəyişikliyi və ya siyasi partiyaların aktivliyi nəticəsində qərb, bu sabitliyin qeyri-sabitliklə əvəzlənməsində qətiyyən maraqlı deyil və buna qarşıdır. Müxalifətin böyük qismi əhalinin iqtidardan narazı olduğunu bildiyi üçün elektorat toplamaq naminə çıxışlarında iqtidara yönəlik daha kəskin ifadə və davranış nümayiş etdirir. Bu da tərəflərin bir-birinə münasibətində radikal davranışı formalaşdırır. Hər kəs imkanı daxilində digər tərəf üzərində güclü olduğunu sübut etməyə çalışır. Təbii ki, bütün bunların baiskarı siyasilərə münasibətdə qeyri-etik, qeyri-hüquqi davranan, seçkilərə münasibətdə isə qeyri-demokratikliyi ilə seçilən mövcud iqtidardır. Həmçinin hakimiyyətin ölkənin idarəolunmasında sərgilədiyi siyasət də müxalifəti və əhalini radikal əhval-ruhiyyə üzərində köklənməyə məcbur edib. Amma bu siyasət iqtidarın özünə daha çox lazımdır. O, bizi radikallaşdırmaqla bölgəyə həm də şərqin, islamın bir parçası kimi baxan qərbi öz maraqlarına oynamağa məcbur edə bilir. Sizcə, təsadüfənmi hər seçkidən əvvəl və ya sonra dini qruplar və ya dini hislər üzərində fərqli siyasət yürüdüldüyü nümayiş etdirilməklə aktiv siyasi müstəviyə yeni elektoratın çıxmasına yönəlik iqtidar planı işə düşür? Məncə yox. Siyasi partiyaları zəiflədib, radikallaşdıran iqtidar dini qrupları da dövrəyə çıxarıb qərb dünyasını bizə məhz islam, şərq obrazında – yumşaq ifadə etsəm, qeyri-avropalı kimi (bəlkə ifadə o qədər də uğurlu deyil) – baxmağa məcbur edir.
Bu günlərdə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinqin mətbuatda dərc edilmiş bir məqaləsində bu cümlə diqqətimi çox cəlb etdi: “ABŞ hökuməti on ildən artıqdır ki, qərbə doğru addım atmaq, xüsusilə neft resurslarının istismarı və Bakı – Tbilisi – Ceyhan kəməri vasitəsilə nefti qərbə ixrac etmək üçün cəsarətli qərarlar qəbul etmiş Heydər Əliyev ideyalarını bəyənir və alqışlayır”.

Təbii ki, sitata fərqli acıdan da yanaşmaq olar. Məsələn: mövcud iqtidarın enerji siyasətində qərblə əməkdaşlığın artıq prioritet olmaması və hakimiyyətin əvvəlki siyasətə qayıdışına yönəlik mesaj və s. Lakin həqiqət olan bir nəsnə də var – Heydər Əliyev siyasəti bəyənilir və alqışlanır. Bu onun göstəricisidir ki, qərb dünyası bizə hələ də şərq dünyası və islamın bir parçası kimi baxır, mövcud iqtidarı ölkə əhalisinin ümumi düşüncəsindən xeyli öndə hesab edir.
Onu da nəzərə almalıyıq ki, iqtidarın müxalifəti zorən radikallaşdırdığı mühitdə növbəti hakimiyyət dəyişikliyinin – həm də bu mövcud müxalifətlə - cəmiyyətə barış və anlayış gətirəcəyi, vətəndaş sülhünün və cəmiyyətinin olacağı da qərb üçün indidən şübhəli görünür. Nəticədə onlar bu dəyişikliklərdən ehtiyatlanırlar. Uzağa getməyib 2003 və 2005-ci illərdə dəyişikliyin bir addımlığında olan müxalifətə deyil, iqtidara qərbdən dəstək gəldiyini xatırlasaq fikrimizdə nə qədər haqlı olduğumuzu sübut etmiş olarıq.
Qərb dünyasının stabil vəziyyətin qeyri-stabil vəziyyətlə əvəz olunması narahatçılığı, səbəbləri araşdırılmadan belə, çox obyektiv görünür.

Ermənistan – Azərbaycan konfliktinin gələcək perspektivi və münaqişənin həlli yolları da qərbi narahat edən əsas məsələlərdən biridir. Hakimiyyət bu konfliktin həllində 16 ildir davamlı olaraq cüzi təhdidetmə siyasətini nəzərə almasaq, sülh variantını dünyaya təqdim edir. Ara-sıra müharibə bəyanatları olsa-olsa, iqtidarın manevr imkanlarını artırır. Müxalifət isə ya iqtidarın sülh siyasətinin arxasında gizlənir, ya da qismən radikallıq nümayiş etdirməklə daxili auditoriyaya hesablanmış bəyanatlar verir. Zaman-zaman Ermənistan – Azərbaycan konfliktinə sərt mövqe sərgiləyənlər də ya siyasətdən getmiş, ya təklənərək siyasi varlığını itirmişlər. Hakimiyyəti dəyişmək istəyən mövcud müxalifət beynəlxalq aləm üçün bu konfliktin həlli baxımından iqtidardan daha radikal görünür. Bu da qərbin müxalifətin hakimiyyətə gəlməsinə maraq gösətrməməsinə səbəb olan amillərdəndir.
Qərb dünyasını narahat edən məsələlərdən biri də enerji siyasətinin gələcək taleyidir. Azərbaycan müxalifətinin bu yönümdəki siyasəti açıq olsa da, davamlı olmamış, qərb üzün illər bu sarıdan da narahatçılıq keçirmişdir.

Demokratik cəmiyyət quruculuğu da qərb dünyasını məşğul edən məsələlərdəndir. Azərbaycan müxalifəti demokratikliyə sadiqliyini bəyan edən mövqe sərgiləsə də, həm partiyadaxili, həm də iqtdara yönəlik münasibətdə hakimiyyətdən fərqli olmayan siyasət sərgiləmişdir. Yuxarıda bu məsələlərə toxunulduğu üçün daha geniş yazmaq istəməzdim. Amma onu qeyd etməyi çox vacib hesab edirəm ki, qərb diplomatlarının “demokratiya uzun bir yoldur” kimi təsəlliverici sözlərinin arxasında hakimiyyəti dəyişmək istəyən qüvvələrin hakimiyyətdəkilərdən o qədər də fərqli olmadığına yönəlik mesaj, həm də düşüncə və hərəkətlərimizi dəyişməyə hesablanmış çağırış notları var, kimlərsə bunu qəbul etməsə belə.
İqtisadi siyasətin və ölkə daxilində əldə olunan əmlakın taleyi də qərbi narahat etməyə bilməz. Çünki gələcək sabitliyin taleyi növbəti hakimiyyətin əmlaka, pula, iqtisadi sektorda hakim mövqeyə malik olan insanlara münasibətindən çox asılı olacaq. Mövcud iqtisadi münasibətlər və əmlak əldəetmələr ədalətli və hüquqa söykənən olmasa da, onun gələcək stabilliyə təminatı danılmazdır. Müxalifət bu yöndə daha dağıdıcı, qeyri- stabil siyasət yürüdür, əhalinin səsini almağa yönəlik populist bəyanatlar səsləndirməklə bir növ qərbi ürküdür və onlara gələcək qeyri-stabil cəmiyyət haqqında sanki əvvəlcədən mesaj vermiş olur. Saydığım və bəlkə vacib hesab etmədiyim üçün saymadığım digər faktlar da müxalifətin hakimiyyət dəyişikliyi istiqamətində qərbdən (demokratik dünyadan) dəstək almamasının, demək, həm də məğlubiyyətinin səbəblərindən biridir.
Bir məsələ də yeri gəlmişkən xüsusi qeyd olunmalıdır. Azərbaycan müxaifəti öz fəaliyyətində toxunduğum məqamı heç vaxt nəzərə almamış və bu gün də alamamaqda davam edir.
Azərbaycan tipli ölkələrdə hakimiyyət bir neçə yollarla dəyişə bilər. Tariximizdə bunun çeşidli nümunələri var- məsələn, 1992-ci ildə hakimiyyət dinc inqilabi yolla devrildi, 1993-cü ildə hakimiyyət silahlı qiyamla dəyişdi, 2003-cü ildə isə hakimiyyət daxildən ötürüldü. Azərbaycan müxalifətinin əksər hissəsi hakimiyyət dəyişikliyinin yalnız bir – çox bəsit və gerçəkləşdirilməsi çox çətin olan – yolunu görür. Hakimiyyət seçkiləri saxtalaşdırır, müxalifət isə öz elektoratını və ya xalqı, narazı kütləni meydanlara çıxarır, hakimiyyət bundan qorxur, istefa verir və Azərbaycanda yeni demokratik seçkilər keçirilir. Qalan bütün variantların hamısına müxalifət sanki əvvəlcədən “yox” deyir və özünü bu istiqamətdə hazırlamır, əlaqələr qurmağa cəhd etmir.
Iqtidar olmaq istəyən bir siyasi təşkilat üçün qanunun imkan verdiyi bütün hakimiyyətəgəlmə mexanizmləri daim işlək vəziyyətdə olmalıdır. Heç bir qapı şəxsi kin, nifrət ucundan qapadılmamalıdır. Azərbaycan müxalifəti iqtidardan fərqli münasibətlər sistemi yaratmağı bacarmalıdır. Təbii ki, iqtidar çox arzulayır ki, bütün proseslər gərginlik müstəvisində cərəyan etsin. Gərginliklər hakimiyyəti bölünməyə, parçalanmağa qoymur. Müxalifət düşmən obrazında qaldıqca “düşmənə” qarşı birləşmək hissi də güclü olur. Biz bu sadə formulanı bilə-bilə yenə də iqtidara sərf edən düşmənçilik modelini gündəlik siyasi xəttimizdə tətbiq etməkdən çəkinmirik. Nəticədə, yuxarıdan aşağı hər kəsi müxalifətə qarşı kökləmək, düşmən obrazı yaratmaq iqtidar üçün o qədər də çətin olmur. Bu da bizi nəticə etibarı ilə bir qrupla, özü də ictimai rəyə təsir etmək imkanına malik qrupla, üz-üzə qoyur.
Biz bütün təbəqələrə açıq və xoş münasibət göstərmədikcə hakimiyyət əlində olan təbliğat üsulları ilə bizi cəmiyyətə düşmən kimi təqdim edə biləcək, yerlərdə sıralarımıza qoşulmaq istəyən insanlar bu münasibət fonunda qorxudularaq, prosesdən uzaqlaşdırılacaq.

Ardı var