İsveç Türkiyəyə silah embarqosunu ləğv etdi

isvec-turkiyeye-silah-embarqosunu-legv-etdi
Oxunma sayı: 1558

İsveç Dövlət Silah İxracına Nəzarət Agentliyi Türkiyəyə silah ixracına qoyulan embarqonu qaldırdıqlarını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, agentliyin açıqlamasında Türkiyəyə təkrar ixraca icazə verilməsi qərarının İsveçin Türkiyənin də üzvü olduğu NATO-ya müraciəti səbəbilə qəbul edildiyi qeyd olunub.

Açıqlamada bu qərarın elektronika və texnologiya sahələrində olan məhsullar, eləcə də hərbi silah və texnikalar üçün keçərli olduğu vurğulanıb.

İSP prezidenti Karl Evertsson mayın 29-da “Expressen” qəzetinə İsveçin NATO-ya üzvlük müraciəti ilə bağlı Türkiyə ilə aparılan danışıqlarla bağlı açıqlama vermişdi.

Evertsson İsveç müdafiə komissiyasının tələb etdiyi şərtlərlə silah ixrac etdiklərini qeyd etmişdi:

“Türkiyənin hazırda bizim silahlarımıza ehtiyacı yoxdur. Bizdən silah almırlar. Müdafiə komissiyasından gələn müraciətləri hər bir halda qiymətləndiririk. Bugünkü şərtlərlə Türkiyəyə silah sata bilərik”.

İsveç istehsalı olan AT-4 tank əleyhinə silahların terror təşkilatı PKK-nın əlinə necə keçməsi ilə bağlı suala Evertsson, “Biz bu silahları təşkilatlara ixrac etmirik. Bu, sözügedən silahların da ABŞ-dan lisenziya əsasında istehsal olunması və üçüncü ölkələrə göndərilməsinə icazə verilməməsi şərtinə diqqət etməməyimizlə bağlı ola bilər” bildirmişdi.

Qeyd edək ki, ISP 15 oktyabr 2019-cu ildə Türkiyəyə silah satışını qadağan etmişdi.