İran regionda fəaliyyət göstərən ABŞ banklarının filiallarını hədəf ala biləcəyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü, briqada generalı Əli Məhəmməd Naini deyib.
Onun sözlərinə görə, ABŞ-nin İrandakı iki bankı hədəfə almasına cavab olaraq bölgədəki Amerika banklarının filiallarına qarşı tədbirlər görülüb.
Naini bildirib ki, bu cür hücumlar təkrarlanacağı təqdirdə, regiondakı bütün ABŞ bank filialları qanuni hədəf hesab olunacaq.
Qeyd edək ki, Livanın “Əl Mayadeen” televiziya kanalı naməlum pilotsuz uçuş aparatlarının ABŞ-nin iri maliyyə qurumlarından biri olan “Citybank”ın bəzi filiallarını hədəfə aldığını bildirib. Məlumata görə, hücumlar Dubay və Manama şəhərlərində yerləşən filiallarda qeydə alınıb.
Televiziya kanalına danışan mənbənin sözlərinə görə, səhər saatlarında baş verən hücum nəticəsində bank binalarında yanğın baş verib.
Bundan sonra BƏƏ-də fəaliyyət göstərən “Citybank” təhlükəsizlik səbəbilə bir filial istisna olmaqla, digər bütün şöbələrini müvəqqəti bağlamaq qərarı verib.
Xatırladaq ki, martın 11-də ABŞ Tehran şəhərində yerləşən “Sepah Bank”ın rəqəmsal təhlükəsizlik mərkəzinə raket zərbəsi endirib. Hücumdan sonra bankın və “Melli Bank”ın sistemlərinin sıradan çıxdığı və onlayn bank xidmətlərinin dayandırıldığı bildirilib.
İran tərəfi isə hadisədən sonra yaydığı açıqlamada ABŞ-ni ölkənin maliyyə suverenliyinə hücum etməkdə ittiham edib və bildirib ki, bundan sonra regiondakı ABŞ və onun müttəfiqlərinə aid iqtisadi mərkəzlər və banklar potensial hədəf hesab ediləcək.
Son xəbərlər
Son Xəbərlər