“Kəmaləddin Heydərov ağır cinayətdə ittiham olunub” – Müsahibə

kemaleddin-heyderov-agir-cinayetde-ittiham-olunub-musahibe-
Oxunma sayı: 951

Daxili işlər naziri general-polkovnik Ramil Usubovun və fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun vəkili Əlirza Həbilov “Media forum” saytının suallarını cavablandırıb. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Daxili işlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. İddiaya səbəb martın 1-də “Azadlıq”da dərc olunmuş “Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib” yazısıdır. Martın 12-də “Azadlıq” qəzeti bu yazı haqda təkzib dərc edib. Təkzibi necə qiymətləndirirsiniz?

- Təkzib “Azadlıq” qəzetinin adından dərc olunub. Amma barəsində xüsusi ittiham qaydasında şikayət verilən instansiya “Azadlıq” qəzeti deyil. Şikayət etdiyimiz şəxs baş redaktor Qənimət Zahiddir. Həmin iş üzrə təkzibi yalnız o verə bilər. Həmçinin təkzib o zaman qəbul olunur ki, məhkəməyə təqdim edilsin. Ancaq təkzib məhkəməyə hələ də təqdim olunmayıb. Qənimət Zahidin məhkəmədə şəxsən iştirak etməsi vacib deyil, onu kim təmsil edirsə, təkzibi həmin şəxs məhkəməyə təqdim edə bilər. Yəqin ki, təkzibi məhkəməyə təqdim edəcəklər.

Bununla bağlı qanunvericiliyin tələbləri var. 2012-ci ilin aprelində Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 59.1.9-cu və 60-cı maddələrinin bəzi müddəalarını şərh edib, bununla bağlı qərar verib. Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, günahın əvvəlcədən etiraf edilməsi, təqsirin könüllü formada boyuna alınması yüngülləşdirici hal sayılır. Qənimət Zahidə qarşı iddia isə xüsusi ittiham qaydasında baxılan işdir. Təkzibin məhkəmə hökmü çıxarılana qədər verilməsi sadəcə olaraq yüngülləşdirici hal sayılır. Yəni təkzib məqalədə yol verilən səhvlərin etiraf olunmasıdır və məhkəmə hökmü elan olunanda nəzərə alınır. Eyni zamanda bu təkzibin verilməsi gələcəkdə barışıq üçün zəmin yaradır.

Ancaq o təkzibdə qeyri-müəyyənlik çoxdur. Orada qeyd olunub ki, məqalədə qeyri-müəyyənliyə yol verilib, bunun nəticəsində həqiqətə uyğun olmayan material dərc olunub. Bunun məhkəmədə araşdırılmasına, bununla bağlı izah verilməsinə ehtiyac var. Bütövlükdə isə xüsusi ittihamçıların vəkili və nümayəndəsi kimi təkzibin verilməsini müsbət qəbul edirəm. Biz bunu belə qiymətləndiririk. Hesab edirəm ki, Qənimət Zahidin özü məqalənin səhv olduğu qənaətinə gəlib və belə bir addım atıb. Amma buna məhkəmə izah verməlidir.

Qənimət Zahid ailəsini Azərbaycandan çıxarıb Fransada yerləşdirib, bunu niyə etdiyini əsaslandırıb. Fransanın Cinayət Prosessual Məcəlləsində məhkəmə qarşısına təqsirin əvvəlcədən etiraf edilməsi ilə çıxma müddəası var.

- Bu, Azərbaycan qanunvericiliyində də varmı?

- Xeyr, bizdə belə bir norma yoxdur. Amma günahın etiraf edilməsinin yüngülləşdirici hal kimi qiymətləndirilməsi var. Bu isə hakimin səlahiyyətinə aid məsələdir. Eyni zamanda təqsirləndirilən, yaxud da barəsində xüsusi ittiham qaydasında iddia qaldırılan şəxsin istintaq zamanı səmimi etiraflar etməsi yüngülləşdirici hal kimi nəzərdə tutulur. Bununla bağlı Cinayət Məcəlləsində müddəalar var.

- Qənimət Zahid məhkəməyə gəlməsə də, təkzib verilib. İddiaçılar bunu yüngülləşdirici hal kimi qəbul edirlərmi?

- Cinayət Prosessual Məcəlləsinə əsasən, bu mənim səlahiyyətimdə olan məsələ deyil. Bunun yüngülləşdirici hal olub-olmadığına, necə qiymətləndirildiyinə məhkəmə qərar verəcək.
Qənimət Zahidin məhkəməyə gəlməməsinə gəlincə, martın 12-də prosesdə elan olundu ki, o öz hüquqlarının müdafiəsini Media Hüququ İnstitutuna etibar edib, onu vəkil Elçin Sadıqov müdafiə edəcək. Bu məlumat mətbuatda da yayılıb. Qənimət Zahidin vəkili Bakıda olmadığına görə məhkəməyə gələ bilməyib. Ona görə də prosesin təxirə salınmasını xahiş etdilər, mən də etiraz etmədim. Təki qanuni və ədalətli araşdırma aparılsın.

- Əlirza bəy, “Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib” yazısını Qənimət Zahid yazmayıb, material onun imzası ilə dərc olunmayıb. Yazı “Azadlıq” qəzetində çıxıb, təkzibi də qəzet dərc edib...

- “KİV haqqında” qanunun tələbinə əsasən, qəzetdə dərc olunan məqaləyə görə məsuliyyəti baş redaktor daşıyır. Həmin normaya istinadən xüsusi ittihamçılar Qənimət Zahid barəsində şikayət veriblər. Çünki məsuliyyəti o daşıyır. Ancaq qəzetdə dərc olunan təkzib bu normaya şamil edilmir. Yalnız Qənimət Zahid və ya onu təmsil edən şəxs məhkəməyə gələrək könüllü formada bildirməlidir ki, qeyd olunan təkzib ona məxsusdur. Belə olan halda biz o təkzibin əleyhinə deyilik.

- Bu təkzib dərc olunandan sonra məsələni Ramil Usubov və Kəmaləddin Heydərovla müzakirə etmisinizmi? Nazirlər təkzibi necə qiymətləndirirlər?

- Xeyr, müzakirə etməyə zərurət görməmişəm. Çünki qarşı tərəf məhkəmə proseslərində iştirak etməyib. Nə qədər ki, həmin təkzib dediyim qaydada məhkəməyə təqdim edilməyib, onun bu məhkəmə prosesi üçün hüquqi statusu yoxdur. Təkzib qəzetdə dərc oluna bilər, ancaq sabah Qənimət Zahid, onun nümayəndəsi məhkəməyə gəlib bu təkzibin ona məxsus olmadığını iddia edər. Yaxud da təkzib məhkəməyə təqdim olunmaz və bunun nəticəsində məhkəmə də onu nəzərə almaz. Mənim nə vəzifəm, nə hüququm deyil ki, Qənimət Zahidin əvəzinə o qəzeti, təkzibi məhkəməyə verim, məhkəmədən bunu nəzərə almasını istəyim. Məsələni iddiaçılarla o zaman müzakirə edərəm ki, hansısa hallarla bağlı konkret fikrin öyrənilməsinə zərurət yarandığını hiss edim. Hələlik belə bir zərurət yoxdur. Çünki Qənimət Zahid, onun nümayəndəsi, vəkili prosesdə iştirak etməyiblər, təkzibi məhkəməyə təqdim etməyiblər. İndi Qənimət Zahidin vəziyyətini yüngülləşdirən halları axtarıb tapsam, aparıb hüquqlarını müdafiə etdiyim şəxslərin qarşısına qoysam, mənə nə deyərlər? Mənə deməzlərmi ki, sən bizim vəkilsən, yoxsa Qənimət Zahidin?..

- Təkzib məhkəməyə təqdim olunsa, xüsusi ittihamçıların iddiasını geri götürməsi mümkündürmü?

- Barışıq heç vaxt istisna oluna bilməz. Ancaq qabaqcadan bununla bağlı fikir bildirmək real deyil. Qəzetin 12 mart sayında, ikinci səhifəsində çox xırda şriftlə “Təkzib” başlıqlı yazı verilib. Ancaq üçüncü səhifədə yazılıb ki, Qənimət Zahid proseslərdə şəxsən iştirak edəcək. Eyni zamanda hüquqlarının müdafiəsini Media Hüququ İnstitutuna həvalə edib. İndi bunu necə başa düşək? Bu iki açıqlama bir-biri ilə ziddiyyət təşkil edir.

İkinci səhifədə verilən təkzib o qədər xırda şriftlə yazılıb ki, onu heç kim tapıb oxuya bilmir. Üçüncü səhifədəki yazı isə dərhal gözə dəyir. Bundan başqa, Ali Məhkəmənin Plenumu şərəf və ləyaqətlə bağlı mülki işlərdə təkzibin necə verilməsi haqda xüsusi qərar qəbul edib, qaydaları müəyyənləşdirib. Məsələn, birinci səhifədə olmalıdır, yazının dərc edildiyi həcmdə olmalıdır, təkzib olunan yazının yerində yayılmalıdır.

Amma qeyd edim ki, əslində bunlar xırda detallardır. Belə detallardan çıxış edib münasibətləri daha da gərginləşdirmək müsbət hal deyil, buna ehtiyac yoxdur. Bununla belə bütün hallarda tələb olunur ki, Qənimət Zahidin ya özü, ya da nümayəndəsi, vəkili məhkəmə prosesində iştirak etsin və bu məsələlərə aydınlıq gətirilsin. Bundan sonra biz də mövqe bildirəcəyik. Hüquqlarını müdafiə etdiyim şəxslər bununla bağlı mənə bütün səlahiyyətləri veriblər. Səlahiyyətim olsa da, indi konkret fikir bildirmək istəmirəm. Məsələ tam aydınlaşandan sonra fikirlərimi deyəcəm.

- Siz hansı hallarda barışığı mümkün hesab edirsiz? Qarşı tərəfdən əsas gözləməniz nədir?

- Qənimət Zahiddən və “Azadlıq” qəzetindən əsas tələbimiz, gözləməmiz ya barəsində şikayət verilmiş şəxsin özünün, yaxud onun nümayəndəsinin məhkəmə prosesinə gəlməsidir. Prosesdə iştirak edəndən sonra tərəflər arasında hansısa məsələlər istisna oluna bilməz. Prosesin gedişində elə məsələlər ola bilər ki, biz bu və ya digər halı mümkün hesab edək. Ona görə də barışıq haqqında verdiyiniz suala münasibət bildirmək hələ tezdir. Çünki təkzib verilə-verilə qəzetdə müntəzəm məqalələr dərc olunur ki, guya məhkəməyə müraciət edilməsi Qənimət Zahidə təzyiqdir, söz azadlığının boğulması, fikir azadlığının məhdudlaşdırılmasıdır. Eyni zamanda iddia edirlər ki, güya bu, “Azərbaycan saatı” verilişi ilə bağlıdır. Hər gün belə yazılar dərc olunur, iddialar irəli sürülür, müxtəlif insanlardan açıqlamalar alırlar. Xüsusi ittiham qaydasında verilən şikayətdən xəbəri olmayan media rəhbərləri münasibətlərə, məhkəmə çəkişməsinə xeyir verməyən açıqlamalarla çıxış edirlər. Yəni demək istəyirəm ki, bir təkzib yazmaqla bu məsələ dayanmır. Amma “Azadlıq” qəzetində dərc olunan təkzib də onu sübut edir ki, bunun söz azadlığına heç bir aidiyyəti yoxdur. Böhtan olub, şər atılıb və bunu edənlər səhv etdiklərini, düz yazmadıqlarını etiraf ediblər. Səhv etdiyini Qənimət Zahid də boynuna alır və bağışlanmasını istəyir. Mən də hələ təkzib verilməmişdən əvvəl elan etmişəm ki, bağışlanma heç vaxt istisna deyil.

- İndiki yazıların da dayandırılmasını tələb edirsiniz?

- Mən heç nə tələb etmirəm. Əgər yazılar dayandırılmayacaqsa, münasibətlər də ona uyğun davam etdiriləcək. Təkzibi xırda şiriftlərlə yazıb, böhtanı isə davam etdirəcəklərsə, onda hansı barışıqdan danışmaq olar? Təkzibin mənası səmimi peşmançılıqdır. Bu səmimi peşmançılığın formal xarakter daşıdığı hamıya bəlli olacaqsa, buna heç kim obyektiv yanaşmaz. Axı xüsusi ittiham qaydasında şikayət verilməsi böhtan atılması ilə bağlıdır. Əgər böhtan davam edirsə, bir təkzib yazmaqla iş düzəlmir, məsələ dayanmır. O əməl dayanmayana qədər bu proses davam etməlidir.

- İki nazirin müxalif qəzetin baş redaktorunun həbs olunması barədə iddia qaldırması beynəlxalq aləmdə Azərbaycanın imicinə mənfi təsir edə bilər. İddiaçıların bu amili də nəzərə alıb barışığa getməsi mümkündürmü?

- Mən baş verənləri bu cür qiymətləndirmirəm. Eyni zamanda beynəlxalq normalar da bu məsələyə belə qiymət vermir. Əvvəla, iki nazir anlayışı bu məsələyə şamil olunmur. Mən prosesdə Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin möhürü ilə verilmiş etibarnamə əsasında iştirak etmirəm. Hər iki şəxs Azərbaycan Respublikasının vətəndaşı kimi notariat qaydasında məhkəməyə müraciət edib. Bunu iş materialları ilə tanış olan hər kəs görə bilər. Hesab edirəm ki, bu, əksinə, beynəlxalq aləmdə Azərbaycana daha müsbət imic gətirən haldır. Eyni zamanda “Azadlıq”da gedən təkzib təsdiq edir ki, bu vətəndaşlara böhtan atılıb, Qənimət Zahid təkzib verməklə bunu təsdiqləyir. Ramil İdris oğlu Usubovun və Kəmaləddin Fəttah oğlu Heydərovun tutduqları vəzifədən asılı olmayaraq Azərbaycan vətəndaşları kimi onlara atılmış böhtanla bağlı məhkəməyə müraciət etmək hüquqları var. Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, mətbuatda böhtana məruz qaldığını güman edən hər bir vətəndaşın məhkəməyə müraciət etmək haqqı var. Göründüyü kimi, burada fikir və söz azadlığına hücumdan söhbət gedə bilməz. Biz hələlik məhkəməyə müraciət etmişik. Məhkəmənin buna necə qiymət verəcəyi hələ bilinmir, bu sonrakı mərhələdə aydınlaşacaq. Söz və fikir azadlığına təzyiqi iddiasını və dərc olunan təkzibi müqayisə edin. Onda məlum olacaq ki, burada mətbuata hər hansı təzyiqdən, onları boğmaqdan söhbət gedə bilməz.

- Kəmaləddin Heydərov indiyə qədər heç bir jurnalisti xüsusi ittiham qaydasında, yəni həbs olunması üçün məhkəməyə verməmişdi. Niyə bu dəfə belə bir iddia qaldırmaq qərarına gəldi? Kəmaləddin Heydərovdan mətbuatda çox yazılır, bu məqalənin əvvəlkilərdən fərqi nə idi?

- Məqalədə nazir Kəmaləddin Heydərov ağır cinayətdə ittiham olunub. Bütövlükdə yazının mahiyyəti, məzmunu bundan ibarətdir. Orada hörmətli generalımız Rail Rzayevin qətlindən bəhs edilir. Hazırda Rail Rzayevin qətlə yetirilməsi cinayəti ilə bağlı istintaq gedir. Rail Rzayevin ailəsi, yaxınları, qohumları, onu ürəkdən istəyən insanlar var. Kəmaləddin Heydərov da Azərbaycan vətəndaşıdır. İstintaqın davam etdiyi, hələ nəticə vermədiyi bir vaxtda bu cür əsassız ittihamların ortaya atılması Kəmaləddin Heydərovun özünün həyatının təhlükə qarşısında qoyulması demək deyilmi? Onu bu ağır cinayətdə ittiham edənlərlə bağlı məhkəməyə müraciət etmək hüququnu kim məhdudlaşdıra bilər? Kəmaləddin müəllim bunu əsas tutaraq məhkəməyə müraciət edib. Ağır cinayətdə ittiham olunduğuna görə Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə məhkəməyə müraciət edib. Əgər Qənimət Zahidin əlində hər hansı sübut varsa, həmin məlumatları istintaqa vermək hüququna malikdir. Onun bu hüquqlarını kim əlindən alıb ki, əsassız iddiaları, məlumatları KİV-də dərc edir, sonra da çıxıb deyir ki, mən qeyri-müəyyənliyə yol vermişəm, səhv etmişəm, məmurlardan və oxuculardan üzr istəyirəm. Əsası, mötəbərliyi, sübutu olmayan məlumatları dərc etmək olmaz. Axı belə məlumatların sübutu istintaq qaydasında təsdiqlənməlidir. Heç təkzibdə kimdən üzr istənildiyi də məlum deyil. Eləcə yazıblar ki, məmurlardan və oxuculardan üzr istəyirik.