Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında mürəkkəb və yüksək peşəkarlıq tələb edən unikal rekonstruktiv burun əməliyyatı uğurla icra olunub.
“Qafqazinfo” xəbər verir ki, əməliyyat ATU-nun Ağız, üz və çənə cərrahlığı kafedrasının müdiri, professor Çingiz Rəhimovun rəhbərliyi altında plastik, estetik və rekonstruktiv cərrahiyyə üzrə rezident, tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov tərəfindən həyata keçirilib.
67 yaşlı pasiyent öz iti tərəfindən dişlənməsi nəticəsində burnunun böyük hissəsini itirib. Xəstə ilkin olaraq başqa tibb müəssisəsində əməliyyat olunub.
Hadisədən 46 gün sonra geniş toxuma defekti ilə Tədris Cərrahiyyə Klinikasına müraciət edən pasiyent üzərində Dilqəm Məhərrəmov tərəfindən çoxmərhələli rekonstruktiv əməliyyat həyata keçirilib.
Əməliyyat zamanı rekonstruktiv cərrahiyyənin ən mürəkkəb texnikalarından sayılan paramedian forehead flap, autogen kompozit qreft və qabırğa qığırdağı kombinasiyasından istifadə olunub. Pasiyentin uzunmüddətli intensiv siqaret istifadəsi, yaşı və əvvəlki uğursuz cərrahi müdaxilə əməliyyatın riskini xeyli artırsa da, Dilqəm Məhərrəmovun icra etdiyi mürəkkəb rekonstruksiya uğurla başa çatdırılıb.
Aparılan rekonstruksiya nəticəsində təkcə burnun estetik görünüşü deyil, həm də pasiyentin xarici tənəffüs funksiyası tam bərpa olunub. Bu nəticə rekonstruktiv cərrahiyyədə həm funksional, həm də estetik baxımdan yüksək mürəkkəblik daşıyan uğurlu əməliyyat kimi qiymətləndirilir.




Son xəbərlər
Son Xəbərlər