Kral taxtından imtina edib - Həvəskar qapıçı olmağı seçdi

kral-taxtindan-imtina-edib
Oxunma sayı: 157

Uqandanın Toro Krallığında yeni kralın seçilməsi prosesi böhranla üzləşib. Kral IV Oyo Nyimba Kabamba İquru Rukidinin varisi kimi seçilən həvəskar qapıçı Corc Desmond Kamurasi taxtdan imtina edib.

“Qafqazinfo” xəbər verir ki, 36 yaşlı Corc Desmond Kamurasi Londonda İngiltərə futbolunun doqquzuncu liqasında çıxış edən “Si Dons” klubunun kapitanı və qapıçısıdır.

O, 21 üzvdən ibarət kral varislik komitəsinin əsas namizədi olub. Səsvermədə iştirak edən 18 üzvdən 15-i onun namizədliyini dəstəkləyib. Lakin Kamurasi digər öhdəliklərini əsas gətirərək taxtı qəbul etməyib.

Uqanda mediasının məlumatına görə, onun Londonda ailəsi var və Kral Oyonun dəfn mərasimi ilə eyni vaxta düşən futbol matçında iştirak etməsi gözlənilirdi.

Kamurasinin imtinasından sonra komitə Uqanda Yayım Korporasiyasında (UBC) aparıcı və redaktor işləyən Şahzadə Edvard Rukidi Kiyanangomanı varis seçib. Lakin mərhum kralın yaxın ailə üzvləri bu qərarı da rədd ediblər.

Taxt uğrunda mübahisə kral ailəsində parçalanmaya səbəb olub. Kralın anası və ailənin digər üzvləri faktiki olaraq ev dustaqlığında saxlandıqlarını bildiriblər.

Kralın bacısı Şahzadə Rut Komuntale isə ona və Kraliça Anna Best Kemigisaya qarşı sui-qəsd hazırlandığını bildirib. O, həmçinin Kral Oyonun 2022-ci ildə hazırladığı bildirilən vəsiyyətnaməni yayımlayıb. Sənəddə adı açıqlanmayan “bioloji oğul”un varis kimi göstərildiyi bildirilir.

Bu iddia Toro elitasında təəccüb doğurub, çünki kralın belə bir oğlunun olduğu barədə bir çox şəxsin xəbəri olmayıb.

Üç yaşında taxta çıxan və 31 il Toro Krallığını idarə edən Kral Oyo 34 yaşında ABŞ-də xərçəng müalicəsi alarkən vəfat edib. O, uzun müddət dünyanın ən gənc hakimiyyətdə olan monarxı kimi tanınıb.

Kralın dəfn mərasimində Uqanda Prezidenti Yoveri Museveni tərəfləri məsələnin sülh və qanuni yollarla həllinə çağırıb.

Kraliça Anna isə taxt uğrunda mübarizənin ailənin oğullarının ölümünə yas tutmasına mane olduğunu bildirib: “Mən taxt uğrunda mübarizə aparanlara müraciət edirəm: Xahiş edirəm, bütün bunlar vaxtında gələcək. Gəlin yas tutaq və oğlum Kral Oyonu dəfn edək”.

Qeyd edək ki, Uqanda respublika olsa da, ölkədə dörd ənənəvi krallıq rəsmi şəkildə tanınır. Bu krallıqlar hazırda mədəni funksiyalar daşıyır və məhdud siyasi səlahiyyətlərə malikdir.