Klub həmin gecəyə görə 70 milyon pul istəyir

klub-hemin-geceye-gore-70-milyon-pul-isteyir
Oxunma sayı: 6085

Rusiyalı bloqer Anastasiya İvleevanın “çılpaq ziyafət” təşkil etdiyi Moskvanın “Mutabor” klubu tanınmış aparıcını məhkəməyə vermək niyyətindədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Mash” teleqram kanalı yayıb. 

Sözügedən müəssisə İvleevanı klubun nüfuzuna xələl gətirməkdə ittiham edir və buna görə ondan 70 milyon rubl təzminat tələb etməyə hazırlaşır. 

Kanal qeyd edir ki, İvleeva tərəfindən icarə barədə imzalanan müqaviləyə əsasən, bloqer Rusiya qanunvericiliyini pozmamağı, qeyri-normativ leksikadan istifadə etməməyi, eləcə də klubun nüfuzuna xələl gətirəcək fəaliyyətlərdən çəkinməyi öhdəlik olaraq qəbul edib. 

Məlumata görə, bloqer klubun icarəsi üçün 3 milyon rubl ödəməli idi. Bununla belə, onun hələ bu məbləğin 960 minini ödəmədiyi bildirilir. 

Xatırladaq ki, İvleeva dekabrın 20-dən 21-nə keçən gecə Moskvanın “Mutabor” klubunda “Almost naked” adlı şənlik təşkil edib. Şənlikdə iştirak edənlər tədbirə açıq-saçıq geyimlərdə qatılıb. Şənlikdə Rusiyanın tanınmış müğənniləri - Filipp Kirkorov, Lolita, Dima Bilan, aparıcı Kseniya Sobçak, eləcə də bir neçə digər məşhur şəxslər iştirak edib. Şənlik ölkədə qalmaqala səbəb olub. Tədbir iştirakçıları və şənliyi təşkil edən bloqer İvleeva ictimaiyyətdən üzr istəyib.