Mehmanxanalarda yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirildi - Fotolar

mehmanxanalarda-yangin-tehlukesizliyi-ile-bagli-tedbirler-kecirildi
Oxunma sayı: 1091

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxanalarda yanğın təhlükəsizliyi qaydaları tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə növbəti silsilə maarifləndirmə tədbirləri keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu çərçivədə növbəti tədbirlər Bakı şəhərində yerləşən “Courtyard by Marriott Baku” və “Hyatt Regency Baku” mehmanxanalarında keçirilib. 

Tədbirlərdə yanğın təhlükəsizliyinin təmin olunmasına obyekt rəhbərlərinin şəxsən məsuliyyət daşıdıqları, bütün əməkdaşların yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrinin zəruriliyi bildirilib. Eyni zamanda, bina və binaətrafı ərazilərin təmiz saxlanılmasının vacibliyi diqqətə çatdırılıb, elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına dair tələblər barədə məlumat verilib.

Əməkdaşlarla yanğın zamanı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi, həmçinin su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin tələbləri barədə ətraflı söhbət aparılıb.

Sonda ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları əyani şəkildə izah edilib və suallar cavablandırılıb.