Bir ekosisteminin fintex həlli olan “m10” və rəqəmsal ödəniş texnologiyaları sahəsində qlobal lider “Mastercard” bu gün “m10” rəqəmsal kartının istifadəyə verildiyini elan edib. Tam rəqəmsal ödəniş həlli olan “m10” kartı Azərbaycanda təhlükəsiz, rahat və inklüziv maliyyə xidmətlərinin təqdim edilməsini hədəfləyir.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycanda fintex brendi ilə “Mastercard” arasında ilk əməkdaşlıq olan bu tərəfdaşlıq, “Mastercard”ın qlobal təcrübəsini “m10”un yerli innovasiyası ilə birləşdirərək ölkənin müasir, rəqəmsal yönümlü iqtisadiyyata keçidini dəstəkləyir.
“Mastercard” dəstəyi ilə təqdim olunan rəqəmsal kart “m10” tətbiqi daxilində dərhal aktivləşir və istifadəçilərə həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda rahat, mobil əsaslı ödəniş təcrübəsi təqdim edir. Qüsursuz inteqrasiya, praktik rəqəmsal alətlər və yaxın zamanda istifadəyə veriləcək fərdiləşdirilmiş loyallıq proqramları sayəsində bu həll qlobal səviyyədə tanınır və eyni zamanda Azərbaycanın sürətlə böyüyən rəqəmsal istifadəçi bazasının ehtiyaclarına tam cavab verir.
Rəqəmsal “m10” kartı “m10” cüzdanı ilə eyni balansdan istifadə edir və əlavə hesabın açılmasını tələb etmir. İstifadəçilər kartı dərhal “Apple Wallet” və ya “Google Wallet”ə əlavə edərək bir neçə saniyə ərzində onlayn, oflayn və beynəlxalq platformalarda ödənişlərə başlaya bilirlər. Təsdiqlənmiş (KYC-dən keçmiş) istifadəçilər kartı bir toxunuşla aktivləşdirir və kontaktsız ödənişlərə, onlayn alışlara, NFC nəqliyyat ödənişlərinə, internet olmadan ödəniş imkanına və istifadəçi hərəkətlərinə reaksiya verən interaktiv kart interfeysinə çıxış əldə edirlər.
Əməkdaşlıq təhlükəsiz və etibarlı əməliyyatların təmin edilməsi üçün “Mastercard”ın qabaqcıl təhlükəsizlik və antifrod texnologiyalarına əsaslanır. “m10” və “Mastercard” birlikdə Azərbaycanda uzunmüddətli rəqəmsal adaptasiyanın, maliyyə savadlılığının və dayanıqlı iqtisadi artımın təşviqinə töhfə verməyi hədəfləyir.
“m10”un məhsul üzrə sahə rəhbəri Leyla Məmmədova bildirib ki, “m10” hər zaman istifadəçilərə rahat, intuitiv və insan mərkəzli maliyyə təcrübəsi təqdim etməyə fokuslanıb: “Rəqəmsal kartımızın istifadəyə verilməsi ilə bu baxışı tamamilə yeni səviyyəyə qaldırırıq. Kart unikal müştəri təcrübəsi, asan aktivləşdirmə və gündəlik istifadədə maksimum rahatlıq təqdim edir - bütün bu imkanlar “m10” tətbiqinə tam inteqrasiya olunub. Bu, sadəcə yeni bir funksiya deyil, “m10”un inkişafında mühüm bir mərhələdir və bizi rəqəmsal maliyyə xidmətlərində yeni mərhələyə aparır. Məqsədimiz istifadəçilərin müasir rəqəmsal ödəniş vərdişlərini mənimsəyərkən özlərini inamlı, məmnun və tam səlahiyyətli hiss etmələrini təmin etməkdir”.
Rəqəmsal “m10” kartının istifadəyə verilməsi Bir ekosistemində davam edən transformasiyanı daha da gücləndirərək əməliyyatların inteqrasiyasını, sadəliyi və rəqəmsal rahatlığı artırır. Bu addım eyni zamanda Azərbaycanın innovasiyaya əsaslanan və nağdsız iqtisadi inkişafa yönəlmiş daha geniş baxışı ilə üst-üstə düşür. Qlobal ödəniş infrastrukturunu yerli rəqəmsal innovasiya ilə birləşdirən “m10” və “Mastercard” milyonlarla istifadəçiyə təhlükəsiz, qlobal səviyyədə qəbul olunan ödəniş imkanlarını birbaşa mobil cihazları üzərindən təqdim edir.
“m10” haqqında
“m10” Azərbaycanın və Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemi olan Bir ekosistemi tərəfindən hazırlanmış rəqəmsal cüzdan və fintex həllidir. 2022-ci ildən istifadəyə verilmiş “m10” fərdlər və bizneslər üçün maliyyə əməliyyatlarını sadələşdirməyi, vəsaitlərin idarə edilməsini və ödənişlərin həyata keçirilməsini təhlükəsiz və rahat şəkildə təmin etməyi hədəfləyir.
Ətraflı məlumat: m10.az
“Mastercard” haqqında
“Mastercard” 200-dən çox ölkə və ərazidə iqtisadiyyatları gücləndirir və insanlara imkanlar yaradır. Müştərilərimizlə birlikdə, hər kəsin inkişaf edə biləcəyi dayanıqlı iqtisadiyyat qururuq. Rəqəmsal ödənişlərin geniş spektrini dəstəkləyərək əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiyamız, innovasiyalarımız, tərəfdaşlıqlarımız və şəbəkəmiz sayəsində insanlar, bizneslər və dövlətlər üçün unikal məhsul və xidmətlər təklif edirik.
Ətraflı məlumat: www.mastercard.com