Lənkəranda tarixi bina sökülür? - Foto

lenkeranda-tarixi-bina-sokulur
Oxunma sayı: 3572

Sosial şəbəkələrdə Lənkəranda ötən əsrin 50-ci illərində inşa olunmuş Zabitlər evinin sökülməsi ilə bağlı məlumat yayılıb. Binanın həyətinin bir neçə gün bundan əvvəl hasara alındığı, yaxın günlərdə ərazidə yeni obyekt tikintisi üçün işlərə başlanacağı iddia edilir. Lənkəran əhalisi isə söküntü xəbərini etirazla qarşılayıb və Sovet dövründə bir çox tanınmış müğənnilərin konsertləri keçirilən tarixi binanın sökülməsinin məsuliyyətsiz qərar olduğu bildirilir.  

“Qafqazinfo” məsələ ilə bağlı Lənkəran rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətindən saytımıza hər hansı söküntüdən söhbət getmədiyi bildirilib:

“Zabitlər evi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin balansındadır. Bir müddət əvvəl hərraca çıxarılıb və bir sahibkar tərəfindən alınıb. Lakin binanın söküntüsündən birmənalı şəkildə, söhbət getmir. Bizdə olan məlumata görə, həmin binada əsaslı təmir işləri aparılacaq. Doğrudur, təmirlə bağlı layihə hələ İcra Hakimiyyətinə təqdim olunmayıb. Yəqin ki, yaxın günlərdə təqdim olunacaq və baxılacaq”. 

Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi Şöbəsindən isə bildirdilər ki, sözügedən bina onların balansında deyil, xüsusi mülkiyyətdir: “Bu barədə nə sualınız varsa, mülkiyyətçiyə və ya Lənkəran İcra Hakimiyyətinə müraciət edə bilərsiniz. Kimin nə iddiası varsa, məhkəməyə müraciət edə bilər. Və ya, əgər söküntü varsa, İcra Hakimiyyətinə, Arxitektura Komitəsinə və FHN-ə müraciət oluna bilər. Bina bizim balansımızda deyil”. 

Gülnar Əliyeva