İranın 17 vilayətində dəniz suyundan istifadə ediləcək

iranin-17-vilayetinde-deniz-suyundan-istifade-edilecek
Oxunma sayı: 427

İran hökuməti Oman dənizi və Fars körfəzindən əldə olunan dəniz suyunun boru kəmərləri vasitəsilə İsfahana daşınmasını nəzərdə tutan “Dəniz Suyunun Orta Platonlara Təchizi Layihəsi”nin üçüncü mərhələsinə başlandığını açıqlayıb.

“Qafqazinfo” xəbərə verir ki, bu barədə IRNA məlumat yayıb.

Bildirilib ki, Prezident Məsud Pezeşkian layihənin Sircan-İsfahan istiqamətindəki 800 kilometrlik hissəsinin açılışını edib.

Layihə İsfahandakı “Mübarək” polad şirkətinin dəstəyi ilə həyata keçirilir və əsas məqsəd bölgənin, xüsusilə də ağır sənaye sektorunun su ehtiyacını dəniz suyu ilə təmin edərək Zəyyəndərud çayından asılılığı azaltmaqdır.

Ümumilikdə dörd mərhələdən ibarət olan layihə 17 vilayətə təmizlənmiş dəniz suyu çatdırılmasını nəzərdə tutur. Layihənin ilkin mərhələlərində 980 kilometrlik boru kəməri planlaşdırılsa da, son genişləndirmələrlə bu xəttin uzunluğu 1350 kilometrə çatdırılıb.

Oman dənizi və Fars körfəzindən çəkiləcək beş ayrı boru xətti vasitəsilə ölkənin quraqlıqdan ən çox əziyyət çəkən mərkəzi regionlarına daşınacaq suyun 48 milyon insanın həyatına müsbət təsir göstərəcəyi gözlənilir.

Layihənin birinci mərhələsinə 2021-ci ilin oktyabrında, ikinci mərhələsinə isə 2023-cü ilin oktyabrında start verildiyi bildirilib.