“Marinera” Venesuelanın “kölgə donanması”na aid imiş

marinera-venesuelanin-kolge-donanmasina-aid-imis
Oxunma sayı: 950

Ağ Evin mətbuat katibi Kerolayn Levitt keçirdiyi brifinqdə ABŞ Sahil Mühafizəsi tərəfindən Şimali Atlantikada ələ keçirilən “Marinera” tankeri ilə bağlı yeni təfərrüatları açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Levitt gəminin heç bir ölkənin rəsmi qeydiyyatında olmadığını və “saxta bayraq” altında hərəkət etdiyini bildirib.

Ağ Ev rəsmisinin sözlərinə görə, tanker Venesuelanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi “kölgə donanması”nın tərkib hissəsidir və qanunsuz olaraq neft daşıyıb.

O, gəmi heyətinin də məsuliyyətə cəlb olunacağını vurğulayaraq, gəminin müsadirəsi ilə bağlı çıxarılan məhkəmə orderinin heyətə də şamil edildiyini, onların ABŞ-yə gətirilərək federal qanunları pozduqlarına görə məhkəmə qarşısında cavab verəcəklərini qeyd edib.

Levitt həmçinin Karib dənizində saxlanılan “Sofiya” tankerinin də eyni qanunsuz şəbəkəyə aid olduğunu və heç bir ölkəyə məxsus olmadığını iddia edib.

Xatırladaq ki, bu gün “USCGC Munro” gəmisi tərəfindən İslandiya sahillərindən təxminən 200-300 kilometr cənubda saxlanılan tanker əvvəllər “Bella 1” adı ilə tanınıb. İki həftədən çox davam edən təqibdən sonra ələ keçirilən gəminin Murmanska doğru hərəkət etdiyi bildirilib.