“Magistral yolda çəpəri söküb heyvanları keçirirlər” - Video

magistral-yolda-ceperi-sokub-heyvanlari-kecirirler
Oxunma sayı: 2530

Sürücülər Bakı-Astara magistral yolunda heyvanların gecə yola çıxaraq qəza təhlükəsi yaratdığını iddia ediblər.

Bu barədə “Qafqazinfo”ya vətəndaş Emil Cabbarlı müraciət edib. O bildirib ki, heyvanların trasa çıxmaması üçün yol kənarına çəkilən çəpərlərin bəzi hissələri heyvan sahibləri tərəfindən sökülərək açılıb. Bu səbəbdən də heyvanların gecə yola çıxması nəticəsində qəzalar baş verir:

“Bakı-Astara magistralında heyvanların yola çıxmaması üçün çəkilən çəpərlər heyvan sahibləri tərəfindən sökülərək açılıb. Buna görə də iki gündən bir orada heyvanlar gecə yola çıxır. Nəticədə faciəvi hadisələr baş verir. Aidiyyəti qurumlar isə bunu görüb özlərini görməzliyə vururlar. Xahiş edirəm bu görüntüləri işıqlandırıb aidiyyəti qurumları məsələnin həllinə cəlb edəsiniz”.

Məsələ ilə Azərbaycan Avtomobil Yoları Dövlət Agentliyinə sorğu ünvanladıq. Agentliyin Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, həmin yol hər gün başdan-başa yoxlanılır: “Bəzi məsuliyyətsiz vətəndaşlar tərəfindən heyvanların otarılması üçün çəpərlər kəsilir və heyvanlar başlı başına buraxılır. Başlı başına buraxılan heyvanlar təbii ki, yola da çıxırlar və bu ciddi qəza təhlükəsi törədir. Bu kimi hallara əlbəttə ki, nəzarət olunur. Lakin hər addımbaşı nəzarət mümkün deyil. Burada vətəndaş məsuliyyəti və ictimai qınaq da lazımdır”.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı  Məhəmməd Rzayev saytımıza açıqlamasında bildirib ki, hazırda yolun həmin hissəsindəki mühafizə çəpərlərinin yoxlanılması və bərkidilməsi işləri aparılır:

"Əraziyə AYDA-nın nümayəndələri də dəvət olunub. Sözügedən mühafizə çəpərlərini kəsərək mal-qaranın magistral yola daxil olmasına şərait yaradan və bununla da həmin ərazidə nəqliyyat vasitələrinin hərəkətinə ciddi təhlükə yaradan şəxslərin müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbirlərin görülməsi istiqamətində tədbirlər davam etdirilir".

Nəzrin Cavadzadə