Xameneini müvəqqəti əvəzləməyə niyə o seçildi?

xameneini-muveqqeti-evezlemeye-niye-o-secildi
Oxunma sayı: 11682

Məlum olduğu kimi, İranın Ali lideri Əli Xamenei İsrailin endirdiyi hava zərbələri nəticəsində həlak olub.

“Qafqazinfo” xəbər verir ki, Ayətullah Əlirza Ərafi yeni lider seçilənədək onun vəzifəsini müvəqqəti icra edəcək.

Əlirza Ərafi ölkə dini-siyasi sistemində mühüm mövqeyə malik fiqurlardan biri hesab olunur.

1959-cu ildə Meybud şəhərində anadan olan Ərafi dini təhsilini Qumda alıb və uzun illər burada islam hüququ üzrə dərs deyib.

O, İranın dini sistemində rəhbər vəzifələr tutaraq təhsil strukturunun idarə olunması, idarəetmə mexanizmlərinin gücləndirilməsi proseslərində iştirak edib.

Ərafi hazırda Qum şəhərinin cümə imamı kimi fəaliyyət göstərir və ölkənin ali dini-siyasi institutlarından olan Ekspertlər Şurasının üzvüdür.

Əlavə edək ki, sözügedən qurumun əsas səlahiyyəti Ali lideri seçmək və onun fəaliyyətinə nəzarət etməkdir.

O, eyni zamanda Konstitusiyanın Qoruyucuları Şurasında təmsil olunaraq qanunların Konstitusiyaya və şəriətə uyğunluğuna nəzarət prosesində iştirak edib.

Ərafi ölkənin mövcud ideoloji xəttinə sadiq ruhani elitanın nümayəndəsi sayılır. O, dövlət və din institutlarının paralel fəaliyyət modelinin qorunmasını müdafiə edir. Birbaşa hökumət strukturlarında icraedici vəzifə tutmasa da, dini-elmi nüfuzu və strateji qurumlardakı təmsilçiliyi onun ölkə siyasətində təsir imkanlarını artıran əsas faktorlar kimi qiymətləndirilir.