APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən “Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media” konfransına yekun vurarkən deyib.
Şöbə müdiri bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi öz fəaliyyətini Azərbaycanda mövcud olan balansı və modeli gözləyərək həyata keçirir: “Eyni zamanda, idarə müvafiq maarifçilik işləri aparır, müzakirələr təşkil edir, kurslar yaradır. Azərbaycanın dini modeli, onun tarixi, Azərbaycan dövlətinin bu sahədə yürütdüyü siyasət təbliğ olunur. Buna görə də Azərbaycan dövləti Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini dəstəkləyir. Düşünürük ki, idarənin gördüyü işlər yaxın vaxtlarda daha səmərəli nəticə verəcək”.
Ə. Həsənov bildirib ki, dövlət qurumları fəallaşmalıdır: “Dövlət qurumları cəmiyyətdən gələn siqnallara daha həssas olmalı, nəinki onlarla debata girməlidir. Dövlət orqanları siqnalları toplamalı, pozitiv və zərərli meylləri müəyyənləşdirməli, onları təhlil etməli, ümumiləşdirməli və müvafiq qənaətə gələrək əməli tədbirlər görməlidir. Bu işdə həm də mətbuat, ictimai təşkilatlar, fəal vətəndaşlar və intellektual elita dövlətin resursları kimi çıxış edirlər. Onların imkanlarından istifadə etdikdə, dövlət daha müvəffəqiyyətlə siyasət yürüdə bilir. Eyni zamanda, mətbuatda əks olunmuş yanlış iddialar da təkzib olunmalıdır. Dövlətin vəzifəsi həm də budur ki, cəmiyyətin çaşmasına, yanlış iddiaların ictimai rəyə ayaq açmasına imkan verməsin. Hesab edirəm ki, biz bugünkü tədbirdə səslənən dəyərli çıxışları nəzərə alacağıq və ümumiləşdirəcəyik”.
Ə. Həsənov qeyd edib ki, bəzi mətbuat orqanları Prezident Administrasiyasında qarşıdurma baş verdiyini iddia edirlər: “Bu, əsla belə deyil. Cəmiyyətdən müəyyən siqnallar gələ bilər. Biz də, digər strukturlar da bunu araşdırmalıyıq. Dövlət strukturunda çalışan hər bir məmur öz fəaliyyətini “Dövlət qulluğu haqqında” qanuna və işlədiyi orqanın əsasnaməsinə uyğun qurmalıdır. Biz məmur olaraq Prezident Administrasiyasında yalnız cənab prezidentin qoyduğu vəzifələri icra etmək üçün çalışırıq. Əgər dövlət qulluğunda ola-ola, vəzifə tutarkən siyasətə, yaxud bu və ya digər cərəyana qoşuluruqsa, məmurluqdan çıxırıq. Qarşıdurma meylləri yaratmaq və onları qızışdırmaq istəyən qüvvələr ola bilər. Bəzi siqnalların içərisində həqiqət də ola bilər. Çünki Azərbaycan insanının hamısının təfəkkürü, düşüncəsi, bu və ya digər məsələlərə yanaşma meyarları eyni deyil. Buna görə də, dövlət qulluqçuları, məmurlar öz vəzifə səlahiyyətlərini qanunun tələblərinə uyğun həyata keçirməli, məsuliyyətli olmalıdırlar”.
Ə. Həsənov Mətbuat Şurasının belə təşəbbüslərinin bundan sonra da davam etməli olduğunu vurğulayıb: “Media orqanları hardasa qarşıdurma yaratmaq yox, belə problemlər mövcuddursa, onların köklərini tapıb təhlil etmək və cəmiyyətə düzgün siqnalla vermək istiqamətində işləməlidir”.
Son xəbərlər
Son Xəbərlər