İran təhdidi Təl-Əvivdə evlərə qədər çatdı - Fotolar

iran-tehdidi-tel-evivde-evlere-qeder-catdi
Oxunma sayı: 1197

İsrailin paytaxtı Təl-Əviv şəhərinin şimal hissəsində yerləşən yaşayış binalarının poçt qutularında üzərində QR kodlar olan təhdid vərəqələri aşkar edilib. Hadisədən dərhal sonra İsrail Polisi və daxili kəşfiyyat agentliyi Şin Bet (Şabak) birgə genişmiqyaslı araşdırmaya başlayıblar.

“Qafqazinfo” xəbər verir ki, hüquq-mühafizə qüvvələri şəhərin müxtəlif ünvanlarından həmin təhdid vərəqələrini dəlil kimi toplayıblar.

Təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, vərəqələrdəki QR kod istifadəçiləri İranla əlaqəli haker qrupuna məxsus xüsusi veb-sayta yönləndirir. Həmin kibercasusluq qrupunun daha əvvəl İsrail rəsmilərinin şəxsi cihazlarından məxfi məlumatların sızdırılması əməliyyatlarında da rol aldığı bildirilir.

İvrit dilində tərtib olunmuş internet səhifəsində İsrail ictimaiyyətinə ünvanlanan sərt xəbərdarlıq mesajı yer alıb: “Əgər liderləriniz bir daha müqavimət cəbhəsinin enerji infrastrukturuna hücum edərək axmaqcasına hərəkət etsələr, bu təcavüzə görə ağır bədəl ödəməyə hazır olmalısınız. O gün gələndə işğal olunmuş ərazilərdə heç bir elektrik stansiyası, neft emalı zavodu və ya dəniz suyunu duzsuzlaşdırma zavodu qalmayacaq. Cənubdan şimala enerji və su arteriyalarınız şüşə kimi sınacaq. Bu, son xəbərdarlıqdır. Seçim sizindir: ya sağlam düşüncə ilə hərəkət edəcəksiniz, ya da fəlakətin gətirdiyi qaranlığa və sükuta qərq olacaqsınız”.

Hadisə ilə bağlı kiber və fiziki təhlükəsizlik tədbirləri gücləndirilib, vərəqələri paylayan şəxslərin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.