Mayk Taysonun oxuduğu kitablar

mayk-taysonun-oxudugu-kitablar
Oxunma sayı: 2804


“Qafqazinfo”nun AzadlıqRadiosuna istinadən məlumatına görə, “Wall Street Journal” yazır ki, 48 yaşlı Tyson fəlsəfəyə olan sevgisini “filosofların çoxunun siyasi cəhətdən korrekt olmaması, yəni status-kvoya, hətta allaha üsyan etməsi” ilə bağlayır. “Nietzsche dəlidir, onu doğrudan da anlamaq üçün IQ-ün (intellekt əmsalı – red.) azı 300 olmalıdır”. 

“Allah ölüb” deyən Nietzsche-dən başqa Tayson danimarkalı filosof Kierkegaard-u oxuyur.

Konkret olaraq, Gordon Marino-nun redaktəsi ilə nəşr edilmiş “The Quotable Kierkegaard” (Kierkegaard-dan sitatlar) kitabını. Danimarkalı filosof da daim xristianlığı tənqid edib, din adamları ilə münaqişədə olub. 

“Filosoflardan başqa mən mütəmadi tarix kitabları oxuyuram” – deyir: “Müdrik adamlardan biri yaxşı deyib ki, keçmiş sadəcə, məzəli geyimlərə bürünmüş indidir”.

Boksçu Makedoniyalı İsgəndər haqda oxumağı sevir. Məsələn, Sean Patrick-in “Böyük İsgəndər: Dünyanı fəth etmiş makedoniyalı” kitabını. 

Makedoniyalı İsgəndərin “Kölgədə keçən uzun ömürdənsə şöhrət içində keçən qısa ömür yaxşıdır” sözləri Mayk Tayson üçün bir deviz olub.New York-un ən kriminallaşmış rayonlarından olan Brooklyn-dən (Brownsville) çıxan, 12 yaşınacan polis tərəfindən 37 dəfə saxlanmış Tyson deyir:

“Mən həbsxanaya düşüb-çıxan bir adam kimi ya gülləyə tuş gəlib ölməyimi, ya da residivist oğru kimi günümün davalarda keçməsini gözləməliydim”.

O ki qaldı İsgəndərin şəxsiyyətinə...

“İsgəndər, Napoleon, Çingiz xan – onların hamısı ana uşağı olublar. Məhz buna görə İsgəndər daim hücumda olub. Çünki anasının hökmran olduğu evinə qayıtmaq istəmirdi”. 

Boksçu məktub oxumağın da həvəskarıdır: “Napoleon-un Josephine-ya sevgi məktublarını oxuyun, görəcəksiniz ki, məhəbbət əslində dəliliyin bir formasıdır”. 

İngilis yazıçısı Virginia Woolf-un, paltarının ciblərinə daş doldurub özünü suda boğmasından əvvəl ərinə yazdığı məktubu da oxuyub Tayson: 

“Mənim yüngül şeylər oxumaqla aram yoxdu. Mən yüngül mövzuları xoşlayan oğlanlardan deyiləm”.