Məcnun Məmmədov Omanın iqtisadiyyat naziri ilə görüşdü - Fotolar

mecnun-memmedov-omanin-iqtisadiyyat-naziri-ile-gorusdu
Oxunma sayı: 377

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanda səfərdə olan və Oman Sultanlığının iqtisadiyyat naziri Səid bin Məhəmməd bin Əhməd Əl-Saqrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov iki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensial olduğunu deyib.

Nazir qeyd edib ki, keçirilən müzakirələr Azərbaycanla Oman Sultanlığı arasında əməkdaşlıq perspektivlərini araşdırmağa və yeni tərəfdaşlıq yaratmağa imkan verir. Bildirilib ki, sahibkarlar arasında əlaqələri gücləndirmək, ixrac yönümlü məhsullar haqqında müntəzəm məlumat mübadiləsi aparmaq, hər iki ölkədə keçirilən beynəlxalq sərgilərdə qarşılıqlı iştirak etmək imkanlarını araşdırmaq vacibdir.

Məcnun Məmmədov iki ölkə arasında konkret sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün hüquqi bazanın formalaşdırılmasının vacib olduğunu vurğulayıb.

Səmimi qəbula görə təşəkkür edən Oman Sultanlığının İqtisadiyyat Naziri Səid bin Məhəmməd bin Əhməd Əl-Saqri bildirib ki, ölkəsi Azərbaycanla ticarət əlaqələrini genişləndirməyi və kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsini artırmağı vacib hesab edir. Bunun üçün əməkdaşlığın hüquqi əsaslarının formalaşdırılmasını təklif edən nazir Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə Omanın Kənd Təsərrüfatı, Balıqçılıq və Su Ehtiyatları Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalamaq təklifini dəstəklədiyini bildirib.

Görüşdə azad olunmuş ərazilərdə kənd təsərrüfatının səmərəli təşkilinə dair layihələr, balıqçılıq, texnologiya transferi, təcrübə mübadiləsi və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.