Masazırdakı restoran da Namiq Mənanındır? - Video-Yenilənib

masazirdaki-restoran-da-namiq-menanindir
Oxunma sayı: 3405

Abşeron rayon Masazır kəndində fəaliyyət göstərən “Tripalma” restoranından gecə saatlarında ətrafa yayılan yüksək səs sakinlərin narazılığına səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, yüksək səslə musiqi səsləndirilməsi, meyxana deyişmələri səbəbindən əhali Baku TV-yə müraciət edib.

Bildirilib ki, bəzi hallarda musiqi və meyxana səsi gecə saat 2-yə qədər davam edir.

Televiziya əməkdaşları sözügedən obyektdə çəkiliş apararkən onları meyxanaçı Namiq Məna qarşılayıb. O, saat 23:00-dan sonra musiqi səsinin azaldıldığını deyib.

Sənətçi ətrafdakı yaşayış evlərinə səsin yayılması ilə bağlı iradları da nəzərə alacaqlarını bildirib: “İndi səs keçirməyən pəncərələr var. Həmin pəncərələri ala bilməyənlərdən üzr istəyirik. Qanuna hamımız riayət etməliyik. Şikayətləri nəzərə alarıq”.

Namiq Mənanın restoranda hansı formada fəaliyyət göstərməsi qeyd edilməyib. Lakin o da məlumdur ki, meyxanaçı Abşeron rayonunda bir neçə restorana sahibdir.

Xatırladaq ki, bir müddət əvvəl ona məxsus olan və Saray qəsəbəsində yerləşən “Mor-Mor” restoranında dava olmuş və bir nəfər həbs edilmişdi.

***

Abşeron rayonunun Masazır qəsəbəsində fəaliyyət göstərən ictimai iaşə obyektində gecə saatlarında ətraf ərazilərə yayılan yüksək səslə bağlı daxil olan müraciət polis əməkdaşları tərəfindən araşdırılır. 

Araşdırmanın nəticəsindən asılı olaraq obyektin məsul şəxsləri barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görüləcəkdir.