“Mən səni milyard dəfə öpmək istərəm...”- - Leyla Əliyeva

men-seni-milyard-defe-opmek-isterem-
Oxunma sayı: 4949


Mən səni milyard dəfə 

Öpmək, öpmək istərəm. 

Bilirəm, ömür yetməz, 

Milyard busə bəxş etsəm. 

Səni milyard öpüşə 

Qərq etməkdir istəyim... 

Ömür, vəfa et bir az 

Sonra deməsinlər ki, 

Əhdə vəfasız getdim.


Həyat, dayan! – Bir dincəl! 

Yorulmadan, durmadan, 

Elə hey yürüyürsən; 

Dünyada nə saat var, 

Qıraram hamısını –

Saniyə də bölünər, 

Dənələnər nar kimi... 

Elə bil heç yoxuymuş – 

Saniyə tarix olar... 

Son ilə başlanğıc da, 

Qızmar günəşlə qar da 

Əriyib yoxa çıxar.


Sən yanımda olanda, 

Heç kimsədən qorxmuram. 

Sevgilim, sənlə sanki 

Ulduzlardan da pünhan 

Başqa kainatdayam. 

Bura bizim dünyadır, 

burda zaman da başqa, 

ölçülər də başqadır... 


Mən səni çox sevirəm, 

Bəlkə də sevgi gülünc, 

hədəriymiş... nə deyim..? 

Amma... yox! – Sevgin mənə 

bir daha anlatdı ki, 

Məhəbbət 

               ülviyyətin, 

                gözəlliyin 

                           cəmidir; 

O, 

təmiz qəlbimizin 

                  başqa bir aləmidir..!


Sevirəm! – Suçummu var? 

Mühakimə etməyin!.. 

Məhəbbətin gözü kor, 

Qulağı da kar olar... 

Bizimçün bütün sözlər 

Səssiz, sanki laldılar; 

Sevənlərçün ağaclar, 

Susur... nəfəs almırlar....


Sevənlər heç qorxmazlar, 

Nə sual, nə cavabdan; 

Məhəbbət olan yerdə, 

sevən həqiqət sanar 

qəlbin sayrımasını... 

Sevən kəsi qorxutmaz, 

həyatın tufanları 

Çünki könlündə yoxdur, 

şübhənin sıx dumanı...


Qayğıdan, darıxmaqdan 

Qorxudan və hürküdən 

Uzaq qalar sevənlər... 

Sevənlərçün bu dünya, 

çoxdan köhnə röyadır. 

Onların öz dünyası 

Bir-birinin gözündə 

Doğulan bir dünyadır.


Heç cəhd də eləməyin, 

Sevgini... sağaltmağa.... 

Ürəkdən sevənlərçün 

eşqə əlac tapmazsız... 

loğmanlar dünyasında. 

Deyirəm, cəhd etməyin, 

Eşqin əlacı yoxdur..! 

Bəlkə ən güclü dərman 

Elə Sevgi özüdür... 


Mən səni milyard kərə, 

Öpmək, öpmək istərəm. 

And içirəm!.. – 

Xəyallarda olsa da, 

Tək bir kərə olsa da... 

Əhdimə və sözümə 

Əməl edəcəyəm mən. 

Sənə böyük sevgimlə 

Səddlər yenəcəyəm mən...


Tərcümə: Mahir Qabiloğlu