“Mehriban Əliyevanın təyinatı məqsədlərə maksimum çatmağa imkan verəcək”

mehriban-eliyevanin-teyinati-meqsedlere-maksimum-catmaga-imkan-verecek
Oxunma sayı: 2651

Son illərdə dünyada yüksək rəqəmsal texnologiyaların, süni intellektin sıçrayışlı inkişafı qlobal siyasətin də strukturunu, dövlətlərin idarəetmə sistemlərini və milli təhlükəsizliyini də kökündən dəyişməkdədir.

Müasir proseslər onu göstərir ki, süni texnologiyalar artıq kibercinayətkarlıq və kiberhücumlarla yanaşı, hərbi sənayenin də bir elementinə çevrilib. İnformasiya müharibəsi ilə yanaşı, kiberorduların yaranması artıq reallıqdır və proksi-hücumların təşkili, müxtəlif strateji məntəqələrin rəqəmsal silahlarla sıradan çıxarılması halları artmaqdadır.

Məhz rəqəmsal bazalar əsasında hansısa dövlətin informasiya ehtiyatlarının məxfi, xüsusi mühafizə olunan strateji məlumatlarının, ələxsus da hərbi sirlərinin ələ keçirilməsi nəticəsində həmin dövlətin ən strateji obyektləri hədəfə alınır, ən vacib strateji hədəfləri və şəxsləri sıradan çıxarılır. 

Qonşu İranda və yaxın regionlarda baş verən toqquşmalarda rəqəmsal və süni intellekt texnologiyalarının hansı yüksək rola malik olduğunu bir daha gördük. Bütün bunlar onu təsdiqləyir ki, müasir rəqəmsal texnologiyalar dövlətlərin milli informasiya sistemlərinin mühafizəsi, təhlükəsizliyi və suverenliyinin qorunması baxımından olduqca vacibdir. 

Bu nöqteyi-nəzərdən cənab Prezident İlham Əliyevin uzaqgörən müdrik qərarları sayəsində Azərbaycanda kibertəhlükəsizlik risklərinin qarşısını almaq, etibarlı mühafizə etmək üçün möhkəm ekosistem qurulub. 

Dövlət başçısının Fərmanı ilə bir neçə gün əvvəl yaradılan yeni qurum - Rəqəmsal İnkişaf Şurası isə milli təhlükəsizliyimizin daha da gücləndirilməsi baxımından olduqca mühüm və vaxtında atılmış addım hesab edilə bilər.

Xəbəri rus dilində oxuyun: Назначение Мехрибан Алиевой - залог достижения стратегических целей 

Şuranın sədri Birinci vitse-prezident Mehriban Əliyevanın təyin edilməsi isə ən düzgün seçim olmaqla, qarşıya qoyulan məqsədlərə maksimum çatmağa imkan verəcək.

Mehriban Əliyevanın Azərbaycanın ictimai, humanitar, sosial sahələrdə dövlət idarəçiliyinin təkmilləşdirilməsində, yeni şəffaf modelin qurulmasında fəaliyyəti hər kəsə məlumdur. Ona görə də Mehriban Əliyevanın Rəqəmsal İnkişaf Şurasının rəhbəri kimi fəaliyyəti Azərbaycanın öz rəqəmsal müstəqilliyini, informasiya təhlükəsizliyi və milli təhlükəsizlik arxitekturasını daha möhkəmləndirəcək.

Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev