“Koroğlu”da bitumdaşıyan yük maşını aşdı, maye yola dağıldı - Yenilənib - Video

korogluda-bitumdasiyan-yuk-masini-asdi-maye-yola-dagildi
Oxunma sayı: 6882

Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyasının qarşısında bitumdaşıyan yük maşını aşıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində avtomobildə olan maye yola dağılıb. Nəqliyyat vasitələrinin hərəkətində çətinlik yarandığından mərkəz istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Qeyd edək ki, baş vermiş hadisə nəticəsində həm mərkəz, həm aeroport yolu istiqamətində sıxlıq yaranıb.

***

Bitumdaşıyan yük avtomobilinin aşması, yola mayenin dağılması səbəbindən məhdudiyyət tətbiq edilən istiqamətlərin sayı artıb.

Belə ki, qəza səbəbindən Böyükşor şosesi- “Koroğlu” metro stansiyası, mərkəz, həmçinin Heydər Əliyev prospekti, əsas yol - “Koroğlu” metro stansiyası və Qara Qarayev prospekti istiqamətlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu ərazisində, “Koroğlu” metro stansiyası yaxınlığında yük avtomobilinin aşması nəticəsində yola yanğıntəhlükəli maye dağılması barədə məlumat daxil olub.

Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülməsi üçün dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 13:04-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Heydər Əliyev prospekti, Koroğlu metrosu yaxınlığında iri tonnajlı yük avtomobilinin aşması səbəbilə çağırış daxil olub: “Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. Qəzada xəsarət alan 56 yaşlı şəxs (kişi cinsli) müştərək travma və bədənin çoxsaylı yanıqları diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. İlkin zəruri tibbi yardımlar göstərildikdən sonra Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunması nəzərdə tutulub”.

***

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Volvo” markalı, 30 ton tutuma malik çəni olan yük avtomobilinin yolun hərəkət hissəsinə aşması nəticəsində 200m2 sahəyə yanğın təhlükəli bitumun dağıldığı müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində ərazidə mümkün yanğın təhlükəsi aradan qaldırılıb.