Mehriban Əliyevanın namizədliyini irəli sürən partiya rəhbəri kimdir?

mehriban-eliyevanin-namizedliyini-ireli-suren-partiya-rehberi-kimdir
Oxunma sayı: 7531


Mehriban Əliyevanın prezidentliyə namizədliyinin Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) adlı iqtidaryönlü partiya tərəfindən irəli sürülməsi məsələsinə münasibət öyrənmək üçün "Yeni-Müsavat" birinci ledinin rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə əlaqə saxlayıb. Fonddan bildiriblər ki, onlarda DADP adlı partiyanın bu qərarı haqda heç bir məlumat yoxdur və buna görə də sözügedən məsələni şərh edə bilməzlər.

Qeyd edək ki, DADP bir neçə il əvvəl yaradılıb və heç vaxt fəallığı, üzvlərinin sayı ilə fərqlənməyib. 2005-ci ildə partiya üzvləri artıq Mehriban Əliyevanı öz liderləri seçmək haqqında məsələ qaldırmışdılar. Lakin sonradan bu təşəbbüs unuduldu. Həmçinin hakimiyyətdən DADP-yə, onun o zamankı rəhbəri Məmməd Əlizadəyə qarşı güclü təzyiqlərin olduğu haqda xəbərlər də mətbuatda yayıldı. Bu partiya özünü Bakı və Abşeron sakinlərinin maraqlarının təmsilçisi kimi təqdim edir, lakin onun tərkibinə daha çox regionların sakinləri daxildir.

Ötən il bu partiya ətrafında qalmaqallar baş verdi. DADP sədri M.Əlizadə istefa verdi və yerinə Mirkazım Seydov adlı birisini seçdirdi. Mətbuat yazdı ki, M.Əlizadə sədr postunu ona pulla satıb. Ehtimal edilirdi ki, M.Əlizadənin partiyadan getməsi onun DADP-ni hakimiyyətin digər qanadına “satması” ilə bağlıdır. Mətbuatda hakimiyyətin digər qanadından M.Əlizadəyə bu məqsədlə “maşın və ev verildiyi” haqda xəbərlər dolaşmağa başladı. Daha sonra M.Seydidovla M.Əlizadə arasında qalmaqallar yarandı, M.Əlizadə ondan partiyanın möhürünü və ştampını geri aldı, özü DADP-nin fəxri lideri statusunu aldı və partiyada ona yaxın yeni sədr seçildi.

Partiyada qalmaqallardan əvvəl M.Əlizadə DADP sədri kimi hakimiyyətdəki “islahatlara mane olan qüvvələr” barədə kəskin danışaraq deyirdi ki, həmin qüvvələr neytrallaşdırılmasa ərəb inqilabları Azərbaycanda da baş verəcək: “Hesab edirik ki, hakimiyyətdə bu islahatlara mane olan qüvvələr ya geri çəkilməli, ya da həmin qüvvələr zərərsizləşdirilməlidir”, - deyə M.Əlizadə 2012-ci ildə “Reytinq” qəzetinə müsahibəsində bildirib.

M.Əlizadə dünən “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində deyib ki, ilyarımdır DADP ilə əlaqələrini kəsib və hazırda DADP adına iddia edən iki qrup var: Qruplardan birinə Fatma Əliyeva, digərinə Əlisahib Hüseynov adlı şəxslər sədrlik edirlər.

İndi isə belə məlum olur ki, M.Əliyevanın namizədliyini irəli sürənlər DADP-nin parçalanmasından sonra yaranan yeni “qanadın” təmsilçiləridir. “Azadlıq” radiosu DADP-nin mətbuat katibi Esmira Şükürovdan məsələ ilə bağlı rəy alıb.

E.Şükürova M.Əliyevanın namizədliyini irəli sürənlərin vaxtilə partiyadan çıxarılmış və eyni adla partiya yaradanlar olduğunu deyir: “13 oktyabr 2012-ci ildə biz qurultay keçirmişik, həmin qurultayda Fatma Əliyeva partiyanın sədri olub. O, sədr olandan sonra partiyada təmizləmə işləri aparıb. Həmin vaxt partiyadan xaric olunanlar sonradan eyni adla partiya yaradıblar. Sonra baş prokurora və Nərimanov prokurorluğuna məktub yazıblar ki, əsl Demokratik Azərbaycan Dünyası Partiyası onlardılar və Fatma Əliyevə möhürü onlara vermir. Maraqlıdır ki, həmin məktublarına möhür də vurublar. Bəs onda necə olur bu?”

E.Şükürova deyir ki, onlar həmin şəxslərin M.Əliyevanın namizədliyini irəli sürməsi barədə məlumatları yenicə eşidiblər: “Biz ancaq möhtərəm prezidentimiz İlham Əliyevi dəstəkləyirik. Mehriban xanımın namizədliyini bizim partiya irəli sürməyib, heç adını çəkməyib. Biz ancaq prezidentimizin müdafiəsindəyik”.

Araşdırmalarımız zamanı bəlli oldu ki, M.Əliyevanın namizədliyini isə Ə.Hüseynovun sədrlik etdiyi qrup irəli sürüb.

Beləliklə, məsələ kifayət qədər ziddiyyətlidir və belə görünür ki, həm DADP-də baş verən intriqaların, həm partiyanın bir “qanadının” namizədlik məsələsi ilə bağlı konfransının arxasında hakimiyyətdaxili qruplar arasında gedən proseslər dayanır.

Normal məntiq baş verənlərin hakimiyyətə qətiyyən sərf etmədiyi deyir. Çünki YAP təxminən 15 gün öncə öz qurultayını iki ay qabağa keçirərək hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyini rəsmi şəkildə irəli sürüb. Artıq İ.Əliyevin namizədliyi ilə bağlı rəsmi təbliğata start verilib, ayrı-ayrı təşkilatlar, əmək kollektivləri, tanınmış şəxslər İ.Əliyevin namizədliyini müdafiə edən bəyanatlar verirlər. Belə bir vaxtda DADP-dən ayrıldığı deyilən bir qrupun M.Əliyevanın namizədliyini irəli sürməsi nəzərləri yenidən hakimiyyət daxilindəki “namizəd sindromu”na yönəltdi./musavat.com/